Foto: Sİ

 

 

“The New York Times” nəşri rəsmilərə isrinadən yazmışdı ki, ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Moskvaya qəfil səfəri zamanı Rusiya tərəfinə Ukraynadakı müharibənin hərbi və iqtisadi perspektivinə dair bədbin qiymətləndirmə təqdim edib və vəziyyət daha da pisləşməmiş Ukraynayla danışıqlara başlamağa çağırıb.

“Politfm”  Ukraynadakı müharibəni bitirəcək mümkün ssenariləri bu məlumatın fonunda analiz edib.

Rəsmilərin dedikləri doğrudursa, demək ki, səfərin məqsədi NATO ölkələrini Rusiyanın hücumundan qorumaqdan daha geniş olub. Baltik ölkələrinə hücum təhlükəsinin müzakirəsi həm Putini belə addımlardan çəkindirməyə hesablan, həm də Trampın Ukraynayla dialoq təklifinə mümkün rədd cavabının icitmailəşməməsinə xidmət edib.

Retkliff Putini nəyə inandırmağa çalışıb?

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin analitikləri uzun müddətdir Putinin müharibənin real gedişi və itkilər barədə dürüst məlumat alıb-almadığını bilməyə şalışırlar. Bu baxımdan Retkliffin Moskvaya ilk növbədə Rusiya prezidentinə “real vəziyyətin analizini” təqdim etmək üçün getməsi ağlabatan versiyadır. Məlumata görə, o, Rusiyanın Ukrayna müharibəsində ağır itkilər verdiyini, cəbhədə irəliləyişin dayandığını və ölkə iqtisadiyyyatının uzunmüddətli müharibə şəraitinə dayanıqlı olmadığını söyləyib.
Amma müharibənin bitməsi üçün Putinin sadəcə “həqiqəti öyrənməsi” kifayət deyil. Onun hesablamasında üç dəyişiklik eyni vaxtda baş verməlidir.

Birincisi, Rusiyanın nə yeni ərazi, nə də əlavə siyasi qazanc əldə edə biləcəyinə inam yaranmalıdır. İkincisi, müharibəni davam etdirməyin iqtisadi və hərbi zərərləri qaçılmaz olmalıdır. Üçüncüsü, kompromis Putin rejimi üçün siyasi intihar kimi görünməməlidir.
Yəni həm məcbur etmək, həm də çıxış yolu hazırlamaq lazımdır.

Retkliffin səfəri bu üç elementdən yalnız ikisinə toxunub: o, Rusiyanın real vəziyyəti ilə bağlı analiz təqdim edib, Kremlə simasını itirmədən danışıqlara keçmək imkanı yaradıb. Amma onun Putinə ultimatum və ya hər hansı mexanizm təklifi çatdırmadığı bildirilir.
“Yükü” bu qədər olan missiya danışıqların qapısını aça bilər, amma Putini həmin qapıdan keçməyə məcbur etməz.

Belə görünür ki, Tramp Putinə müharibənin Rusiya üçün getdikcə daha baha başa gəldiyini anlatmağa çalışır. Putinsə Trampa vaxtın onun əleyhinə işlədiyi mesajını göndərmiş ola bilər.
Başqa sözlə, Retkliff Moskvaya Putinə sonun yaxınlaşdığını deməyə gedib. Geri əliboş qayıtmağından anlaşılır ki, Putinin cavabı “hələ yox” olub.
Görünən odur ki, bu qarşıdurmada əsas məsələ daha güclü olmaq yox, daha çox gözləyə bilməkdir.

Trampın vaxtı azalır, Putinin isə gözləmək imkanı var

ABŞ-də aralıq seçkiləri noyabrın 3-də keçiriləcək. Respublikaçılar Partiyasının Konqresə nəzarəti qoruyub saxlaması Trampın reytinqdən və qərarlarının populyarlığından asılı olacaq.
“Reuters/Ipsos” sorğusunun nəticələri göstərir ki, Trampın fəaliyyətini bəyənənlərin payı 33 faizə düşüb. İran müharibəsinin dalana dirənməsi, Qəzza və Ukrayna üzrə danışıqların nəticə verməməsi “sülh yaradan prezident” imicini zədələyir. Doğrudur, amerikalı seçicilər üçün əsas məsələ Tramp hökumətinin iqtisadi siyasətidir, amma İran müharibəsinin yanacaq qiymətlərinə, inflyasiyaya və ABŞ-nin resurslarına təsiri xarici siyasəti ölkənin daxili məsələsinə çevirir.

Bu baxımdan Trampın seçkilərə qədər Ukrayna müharibəsində, heç olmasa, atəşkəsə nail olmaq istəməsi anlaşılandır. Ona yekun sülh müqaviləsindən daha çox, televiziyada göstərilə bilən nəticə lazımdır: görüş, razılaşma, atəşkəs və “Mən bu müharibəni dayandırdım” bəyanı.

Problem ondadır ki, Vaşinqtonun təqvimi Moskva üçün əlavə təsir vasitəsinə çevrilir, çünki vaxt problem olan tərəf həm də güzəştə meylli tərəfdir. Trampın noyabrın 3-dək nəticəyə ehtiyacı olduğunu bilən Putin üçün razılaşmanı sürətləndirmək yox, ləngitmək üçün daha çox səbəb yaranır. Hər ötən həftə Trampın siyasi ehtiyaclarını artırır, Kremlin tələb edə biləcəyi qiyməti yüksəldir.

Bundan başqa, ABŞ kəşfiyyatının məlumatına görə, Putin İran müharibəsi, silah ehtiyatlarının azalması və Vaşinqtonun diqqətinin parçalanması səbəbindən Amerikanın zəiflədiyini düşünür. Ukrayna müharibəsində mümkün eskalasiyanın Trampı Ukraynaya daha çox yaxınlaşdıracağı mesajını Rusiyaya çatdırmaq zərurəti, ola bilsin, həm də bundan yaranıb.

Trampın çarəsizliyi ABŞ-nin vasitəsiz qalmasından yaranmır. Vaşinqtonun silah, kəşfiyyat, sanksiya, maliyyə və diplomatik təsir imkanları böyükdür. Çarəsizlik həmin vasitələrin hamısının siyasi bədəlinin olmasından qaynaqlanır. Putini atəşkəs məcbur etmək üçün Ukraynaya uzunmüddətli hərbi dəstək, Rusiyaya qarşı davamlı iqtisadi təzyiq və yerinə yetirilməyən ultimatumların arxasınca real addımlar tələb olunur. Tramp isə Moskva ilə münasibətləri normallaşdırmaq, xarici öhdəlikləri azaltmaq və sürətli razılaşmaya nail olmaq istəyir.

Putin müharibəni dayandıra bilmir, yoxsa dayandırmaq istəmir?

Putinin müharibənin əvvəlində elan etdiyi məqsədlərini həyata keçirə bilməyib – Kiyey ələ keçirilməyib, Ukrayna dövləti dağılmayıb, NATO zəifləmək əvəzinə yeni üzvlər qəbul edib.
Müharibə davam etdikcə, Kreml məqsədləri dəyişdirə, itkiləri gizlədə və hər yeni uğursuzluğu gələcək qələbəyə aparan mərhələ kimi təqdim edə bilir. Müharibə dayanandan sonra isə cəmiyyətdə “Bütün bunlar nəyə görə idi” sualı yaranacaq.

Bundan başqa, Rusiya iqtisadiyyatının və elitasının mühüm hissəsi müharibəyə uyğunlaşdırılıb. Müdafiə sifarişləri, büdcə axınları, regionlara ödənilən hərbi mükafatlar, təhlükəsizlik qurumlarının artan nüfuzu və sanksiyalar hesabına bölüşdürülən aktivlər yeni maraq qrupları yaradıb. Sülh razılaşması pul axınlarının yenidən bölüşdürülməsi, yüz minlərlə silahlı insanın cəmiyyətə qaytarılması və elita daxilində yeni mübarizə deməkdir.

Rusiya iqtisadiyyatı ciddi təzyiq altındadır. Rusiya Mərkəzi Bankı 2026-cı il üçün iqtisadi artım proqnozunu 0-1 faizə endirib, inflyasiyanı 6-7 faiz, əsas faiz dərəcəsini isə 14 faiz səviyyəsində göstərib. Bununla belə,m üdafiə müəssisələri istehsalı davam etdirir, rejim elitanı itkilərdən qorumağa çalışır və iqtisadi narazılığın siyasi təzyiqə çevrilməsinin qarşısını alır.

Ona görə də “Rusiya iqtisadiyyatı zəifləyir, deməli, Putin sülhə razılaşacaq” qənaəti həddindən artıq sadədir. İqtisadi çətinliklər müharibənin qiymətini artırır, amma Putinin məğlubiyyət kimi görünəcək sülhdən qorxusunu azaltmır. Strateji baxımdan zərərli olan müharibəni davam etdirmək şəxsi hakimiyyətini qorumaq baxımından ona daha rasional görünür. Putin Rusiyanın gələcəyini məhv etmək bahasına müharibədə qalib görünməyə çalışır.

Putin reallıq hissini itiribmi?

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin analitiklərinin Putinə itkilər və cəbhədəki vəziyyət barədə dürüst məlumat verilmədiyindən şübhələnməsi mühüm siqnaldır. Avtoritar sistemlərdə aşağı pillələr rəhbərin eşitmək istəmədiyi məlumatları süzgəcdən keçirir.

Amma Putinin davranışını yalnız reallıq hissinin itirilməsilə izah etmək də doğru olmaz. O, Trampın aralıq seçkilərə görə tələsdiyini, ABŞ-nin İran müharibəsi ilə məşğul olduğunu, Qərbin silah ehtiyatlarının azaldığını, Avropada siyasi fikir ayrılıqlarının davam etdiyini və Ukraynanın hava hücumundan müdafiə vasitələrinə ehtiyac duyduğunu görür. Bu durumda daha bir neçə ay gözləməyin Rusiyanın mövqeyini yaxşılaşdıracağına inanmaq onun baxış bucağından tamanən irrasional deyil.

Əsl təhlükə Putinin artıq heç nə anlamaması yox, daralmış informasiya mühitində seçici şəkildə rasional davranmasıdır: o, Rusiyanın uzunmüddətli zəifləməsini ikinci dərəcəli məsələ sayır, amma Trampın seçki təqvimini və Qərbin tərəddüdlərini diqqətlə hesablayır.
Bu baxımdan Retkliffin əsas missiyası Putinə ondan gizlədilən rəqəmləri çatdırmaq ola bilərdi. Amma həmin məlumatın arxasında konkret təzyiq mexanizmləri yoxdursa, Putin bunu obyektiv xəbərdarlıq kimi yox, Vaşinqtonun danışıqlar taktikası olaraq görə və rədd edə bilər.

Müharibə hansı ssenarilərlə bitə bilər?

Yaxın perspektivdə dörd əsas ssenari mümkün görünür.

Birinci ssenari ABŞ-dəki aralıq seçkiləri ərəfəsində taktiki atəşkəsdir. Tramp bunu sülh kimi təqdim edə, Putin isə Rusiya ordusunu bərpa etmək imkanı qazana bilər. Ukrayna üçün fasilə yaranar, əsirləri dəyişmək asanlaşar, mülki infrastruktura hücumlar dayanar.
Amma etibarlı təhlükəsizlik təminatları, müşahidə mexanizmi və atəşkəsin pozulmasına görə əvvəlcədən müəyyənləşdirilmiş cəzalar olmayan razılşama siyasi baxımdan ən cəlbedici, strateji baxımdansa ən aldadıcı variantdır.

İkinci ssenari silahlı və təminatlı barışıqdır. Bunun üçün Rusiya cəbhədə əlavə qazanc əldə edə bilməyəcəyinə, Ukrayna isə itirilmiş əraziləri yaxın müddətdə hərbi yolla qaytara bilməyəcəyinə əmin olmalıdır. Ərazi məsələsi həll olunmadan saxlanıla, Ukraynaya uzunmüddətli silah və təhlükəsizlik təminatları verilə, sanksiyaların ləğvi mərhələli və şərtli şəkildə həyata keşirilə, atəşkəsin pozulması isə avtomatik nəticələr doğura bilər. Bu, ədalətli sülh olmasa da, davamlı atəşkəs üçün ən real variantdır.

Üçüncü və indiki vəziyyətdə ən yüksək ehtimallı ssenari uzunmüddətli aşınma müharibəsidir. Putin Trampın seçki gündəliyinin bitməsini gözləyər, yeni qüvvələr toplamağa çalışar. Ukrayna Rusiyanın enerji, logistika və hərbi infrastrukturuna uzaqmənzilli zərbələri artırar. Tərəflərdən heç biri strateji qələbə qazanmaz, amma hər ikisi güzəştə getməyin döyüşməkdən daha təhlükəli olduğuna inanmağa davam edər.

Dördüncü ssenari Rusiyada siyasi sarsıntı və ya hakimiyyət dəyişikliyidir. İqtisadi böhran, böyük hərbi uğursuzluq və ya elita daxilində parçalanma müharibənin məqsədlərinin yenidən nəzərdən keçirilməsinə gətirə bilər. Amma bu, reallıq dərəcəsi əvvəlcədən hesablanması çətin olan, nəticələri idarə olunmayan ssenaridir. Qərbin məhz bu ehtimala – Rusiyanın qəfil dağılacağı ümidinə əsasən taktika seçməsi təhlükəli olardı.

Rusiyanın NATO ərazisində mümkün təxribatları isə bütün hesablamaları alt-üst edən ssenaridir. Belə təxribatlar NATO ölkələrəni səfərbər edib Rusiyanın vəziyyətini ağırlaşdıra da bilər, ABŞ tərəddüd edəcəyi halda alyansın daxilində dərin parçalanma yarada da.
İndiki qeyri-müəyyənlik bu variantı Putin üçün həm son dərəcə cazibəli təcrübəyə, həm də son dərəcə riskli qumara çevirir.

“Politfm”