Foto: “YTJmodels” 


“The Wall Street Journal” (WSJ) nəşrinin dünən, martin 26-da Pentaqondakı mənbələrə istinadən verdiyi xəbərə görə, Pentaqon Yaxın Şərqə 10 minədək əlavə quru qoşunları göndərməyi nəzərdən keçirir. Bu təklif ABŞ-ın regiondakı Mərkəzi Komandanlığının (CENTCOM) tələbi əsasında hazırlanıb.

WSJ-nin xəbəri göstərir ki, Vaşinqton Yaxın Şərqdəki hərbi strategiyasında kəskin “re-mobilizasiya” dövrünə qədəm qoyur. Yaxın Şərqdə artan gərginlik fonunda Pentaqonun yeni planı sadəcə hərbi yerdəyişmə sayıla bilməz. Bu, ABŞ Prezidenti Donald Trampın masasındakı “sərt güc” variantlarını genişləndirməyə hesablanmış tələbdir.

Qoşunların tərkibi və missiyası

Göndərilməsi nəzərdən keçirilən 10 minlik qüvvə yalnız piyadalardan ibarət deyil. Bura həmçinin daxildir:

– Hava Hücumundan Müdafiə (HHM) bölmələri. “Patriot” və THAAD batareyalarının sayını artırmaqla İranın ballistik raket və PUA (dron) hücumlarına qarşı “qalxan” yaratmaq üçün;

– mühəndis və logistika briqadaları. Mümkün hərbi əməliyyatlar zamanı operativ baza qurmaq və təchizat zəncirini qorumaq üçün;

– Xüsusi Təyinatlı Qüvvələr. Regiondakı strateji hədəflərə qarşı “nöqtə zərbələri” endirmək imkanını artırmaq üçün.

Bu qoşunlar Trampa aşağıdakı seçim imkanlarını yaradır:

• blokada – Hörmüz boğazında İranın dəniz manevrlərinə quru bazalı raket sistemləri və dəniz piyadalarıyla cavab vermək;

• yeni hədəflər – İrana məxsus nüvə və ya hərbi infrastrukturun hədəf alınacağı təqdirdə Tehranın verəcəyi cavab zərbələrini yerindəcə ram etmək;

• psixoloji təzyiq – danışıqlar masasında Tehranın qarşısına döyüşə tam hazır vəziyyətdə olan orduyla durmaq.

Regionda yerləşmə coğrafiyası

Məlumata görə, əlavə qüvvələrin əsasən aşağıdakı ölkələrdə cəmləşməsi planlaşdırılır:

• Küveyt və Qətər – əsas logistik qovşaqlar kimi;

• Səudiyyə Ərəbistanı və BƏƏ – İranın raket hücumlarına qarşı ilkin müdafiə xətti kimi;

• İordaniya – regional kəşfiyyat və xüsusi əməliyyatların koordinasiyası üçün.

Niyə indi?

Birincisi, Əli Laricaninin martın 16-da sui-qəsd nəticəsində öldürülməsi Tehranı daha da radikallaşdırıb. Təhlükəsizlik Şurasına Zülqədrin – SEPAH-ın “siyasi beyni”nin rəhbər təyin edilməsi Vaşinqtonu müdafiə mövqeyindən hücum potensiallı müdafiəyə keçməyə məcbur edir.

Yeri gəlmişkən, Trampın Ukrayna qarşısında qoyduğu “Donbasdan çəkilmək” şərti fonunda ABŞ-nin öz resurslarını Yaxın Şərqə yönəltməsi Kremlin manevr imkanlarını artıra bilər.

İkincisi, mart ayı ərzində İsrailin İrandakı hədəflərə zərbələri intensivləşdirməsi ABŞ-ni öz müttəfiqini qorumaq üçün regionda hərbi mövcudluğunu artırmağa sövq edir.

10 min nəfərlik hərbi qüvvənin göndərilməsi ABŞ-nin regiondakı ən böyük hərbi eskalasiyalarından biri hesab oluna bilər. Eyni zamanda, bu, “Bloomberq”in xəbərindəki “bir barrel 200 dollara” ssenarisinə doğru aparan yolda ən riskli hərbi addımdır.

“Politfm”