Foto: internet
Azərbaycanda qəbir yerlərinin satılmasıyla bağlı müzakirələr uzun müddətdir ki, davam edir. Vətəndaşlar qiymətlərin bahalığından narazılıq edirlər.
Nazirlər Kabinetinin 2018-ci ildə təsdiq etdiyi “Qəbristanlıqların salınması və idarə olunması Qaydaları”na görə, qəbir yerləri pulsuz olmalıdır – 17-ci bəndində qeyd edilib ki, “Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır”.
Nazirlər Kabinetinin qərarına və Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin məlumatına görə, yalnız dəfn xidmətləri üçün rəsmi rüsum tələb edilir. Müsəlmanlar üçün bu rüsumun məbləği 63 manat, qeyri-müsəlmanlar üçünsə 79 manat (fərq tabutla dəfn və digər xidmətlərlə bağlıdır) təşkil edir. Kimsəsiz şəxslər üçün xidmət pulsuzdur.
Bakıda bir çox qəbiristanlıq bələdiyyələrin balansına verilib. Məzarlıqlara rəhbər təyin etmək, qəbir yerlərinin sıralanması, dəfn və dəfnlə bağlı digər işləri bələdiyyələr həyata keçirir.
Bakı və ətrafındakı qəbiristanlıqlarda yerlər məhdud, tələbsə çox olduğu üçün qiymətlər kəskin şəkildə fərqlənir.
Məsələn, “Qurd qapısı” nda qəbir yerləri 3000-4000 manat, Badamdarda 1000-3000 manat, Yasamalda 5000-7000 manat, Zabrat-Maştağada 500-1000 manat, Günəşlidə 1000-4000 manat, Hövsan-Bülbülədə 150-500 manat arası dəyişir. Elə ərazilər də var ki, qəbir yerləri birotaqlı mənzil qiymətinə satılır.
Digər ölkələrdə qayda necədir?
Qəbir yerlərinin pulla satılması praktikası başqa bir neçə ölkədə də var. Amma həmin ölkələrdə bu, qanunla təsbit olunub və ödənişlər dövlət büdcəsinə yönləndirilir.
Məsələn, Snqapurda torpaq qıtlığı o qədər ciddi problemdir ki, hər bir cəsəd qəbirdə 15 il saxlanılır, sonra qalıqlar çıxarıb yandırılır və həmin yer növbəti dəfn üçün ayrılır.
Türkiyədə bələdiyyələr qəbir yerini rəsmi şəkildə koteqoriyalara bölərək satırlar. İstambulda qəbir yerlərinin qiyməti 5000-50000 tl arasında dəyişir.
Yaponiyada da torpaq azlığı problem var. Bu ölkədə qəbir yerlərinin qiyməti 20000-40000 dollar arasındadır.
Almaniya, Fransa kimi ölkələrdə qəbir yerləri 15-20 illiyə icarəyə verilir, qiyməti təxminən 1000-3000 dollar arası dəyişir.
ABŞ-də qiymətlər ştata görə dəyişir, 1000-5000 dollar aralığında olur.
Qəbirsatanlar niyə cəzalndırılmır?
Azərbaycanda qəbir alveri böyük biznesə çevrilib və bu pullar büdcəyə yox, ayrı-ayrı şəxslərin cibinə gedir. Nəticədə zərbə sadə vətəndaşlara dəyir. Onsuz da hüzr mərəasimi üçün müəyyən məbləğ xərcləməli olan ailələr əlavə olaraq qəbir yeri üçün də pul ödəməli olurlar.
Əslində, bu problemi həll etmək çətin deyil: qanunu pozanları – ölülərdən pul qazanan diriləri cəzalandırmaq kifayət edər. Azərbaycan qanunvericiliyi qəbir yerlərinin satılmasını korrupsiya, səlahiyyətlərdən sui-istifadə və ya dələduzluq kimi qiymətləndirməyə imkan verir.
Hüquq-mühafizə orqanlarının asanlıqla tətbiq edə biləcəyi ən uyğun maddə vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cazalandırmadır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsində buna görə 2000–4000 manat cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Əlavə olaraq şəxs vəzifə tutma hüququndan məhrum da edilə bilər.
Qəbirsatan vəzifəliləri rüşvət almağa görə də məsuliyyətə cəlb etmək olar, çünki rəsmi qaydada pulsuz olan qəbir yerlərinin qeyri-rəsmi ödəniş müqabilində verilməsi cinayət əməlidir. Cinayət Məcəlləsinin 311-ci maddəsində buna görə 4 ildən 12 ilədək azadlıqdan məhrumetmə (ağır hallarda daha yüksək) cəzası nəzərdə tutulub.
178-ci maddədə isə şəxsə (bu halda qəbiri pulla alana) dəyən ziyanın məbləğindən asılı olaraq qəbirsatanlara 2 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası düşür.
“Politfm”



