foto: “iranintl.com”
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əbülfəzl Zöhrəvənd Azərbaycanın ünvanına ittihamlar səsləndirib.
O deyib ki, Azərbaycanın İrana mənfi münasibəti uzun müddətdir davam edir.
Zöhrəvənd iddia edib ki, İsrail İran əleyhinə fəaliyyətlərində Azərbaycan ərazisindən istifadə edib və Tehran bu məsələyə laqeyd qala bilməz (“Mehr”).
Deputat həmçinin qeyd edib ki, ölkəsinin təhlükəsizliyinə qarşı təhdidlərin qarşısını almaq İranın qanuni hüququdur.
Azərbaycan Milli Məclisinin deputatı, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiyayla mübarizə komitəsinin üzvü Qaya Məmmədov deyib ki, Zöhrəvəndin sözləri Azərbaycan və İran rəhbərliyinin regionda sabitliyin qorunması və ikitərəfli münasibətlərin inkişafı istiqamətində göstərdiyi səylərə ziddir (“Report”).
Məmmədov bu açıqlamanın təxribat xarakterli olduğunu bildirib, İran hökumətini və parlamentini Zöhrəvənd barəsində müvafiq tədbirlər görməyə çağırıb.
O vurğulayıb ki, Azərbaycan hər hansı dövlətə qarşı öz ərazisindən istifadəyə heç vaxt imkan verməyib və verməyəcək.
“Politfm”



