Foto: “Mediamax”


Ermənistanın sabiq prezidenti, “Ermənistan” müxalif blokunun lideri, Rusiya yönümlü siyasətçi kimi tanınan Robert Koçaryan deyib ki, Vladimir Putinin 7 iyunda Ermənistanda keçiriləcək parlament seçkiləriylə bağlı səsləndirdiyi fikirləri ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirmir (“Jam-news”).

Putin Moskvada Nikol Paşinyanla son görüşü zamanı demişdi ki, Ermənistanın daxili siyasi proseslərində Rusiya yönümlü siyasi partiyaların və siyasətçilərin də iştirak edə bilməsini çox istərdi. Putin onlardan bəzilərinin həbsdə və Rusiya pasportuna malik olduqlarını xatırlatmışdı.

Robert Koçaryan Putinin sözlərində yalnız “səbəb-nəticə əlaqəsi” gördüyünü deyib:

“Ermənistanın xarici işlər nazirinin Brüsselə səfəri, Rusiyaya qarşı hibrid müharibəylə bağlı deyilənlər və Avropa İttifaqı missiyasının İrəvana səfəri olmasaydı, Rusiya prezidenti bu mövzunu açmazdı. Bu mövzunu Ermənistan hakimiyyəti özü aktuallaşdırır. Rusiyanın gözünün qarşısında Moldova nümunəsi var. Ermənistan da eyni yolu gedir və bunu gizlətmir”.

Koçaryanın fikrincə, Ermənistan hakimiyyəti Rusiyayla münasibətlərin yaxşılaşdırılmasını müdafiə edən qüvvələri neytrallaşdırmağa çalışır, Putinsə erməni xalqına sərbəst seçim imkanı verilməsinin vacibliyindən danışıb.

Eyni mövzuda Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da danışıb. O qdeyib ki, Moskva Rusiya yönümlü qüvvələrin iyunda keçiriləcək parlament seçkilərində sərbəst iştirak edə biləcəyinə ümid edir. Eyni zamanda, Zaxarova Ermənistanın Seçki Məcəlləsinə edilən yeni dəyişiklikləri tənqid edib və əlavə edib ki, “Rusiya Ermənistanın daxili siyasətinə müdaxilə etmir”.

“Politfm”