Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın ŞƏT sammitində görüşü, Tyançzin, Çin, 31 avqust 20205 (foto: “Armenpress”)

 

 

Rusiya Ermənistanı neft-qaz məhsullarının və işlənməmiş almazların vergisiz tədarükünü dayandırmaqla təhdid edib. Ermənistanın Baş naziri Nikol Paşinyansa il ərzində ikinci dəfə Moskvaya eyham vurub ki, Rusiya Ermənistanın dəmir yolları üzərində nəzarəti itirə bilər.

Rusiyanın hökumətyönlü “Kommersant” qəzeti yazıb ki, Ermənistan Avropa İttifaqına (Aİ) üzvlük səylərini davam etdirəcəyi təqdirdə Moskva bu ölkəyə neft-qaz məhsullarının və işlənməmiş almazların rüsumsuz tədarükünü dayandıra bilər. Nəşr bu barədə Paşinyan hökumətinə məktub göndərildiyini iddia edib və xəbəri həmin məktubun mayın 25-də əldə etdiyi surətinə istinadən hazırladığını bildirib.

Ermənistan tərəfi isə belə bir məktub almadığını bildirib. Xarici işlər naziri Ararat Mirzoyan  Yerevanın qətiyyən “Ermənistan-Rusiya münasibətlərində gərginlik yaratmaq niyyətinin olmadığını” vurğulayıb.

“OC Media” yazır ki, iddia edilən məktubun Rusiyanın energetika naziri Sergey Sivilyov tərəfindən Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyinə göndərildiyi bildirilir. Nazirlik Ermənistanın dövlət agentliyi “Armenpress”-ə dünənki açıqlamasında belə bir məktubun daxil olmadığını deyib.

2013-cü il sazişinə əsasən, Rusiya Ermənistana neft-qaz məhsullarını və işlənməmiş almazları ixrac rüsumu almadan tədarük etməyə başlamışdı. İddia edilən məktubda isə bu razılaşmanın dayandırılacağı qeyd olunub. Bundan əlavə, bildirilib ki, Ermənistan kompensasiya ödəməli olacaq və ya “ödənilməmiş məbləğləri Rusiyaya dövlət borcu kimi tanımalı olacaq”.

Məktubda ixrac rüsumunun hansı ildən etibarən hesablanacağı aydın deyil, amma məbləğin böyük olacağını təxmin etmək olar.

İddiaya görə, Sivilyov qeyd edib ki, Ermənistanın Aİ-yə qoşulmaq səyləri hələlik əsasən kağız üzərində olsa da, bu, hər iki ölkənin hökumətləri və biznes qurumları arasında onilliklər boyu qarşılıqlı hörmət və fayda prinsipi əsasında qurulmuş tərəfdaşlığın xarakterinə və Rusiya Federasiyasının Ermənistanın kritik ehtiyaclarını güzəştli şərtlərlə təmin etmək üçün dəfələrlə atdığı praktik addımlara uyğun gəlmir.

Mayın 27-də Kremlin sözçüsü Dmitri Peskov iddia edilən təhdiddən xəbəri olmadığını deyib və bunu Rusiyanın dövlətə məxsus “Qazprom” şirkətinə aid “kommersiya məsələsi” adlandırıb.

Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü  Mariya Zaxarova bildirib ki, əgər Ermənistanın Avropa İttifaqına üzvlük prosesi davam edərsə, Moskva neft, qaz və işləniləmiş almaz tədarüküylə bağlı müqavilələri dayandıracaq və ya ləğv edəcək.

Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiya bu ölkəyə qarşı təzyiq kampaniyasını gücləndirib, Qərblə əməkdaşlığı dərinləşdirməsinin mümkün nəticələri barədə ritorik təhdidlərini artırıb.

Ermənistan dəfələrlə bəyan edib ki, Rusiyayla əlaqələri kəsmək niyyətində deyil. Əksinə, həm Qərblə, həm də Rusiyayla yaxın münasibətlər qurmağa çalışır. Buna baxmayaraq Moskva kəskin bəyanatlar verməyə davam edir.

Dünən – mayın 26-da Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirak etməməsini tənqid edib.
Şoyqu yanlış olaraq bildirib ki, Azərbaycanla müharibə günlərində Ermənistan KTMT-dən yardım istəməyib. O vaxt KTMT Ermənistanı müdafiə etmədiyi üçün Yerevan təşkilatda iştirakını dondurub.

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvanın çoxsaylı təhdidləri fonunda və il ərzində artıq ikinci dəfə Moskvaya eyham vurub ki, Rusiya ölkənin dəmiryolları üzərində nəzarətini itirə bilər.

Ermənistan dəmir yolları hazırda konsessiya əsasında “Russian Railways” şirkətinin törəmə qurumu olan “Cənubi Qafqaz Dəmir Yolu” QSC tərəfindən idarə olunur.

Paşinyan dünən seçicilərlə görüş zamanı bildirib ki, ölkənin dəmiryolu şəbəkəsinin idarəetmə modeli dəyişdirilməlidir ki, “Russian Railways” şirkətinə tətbiq edilən beynəlxalq sanksiyalar Ermənistan dəmiryollarına təsir göstərməsin (“Finport.am”).

“Biz hesab edirik ki, Ermənistan dəmiryollarının konsessiya məntiqini mütləq dəyişməliyik. Yeri gəlmişkən, bu yollar 100 faiz Ermənistan Respublikasına məxsusdur. Bu ona görə lazımdır ki, sanksiya maneəsi bizim dəmiryollarımız üçün problemə çevrilməsin” – Paşinyan belə deyib.

O həmçinin qeyd edib ki, Rusiyanın Qərb ölkələriylə “mürəkkəb sanksiya münasibətləri” var və beynəlxalq şirkətlər “qara siyahılar”a düşmək riskindən yayınmağa çalışaraq daha təhlükəsiz marşrutlar axtarırlar.

Fevral ayında Paşinyan Moskvaya təklif etmişdi ki, konsessiya həm Rusiyaya, həm də Ermənistana dost hesab olunan üçüncü bir ölkəyə satılması variantını nəzərdən keçirsin.

 

“Politfm”