Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Azərenerji” ASC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidməti və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi barədə araşdırmalara başlayıb.

Bildirilir ki, agentliyin öz təşəbbüsüylə başladılan araşdırmalar rəqabət qanunvericiliyinin pozulması hallarıyla bağlıdır (“iqtisadiyyat.az”).

Xəbərdə həmçinin qeyd olunur ki, araşdırmaların predmeti Rəqabət Məcəlləsinin 39.7-ci maddəsinin tələblərinə əsasən sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının müəyyən edilmiş qaydada və vaxtda rəqabət orqanına təqdim edilməməsidir.

“Azərenerji”, Dövlət Su Ehtiyatları Agentliyi və Avtomobil Yolları Dövlət Agentliyi kimi üç nəhəng dövlət inhisarçısına qarşı eyni vaxtda araşdırma başladılması bu prosesin pərdə arxasında daha dərin iqtisadi-strateji səbəblər olması ehtimalını doğurur.

Güc nümayişi

2024-cü ilin ortalarından qüvvəyə minmiş yeni Rəqabət Məcəlləsi antimonopoliya agentliyinə geniş səlahiyyətlər verib.
Sözügedən üç qurum investisiya və ya subsidiyalar şəklində hər il dövlət büdcəsindən milyardlarla manat vəsait alan strukturlardır.
Hesabatların vaxtında təqdim edilməməsi isə çox vaxt daxili xərcləmələrdəki qeyri-şəffaflığı və ya səmərəsizliyi ört-basdır etmək cəhdi kimi analiz edilir.

Bəzi ekspertlərin qənaətinə görə, hökumət dövlət müəssisələrinin büdcədən asılılığını azaltmağa çalışır və antiinhisar xidmətinin müdaxiləsi həmin qurumların maliyyə intizamına məcbur edilməsi üçün bir təzyiq rıçaqı ola bilər.

İnflyasiya təzyiqi

Elektrik enerjisi, su və yol infrastruktur xidmətləri ölkədəki bütün məhsul və xidmətlərin maya dəyərinə birbaşa təsir edən bazis xidmətlərdir.

Bu qurumların inhisarçı mövqedən istifadə edərək tətbiq etdikləri qeyri-şəffaf qiymət və ya xidmət siyasəti daxili bazarda inflyasiyanı stimullaşdıran gizli faktorlardan biridir.

Araşdırmalar həmin qurumların xidmət tariflərinin nə dərəcədə əsaslı olduğunu və rəqabət mühitinə (məsələn, podratçı seçimləri zamanı) necə təsir etdiyini üzə çıxarmaq məqsədi güdə bilər.

Özəlləşdirməyə və ya korporativləşdirməyə hazırlıq

Hesabatların gecikdirilməsi, adətən, “texniki səhv” kimi qələmə verilir, amma üç fərqli və nəhəng dövlət şirkətinin eyni vaxtda eyni maddə üzrə hədəf seçilməsini təsadüf hesab etmək çətindir.
Ola bilsin ki, hökumət bu qurumlara aid müəyyən xidmət sahələrini, ya da bütövlükdə qurumların özlərini özəlləşdirməyi planlaşdırır.

Antiinhisar yoxlamaları bu keçid üçün “təmizlik” mərhələsi ola bilər.

“Politfm”