İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan ordusu Baş qərargahının rəisi Seyid Asim Muniri qarşılayır, 15 aprel 2026 (Foto: “aljazeera”)
İran rəsmiləri dünən – aprelin 15-də Pakistan vasitəçiləriylə görüşərək ABŞ-nin yeni təkliflərini müzakirə ediblər. Məqsəd mövcud gərginliyin azaldılması imkanlarını qiymətləndirmək və tərəflər arasında danışıqların davam etdirilib-etdirilməyəcəyinə aydınlıq gətirməkdir.
Görüşün nəticələrindən asılı olaraq İran və ABŞ arasında danışıqların ikinci raundunun keçirilməsi məsələsinə baxıla bilər. Tərəflər ilkin təmasların nəticəsini qiymətləndirərək növbəti mərhələyə keçib-keçməmək barədə qərar verəcəklər.
Proses ABŞ prezidenti Donald Trampın son açıqlamaları fonunda baş verir. O, bir gün əvvəl bildirib ki, münaqişə “çox yaxın zamanda” başa çata bilər. Bu bəyanat Vaşinqtonun danışıqlara müəyyən qədər açıq olduğunu göstərən siqnal kimi qiymətləndirilir.
Bununla yanaşı, ekspertlər qeyd edirlər ki, tərəflər arasında fikir ayrılıqları hələ də qalmaqdadır və danışıqların uğuru şərtlərin məzmunundan və qarşılıqlı güzəştlərin mümkünlüyündən asılı olacaq.
“Politfm”



