Foto: internet
Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağın Azərbaycan ərazisi kimi tanınması məsələsinin Putinlə Paşinyan arasında müzakirəsinə görə Rusiya rəhbərliyinə etirazını bildirib.
“Bir daha Rusiya tərəfinin nəzərinə çatdırırıq ki, Azərbaycanın suverenliyinə aid məsələlər Ermənistanla ictimai müzakirə mövzusu ola bilməz” – nazirliyin bəyanatında belə deyilir.
Ötən həftə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada görüşüblər. Görüşdə Qarabağı Azərbaycan ərazisi olaraq bu iki ölkədən birinci hansının tanındığı barədə polemika olub.
Daha sonra Putinin mətbuat katibi Dmitriy Peskov Rusiyanın “Vesti” kanalına müsahibəsində “Qarabağı ilk kim – Rusiya, yoxsa Ermənistan tanıyıb” mövzusunu yenidən müzakirə edib.
XİN-in bəyanatında həmçinin qeyd olunur ki, “Heç bir ölkə, o cümlədən Rusiya Federasiyası Azərbaycan Respublikasının ərazi bütövlüyünü heç vaxt şübhə altına almayıb. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması heç bir dövlətin qərarına əsaslanmır; tarixi, beynəlxalq hüququ və ədaləti əks etdirir. Bu, 2020-ci ilin 44 günlük müharibəsinin nəticələri və 2023-cü ildəki antiterror əməliyyatıyla bir daha təsdiqlənib və qəti şəkildə müəyyən edilib”.
Bəyanatda vurğulanır ki, Bakının bu mövqeyi diplomatik kanallar vasitəsilə Rusiya hakimiyyətinin bütün strukturlarına çatdırılıb: Qarabağ məsələsinin siyasi spekulyasiyalarda istifadə olunması qəbuledilməzdir.
“Politfm”



