Foto: internet
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyilə hər il may ayının ilk çərşənbə axşamı Beynəlxalq Astma Günü kimi qeyd edilir.
Azərbaycanda astma xəstələrinin sayı ilə bağlı son rəsmi statistika 2024-cü ilin əvvəlinə olan vəziyyəti əks etdirir. Dövlət Statistika Komitəsi həmin ilin may ayının 6-da “Teleqraf.az” saytına açıqlamasında bildirib ki, ölkənin tibb müəssisələrində bronxial astma diaqnozuyla 18 969 nəfər qeydiyyatdadır.
Abşeron yarımadası, Cənub zonası və Naxçıvan iqlim xüsusiyyətlərinə görə astma xəstələrinin sayının çox olduğu bölgələrdən sayılır.
Bəzi mütəxəssislərin fikrincə, real göstəricilər daha yüksəkdir.
Səhiyyə Nazirliyi 2018-ci ildə Azərbaycanda bronxial astma xəstələrinin ölkə əhalisinin 6-8%-ni təşkil etdiyini açıqlayıb (“az.trend.az”).
2019–2021-ci illəri əhatə edən epidemioloji tədqiqatda isə Azərbaycanda astmanın ümumi yayılma səviyyəsi təxminən 3%–8% aralığında qiymətləndirilib (“openaccess.hacettepe.edu.tr”).
Səhiyyə Nazirliyinin əvvəlki açıqlamalarına görə, yeni aşkar olunan hallarda 2016-cı illə müqayisədə (7950 nəfər) 2017-ci ildə (7701 nəfər) azalma olub.
Amma nəzərə alsaq ki, astma simptomları (məsələn, nəfəsdə xırıltı) heç də həmişə diaqnoz olaraq qeydiyyata alınmır, xəstə sayının nəinki azalması, əksinə, daha yüksək olması ehtimalı yaranır.
Son illərdə Bakıda əhali sayının sürətli artımı, ictimai nəqliyyatdakı sıxlıq və paytaxtdakı tikinti aktivliyi xəstəliyin artım potensialı yüksəldir.
ÜST-ün məlumatına görə, Azərbaycanda bronxial astma xəstəliyi ümumi ölümlərin təxminən 0.5%-ni təşkil edir. Bu, yüksək göstərici olmasa da, xəstəliyin xroniki yük yaratdığını göstərir.
Ölkədə uzunmüddətli (10–15 illik) açıq dinamik statistikanın olmaması, milli səviyyədə astma reyestrinin zəifliyi, regionlar üzrə detallı məlumatların məhdudluğu zamanla bu yükün artmasına gətirib çıxara bilər.
“Politfm”



