ABŞ senatoru Tim Keyn İran müharibəsiylə bağlı qətnaməni elan etdiyi mətbuat konfransı, 13 aprel 2026 (foto: Anna Monemaker/”Getty Images”)



ABŞ Senatı demokratların prezident Donald Trampın İranla bağlı hərbi səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş qətnaməsini qəbul etməyib. Senatda respublikaçıların çoxluğu təşəbbüsün qarşısını alıb (Reuters).

 

Sənəd Konqresin razılığı olmadan davam edən hərbi əməliyyatları dayandırmağı nəzərdə tuturdu.

Bu, Konqresin müharibə elan etmək səlahiyyətinin bərpa olunmasına və prezidentin hərbi qərarlarının məhdudlaşdırılmasına çalışan demokratların 4-cü uğursuz cəhdidir.

Trampın Ağ Ev və Konqresdəki, demək olar, bütün respublikaçı həmkarları bildirirlər ki, prezidentin qərarları qanunidir və onun baş komandan olaraq ABŞ-ni qorumaq məqsədilə məhdud hərbi əməliyyatlara göstəriş vermək səlahiyyətlərinə uyğundur.

ABŞ-də keçirilən rəy sorğularının nəticələri göstərir ki, müharibə cəmiyyətdə ümumən populyar deyil, amma mövqelər partiya mənsubiyyətinə görə ciddi dərəcədə fərqlənir.

“Reuters/Ipsos” xidmətinin martın 31-də dərc olunmuş sorğu nəticələrinə əsasən, amerikalıların 60%-i ABŞ-nin İrana hərbi zərbələr endirməsini təqdir etmir. Amma rəyi soruşulan respublikaçıların 74%-i bu qərarı dəstəkləyir (demokratların cəmi 7%-i).

Aydaho ştatından olan respublikaçı senator, Senatın Xarici əlaqələr komitəsinin sədri Cim Riş səsvermədən əvvəl çıxış edərək müharibə səlahiyyətlərinin məhdudlaşdırılmasıyla bağlı qətnaməni dəstəkləyənləri İrana dəstək verməkdə ittiham edib.

“Politfm”