Foto: “Reuters”

 


ABŞ Prezidenti Donald Tramp siyasi təsirini itirmək və “axsaq ördək” vəziyyətinə düşməkdən narahat olduğuna görə Ağ Ev əməkdaşlarıyla söhbətlərində üçüncü dəfə prezident olmaq üçün namizəd olmaq ehtimalını müzakirə edib.

Bu barədə “Reuters” agentliyinə Tramp administrasiyasının keçmiş yüksək vəzifəli üzvü  məlumat verib.

ABŞ siyasi terminologiyasında “axsaq ördək” (“lame duck”) seçilmiş vəzifəli şəxsin hələ səlahiyyət müddəti başa çatmamış siyasi təsirinin nəzərəçarpacaq dərəcədə zəiflədiyi vəziyyəti ifadə edir. Belə siyasətçi formal olaraq hakimiyyətdə qalsa da, dəstəyini itirir və qərarlarının qəbul etdirilməsində çətinliklərlə üzləşir.

Fevral ayında Tramp “NBC News” telekanalına müsahibəsində ikinci prezidentlik müddəti başa çatdıqdan sonra vəzifədə qalmaq planlarının olub-olmaması barədə suala birbaşa cavab verməkdən yayınmışdı.

“Bu maraqlı olardı. Amma sizin gözlədiyiniz cavabı versəydim, bu, dəhşətli olardı. Həyat daha az həyəcanlı, daha az maraqlı olardı” – Tramp onda belə demişdi.
Trampın ikinci prezidentlik müddəti 20 yanvar 2029-cu ildə başa çatır.

ABŞ Konstitusiyasına 22-ci düzəlişə əsasən, bir şəxs iki dəfədən artıq prezident seçilə bilməz. Bu məhdudiyyətin aradan qaldırılması üçün Konqresin hər iki palatasının üzvlərinin üçdə iki hissəsinin razılığı və ən azı 38 ştat tərəfindən ratifikasiya tələb olunur. Alternativ olaraq ştatların üçdə ikisinin təşəbbüsüylə Konstitusiya Konventi çağırıla bilər.

 

“Politfm”