Sızran neft emalı zavodunun ərazisindən hücumdan sonra tüstü qalxır; Samara vilayəti, Rusiya, 15 sentyabr 2026 (foto: “Exilenovo+”)

 

 

ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiyanın bir-birinin enerji obyektlərinə zərbə endirməməklə bağlı razılığa gəldiklərini bildirib. Kiyev bunu Moskvanın şərtə əməl edəcəyi təqdirdə mümkün sayır, Kreml belə bir razılaşmanın əldə olunduğunu hələ ki rəsmən təsdiqləməyib.

Rusiyanın zərbələri

Sentyabrın 13-dən 14-nə keçən gecə Rusiya Ukraynaya 108 zərbə və imitasiya dronu buraxıb. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, “Shahed”lər, onların reaktiv modifikasiyaları, “Gerbera” və “Parodiya” tipli aparatların 85-i vurulub və ya radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirilib. Yeddi ərazidə dronunun hədəfə dəydiyi qeydə alınıb (Ukrayna HHQ-nin məlumatı).

Kiyevə səhər hücumunda yaralananlar olub. Mer Vitali Kliçko onlardan birinin xəstəxanada vəfat etdiyini açıqlayıb. Daha əvvəl o bildirmişdi ki, Rusiya qüvvələri paytaxtın iki rayonundakı yanacaqdoldurma məntəqələrinə hücum edib, iki nəfər yaralanıb. Xilasedicilərin məlumatına görə, günün əvvəlindən Kiyevdə yaralananların sayı səkkiz nəfərə çatıb.

Ukrayna Energetika Nazirliyi hücumlar və cəbhəyanı atəş nəticəsində Dnepropetrovsk, Zaporojye, Xarkov və Sumı vilayətlərində istehlakçıların bir hissəsinin elektriksiz qaldığını açıqlayıb. Sumı vilayətində enerji işçilərini daşıyan xidmət avtomobilinə dronla zərbə endirilib: bir əməkdaş həlak olub, digəri yaralanıb. Təmir briqadaları təhlükəsizlik şəraitinin imkan verdiyi ərazilərdə enerji təchizatını bərpa etməyə çalışır (Ukrayna hökumətinin rəsmi məlumatı).

Çerniqov vilayətinin Priluki şəhərində kənd təsərrüfatı müəssisəsinin anbarlarına zərbə nəticəsində üç nəfər ölüb, yeddi nəfər yaralanıb. Odessada isə ölkənin iri dərman distribütorlarından birinin anbarı vurulub, obyektdə yanğın başlayıb. İlkin məlumata görə, insan itkisi olmayıb. Bu, sentyabrın əvvəlindən Ukraynanın əczaçılıq-logistika infrastrukturuna dördüncü zərbədir.

Ukraynanın zərbələri 

“Exilenova+” monitorinq kanalı hadisə yerlərindən foto və videolar dərc edib. Görüntülərdə yanğın və tüstü əks olunsa da, vurulan müəssisələr və zərərin miqyası barədə məlumatların heç də hamısı müstəqil şəkildə təsdiqlənməyib.

Samara vilayətinin Sızran şəhərində “Rosneft”ə məxsus neft email zavodunun ərazisində bir neçə yanğın ocağının yarandığı bildirilir. “Exilenova+”-in ilkin məlumatına görə, sənaye zonasında neft məhsullarının saxlandığı çənlər yanıb. Kanal hücum anını, gecə baş verən yanğınları və zavodun səhər çəkilmiş görüntülərini yayıb. Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişşev regiondakı sənaye müəssisələrindən birinin zədələndiyini təsdiqləsə də, obyektin adını açıqlamayıb (SOTA).

Volqoqrad vilayətinin Mixaylovka şəhərində yerləşən iri sement zavodunun ərazisində partlayış və yanğın qeydə alınıb. Kanalın yaydığı kadrlarda müəssisənin üzərində sıx tüstü görünür. OSINT təhlilində zərbənin 5 nömrəli sement sobasının yaxınlığına düşdüyü iddia edilir. Yerli sosial şəbəkələrdə ölənlərin olduğu barədə məlumatlar yayılsa da, bu iddia rəsmən təsdiqlənməyib (OBOZ.UA).

“Exilenova+” raket zərbələrinin hədəflərindən birinin Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksi olduğunu yazır. Burada Rusiya hərbi təyyarələrinin təmiri və modernləşdirilməsi həyata keçirilir. Kanal NASA FIRMS məlumatlarında müəssisənin və keçmiş “TagAZ” zavodunun yerləşdiyi ərazidə böyük istilik mənbəyinin göründüyünü bildirib. Həmin ərazidə “Molniya” pilotsuz aparatlarının istehsalı və saxlanması üçün istifadə olunduğu iddia edilir.

Rostov vilayətinin qubernatoru Yuri Slyusar Taqanroqa kütləvi raket hücumunu və şəhərdə bir neçə yerdə yanğın başladığını təsdiqləyib, amma Beriyev müəssisəsinin vurulduğunu açıqlamayıb. İlkin məlumata əsasən, yaşayış evləri, təhsil və ticarət obyektləri, qaz xətti və anbarlar zədələnib ölən və yaralanan yoxdur (RBC).

Kanal son günlər vurulduğu bildirilən digər müəssisələr barədə peyk görüntüləri və əlavə təhlillər də yayıb. Sentyabrın 11-də Perm diyarındakı “Metafrax Chemicals” zavodunun on PUA ilə vurulduğu; formalin, pentaeritrit, karbamid və urotropin istehsalı qurğularının, həmçinin elektrik yarımstansiyasının zədələndiyi iddia olunur. Sentyabrın 12-də isə Samara vilayətindəki “Tolyattikauchuk” zavodunun BK-2, BK-3 və BK-4 istehsal sahələrində yanğın baş verdiyi bildirilir. Konkret qurğulara dəyən ziyan barədə məlumatlar hələ yalnız monitorinq kanalları və OSINT təhlillərinə əsaslanır.

Tatarıstanın Nijnekamsk şəhərində – iri neft emalı və sənaye müəssisələrinin yerləşdiyi ərazidə dron hücumu zamanı iki nəfər həlak olub, 14 nəfər yaralanıb. Yerli hakimiyyət müəssisələrdən birində yanğın baş verdiyini açıqlasa da, vurulan obyektin adını çəkməyib.

Ukrayna hərbi kəşfiyyatı Krasnodar diyarındakı Slavyansk-na-Kubani neft emalı zavodunun əsas emal qurğusunun və çənlər parkının vurulduğunu bildirib. Rusiya rəsmiləri adı açıqlanmayan müəssisədə neft kəmərinin zədələndiyini və üç nəfərin yaralandığını təsdiqləyiblər. Rusiya Müdafiə Nazirliyi həmin gecə 389 Ukrayna dronunun vurulduğunu iddia edib (AP).

Ukrayna Baş Qərargahı həmçinin Soçidə S-400 hava hücumundan müdafiə sisteminə aid 92N6 radarının, Kurskda və işğal altındakı Donetskdə dronların saxlanıldığı və buraxılışa hazırlandığı məntəqələrin vurulduğunu açıqlayıb. Bryansk vilayətində radar və rabitə retranslyatorlarının, Krımdakı Saki aerodromu yaxınlığında isə radionaviqasiya sisteminin hədəf alındığı bildirilir. Zərərin miqyası barədə məlumat yoxdur (Ukrayna Baş Qərargahının açıqlaması).

“Enerji atəşkəsi” təsdiqlənməyib

Donald Tramp sentyabrın 14-də sosial şəbəkədə Ukrayna və Rusiyanın bir-birinin enerji obyektlərini vurmamağa razılaşdığını yazıb. O, razılaşmanın müddəti, əhatə etdiyi obyektlər və icrasına nəzarət mexanizmi barədə məlumat verməyib.

Ukrayna Prezidenti Volodimir Zelenski belə bir razılaşma əldə olunduğunu tam təsdiqləməyib. O qeyd edib ki, tərəfdaşlar Ukraynanın elektrik şəbəkəsinə, digər enerji və kritik infrastrukturuna, eləcə də ərzaq daşınan marşrutlara Rusiyanın zərbə endirməyəcəyinə real təminat versələr, Kiyev də Rusiya ərazisindəki uyğun obyektlərə hücumları dayandırmağa hazırdır. Zelenski tərəfdaşlardan konkret təklif gözlədiyini deyib.

Kremlin sözçüsü Dmitri Peskov Trampın Ukraynanı Rusiya neft emalı və dizel infrastrukturuna zərbələri dayandırmağa çağırmasını alqışlayıb. Amma o, Moskvanın Ukraynanın enerji obyektlərinə zərbələri qarşılıqlı şəkildə dayandırıb-dayandırmayacağı barədə suala cavab verməyib (AP).

“Politfm”