Hörmüz boğazında neft daşımaları dayandırıldığı üçün Çin Qingdao Liman Neft Terminalında idxal neftini saxlamaq üçün çənlər yerləşdirir (foto: “Getty Images”)
Bu gün – aprelin 13-də neft qiymətləri 7%-dən çox artaraq yenidən bir barel üçün 100 dollar həddini keçib. Səbəb ABŞ Prezidenti Donald Trampın İran limanlarının blokadaya alınması barədə göstəriş verməsidir (“Reuters”).
Qlobal etalon sayılan “Brent” markalı neftin qiyməti bir barel üçün 102,30 dollara qədər yüksəlib, “West Texas Intermediate” (WTI) markalı neftin qiyməti isə 8,7% artaraq 104,94 dollara çatıb.
Bundan əvvəl, aprelin 9-da ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşması əldə olunduqdan sonra neftin qiyməti dərhal 100 dollar dan aşağı düşmüşdü. Həmin razılaşma qlobal neft və qaz tədarükü üçün əsas marşrut olan Hörmüz boğazının açılmasını da nəzərdə tuturdu. Lakin danışıqların iflası qlobal enerji böhranının daha da dərinləşə biləcəyilə bağlı narahatlıqları yenidən artırıb.
Dünya enerji tədarükünün təxminən beşdə birinin keçdiyi Hörmüz boğazı İranın bu marşrutdan istifadə edən gəmilərə hücum edə biləcəyilə bağlı təhdidlərindən sonra münaqişənin əsas ocaqlarından birinə çevrilib.
ABŞ və İsrailin fevralın 28-dən etibarən İrana hava zərbələri endirməyə başlayandan sonra bu marşrut üzrə daşımalar, demək olar ki, dayanıb. Bu isə qlobal enerji qiymətlərinin kəskin artmasına, eyni zamanda istehlak xərclərinin yüksəlməsinə, xüsusilə də benzin və dizel yanacağının bahalaşmasına səbəb olub.
Bununla belə, İran neft ixracını davam etdirir. Dəniz analitikası ilə məşğul olan “Windward” şirkətinin məlumatına görə, İranın əsas ixrac nöqtəsi olan Xarq adasından martın 1-dən etibarən 58 milyon bareldən çox neft daşınıb və bu həcmin 90%-dən çoxu Çinə göndərilib.
Vaşinqtonla Tehran arasında sülh danışıqlarında razılaşma əldə edilməməsindən qəzəblənən Tramp dünən – aprelin 12-də bəyan edib ki, ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına daxil olan və ya onu tərk etməyə çalışan bütün gəmilərin blokadaya alınması prosesinə başlayacaq.
Daha sonra ABŞ Mərkəzi Komandanlığı (CETCOM) açıqlayıb ki, bazar ertəsi yerli vaxtla saat 10:00-dan etibarən İran limanlarına və sahil zonalarına daxil olan və oradan çıxan bütün gəmilər bloklanacaq. Eyni zamanda, bildirilib ki, blokada İran limanlarına yönəlməyən gəmilərə şamil olunmayacaq.
İran Silahlı Qüvvələrinin Birləşmiş Komandanlığı (SEPAH) isə ABŞ-nin beynəlxalq sularda gəmilərə qoyduğu məhdudiyyətləri “qanunsuzluq və quldurluq” kimi qiymətləndirib.
Tehran həmçinin ABŞ-nin təhdidlərinə cavab olaraq Hörmüz boğazı üzərində “daimi nəzarət mexanizmi” tətbiq edəcəyini bəyan edib.
Çin tərəfləri təmkinə dəvət edib. Ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Hörmüz boğazı beynəlxalq ticarət və enerji daşımaları üçün mühüm marşrutdur və onun təhlükəsizliyi, sabitliyi və fasiləsiz fəaliyyəti beynəlxalq ictimaiyyətin ümumi maraqlarına uyğundur.
“Capital Economics” şirkətinin baş iqtisadçısı Nil Şirinqin fikrincə, Trampın tətbiq etdiyi blokada Pekinə təzyiq göstərmək məqsədi güdə bilər ki, Çin atəşkəsin əldə olunmasına daha fəal vasitəçilik etsin və regionda ticarət axınları bərpa olunsun.
Avropa fond bazarları həftəyə enişlə başlayıb. Böyük Britaniyada “FTSE 100” indeksi 0,5%, Fransada CAC və Almaniyada DAX indeksləri isə təxminən 1% geriləyib.
Asiyada da əsas fond indeksləri enişlə bağlanıb: Yaponiyanın “Nikkei 225” indeksi 0,7%, Cənubi Koreyanın “Kospi” indeksi isə 0,9% azalıb.
Asiya ölkələri bu müharibənin təsirlərindən daha çox zərər görürlər, çünki onların əksəriyyəti Yaxın Şərqdən idxal olunan neftdən ciddi şəkildə asılıdırlar.
“Politfm”



