Vətəndaşın sosial müdafiəsi dövlətin əsas prioritetlərindən biri hesab olunur. Bu baxımdan müharibə iştirakçılarının və şəhid ailələrinin də sosial təminatı dövlətin məsuliyyəti çərçivəsindədir.
Azərbaycan bu sahədə ən sonlardadır. Hökumət tez-tez valyuta ehtiyatlarının artdığını, büdcədə profisit yarandığını bəyan etsə də, bu arıtmlar müharibə iştirakçılarına, şəhid ailələrinə verilən vəsaitin məbləğinə təsir etmir.
Azərbaycanda həlak olmuş hərbi qulluqçuların vərəsələrinə 11 000 manat məbləğində birdəfəlik sığorta ödənişi verilir. Yas mərasiminin təşkili üçün ailəyə əlavə olaraq 3000 manat məbləğində maliyyə yardımı ayrılır. Müharibə iştirakçılarına 80 manat təqaüd verilir. Uzun illərdir ki, hökumət bu məbləğin azlığıyla bağlı ciddi ölçüdə tənqid olunur, amma vəziyyət dəyişmir.
Müharibə əlillərinə verilən Prezident təqaüdü 400-600 manat aralığındadır. Bu da başqa bir müzakirə mövzusudur ki, dövlət büdcəsindən ayrılan vəsait niyə prezidentin adından təqdim olunur?
Vətən Müharibəsi Qəhrəmanı üçün Prezident təqaüdü 2200 manat, Azərbaycanın Milli Qəhrəmanı üçünsə 2000 manat təşkil edir.
Bəs müharibə iştirakçılarına və şəhid ailələrinə başqa ölkələrdə necə dəstək verilir?
ABŞ nümunəsi
ABŞ-də müharibə iştirakçılarına (veteranlara) verilən təqaüdlər iki əsas kateqoriyaya bölünür: əlillik kompensasiyası (xidmət zamanı yaranan sağlamlıq problemlərinə görə) və veteran pensiyası (maddi ehtiyacı olan və müəyyən yaşa çatanlar üçün).
2026-cı il üçün təsdiqlənmiş rəsmi göstəricilərə görə, əlillik kompensasiyası xidmət zamanı zədə almış və ya xəstələnmiş veteranlara verilir. Məbləğ əlillik dərəcəsinə (10% – 100%) və ailə vəziyyətinə görə dəyişir.
Subay veteranlar üçün aylıq ödənişlər belədir: əlillik dərəcəsi 10% olarsa, 180 dollar, 30% olarsa, 552 dollar, 50% olarsa, 1132 dollar, 70% olarsa, 1808 dollar, 100% olarsa, 3938 dollar təşkil edir.
Veteranın həyat yoldaşı, uşaqları və ya himayəsində olan valideynləri varsa, bu məbləğlər əhəmiyyətli dərəcədə artır. Məsələn, 100% əlilliyi olan və ailəli bir veteran ayda 4300 dollardan çox təqaüd alır.
Müharibə veteranı pensiyası aşağı gəlirli, müharibə dövründə xidmət etmiş və adətən 65 yaşdan yuxarı (və ya tam əlil) olan veteranlara verilir. Bu məbləğ subay veteran üçün ayda 1453 dollar, həyat yoldaşı olan veteran üçün 1903 dollar təşkil edir. Xüsusi qulluğa ehtiyacı olan veteran üçünsə aylıq ödəniş 2424-dollara qədər yüksələ bilir.
Veteran yuxarı və ya aşağı ətraflarını itiribsə, kor olubsa, başqasının daimi qulluğuna ehtiyacı varsa, aylıq ödəniş 10000 dollardan çox ola bilir.
Pul kompensasiyasından başqa, ABŞ veteranları ömürlük pulsuz və ya çox ucuz tibbi sığortayla, “GI Bill” proqramı ilə universitet təhsili və yaşayış xərclərinin tam qarşılanmasıyla, ilkin ödənişsiz və aşağı faizli ev kreditləriylə təmin olunur.
ABŞ-da ödənişlər veteranın ailə tərkibinə görə ciddi şəkildə artır. Xidməti vəzifəsini yerinə yetirərkən həlak olan hərbçilərin (şəhidlərin) ailələri üçün nəzərdə tutulmuş kompensasiya sistemi olduqca genişdir. Bu sistem ailənin həm dərhal yaranan ehtiyaclarını qarşılamaq, həm də uzunmüddətli maliyyə sabitliyini təmin etmək üçün qurulub.
2026-cı il üçün yenilənmiş rəsmi rəqəmlər aşağıdakı kimidir.
Birdəfəlik ödəniş: hərbçinin ölümündən dərhal sonra (adətən 24-48 saat ərzində) ailənin təcili xərclərini (dəfn, səfər və s.) qarşılaması üçün verilən vergisiz məbləğ 100000 dollardır. Bu məbləğ hərbçinin rütbəsindən asılı olmayaraq hər kəs üçün eynidir.
Maddi ödənişlərdən əlavə, şəhidin həyat yoldaşı və uşaqlarının ali təhsil haqqı dövlət tərəfindən tam ödənilir, onlara hər ay kitab və yaşayış xərcləri üçün təxminən 1500 3000 dollar (yaşadıqları şəhərə görə) təqaüd verilir.
Əgər hərbçi xidmət zamanı həyat sığortası proqramına qoşulubsa (Bu, demək olar ki, hamıda olur), ailəsinə əlavə olaraq 500000 dollaradək sığorta ödənişi edilir, həyat yoldaşı və uşaqları dövlət hesabına ən yüksək səviyyəli tibbi sığortayla təmin olunurlar. “Şəhid ailəsi” paketi çərçivəsində ailə tərkibindən asılı olaraq 1700 – 3,500 dollar arası ömürlük ödəniş edilir.
Almaniya nümunəsi
Almaniyada müharibə iştirakçılarına verilən təminat sistemi ABŞ modelindən fərqlidir. Bu ölkədə “veteran” anlayışı uzun müddət yalnız İkinci Dünya Müharibəsi iştirakçılarına aid edilsə də, son illərdə Almaniya ordusunun (Bundesver) xarici missiyalarında (məsələn, Əfqanıstanda) iştirak edənlər üçün yeni qaydalar tətbiq olunur.
2026-cı il üçün Almaniyadakı əsas ödənişlər və sistem aşaqıdakı kimidir.
1. Federal Təminat Qanunu (BVG) üzrə ödənişlər
Bu ödənişlər xidmət zamanı fiziki və ya psixoloji sağlamlığını itirmiş veteranlara verilir. Ödənişlər əlillik dərəcəsinə (GdS) görə müəyyən edilir.
Veteranın xüsusi qulluğa ehtiyacı varsa, ona əlavə olaraq 300avrodan 1600 avroya qədər əlavə vəsait ödənilə bilər. Beləliklə, ağır yaralanmış veteranın aylıq gəliri 3000 avrodan artıq olur.
2. Müasir dövrün veteranları üçün birdəfəlik ödənişlər
Xarici missiyalarda yaralanan hərbçilər üçün Almaniya hökuməti xüsusi kompensasiya paketi təqdim edir:
-birdəfəlik təzminat: hərbçi xidmət zamanı ağır zədə alarsa, ona təxminən 150000 avro məbləğində birdəfəlik vergisiz kompensasiya verilir;
-xidmət pensiyası: veteran ən azı 50% əlillik dərəcəsi alıbsa və xidmətini davam etdirə bilmirsə, ona ömürlük xüsusi xidmət pensiyası təyin edilir.
3. Sosial və digər imtiyazlar
Almaniya dövləti nağd pul dəstəyindən daha çox reabilitasiya və reinteqrasiyaya üstünlük verir:
– peşə reabilitasiyası: yaralanmış veteranların yeni peşə öyrənməsi üçün bütün xərclər dövlət tərəfindən qarşılanır;
– tibbi xidmət: veteranlar üçün ixtisaslaşmış hərbi hospital və psixoloji dəstək mərkəzləri (xüsusilə PTSD üçün) tam pulsuzdur;
– məşğulluq zəmanəti: Almaniya qanunvericiliyinə görə, xidmət zamanı zərər çəkmiş veteranların dövlət sektorunda işlə təmin olunması üçün xüsusi kvotalar mövcuddur.
Almaniyada hər il 15 iyun “Veteranlar Günü” kimi qeyd edilir. Lakin ABŞ-dan fərqli olaraq burda veteranlara verilən ödənişlər “mükafat” yox, “itirilmiş sağlamlığın bərpası üçün kompensasiya” kimi qəbul edilir.
Almaniyada hərbi xidmət zamanı həlak olan hərbçilərin ailələrinə (bizim anlayışla şəhid ailələrinə) verilən təzminatlar 2025-ci ildən qüvvəyə minmiş Hərbçilərin Kompensasiyası Qanunuyla (SCA) tənzimlənir. Almaniyada bu sistem həm birdəfəlik yüksək məbləğli ödəniş, həm də ömürlük aylıq pensiya üzərində qurulub.
2026-cı il üçün əsas göstəricilər aşağıdakı kimidir:
1. Birdəfəlik kompensasiyalar
Hərbçi xaricdəki xidməti tapşırığı və ya xüsusi təhlükəli vəzifəni yerinə yetirərkən həlak olarsa, ailəsinə 150000 avro məbləğində birdəfəlik ödəniş edilir (ailəlidirsə, həyat yoldaşına və uşaqlarına; subaydırsa, valideynlərinə).
2. Aylıq pensiyalar
Ailə üzvlərinin sosial müdafiəsini təmin etmək üçün ömürlük və ya müvəqqəti ödənişlər verilir.
Həlak olan hərbçinin almalı olduğu pensiyanın 55%-dən 60%-ə qədərini onun həyat yoldaşı ömürlük pensiya olaraq alır. Bu məbləğ aylıq 1500 – 2500 avro arasında dəyişir.
Bir valideynini itirmiş uşaqlar pensiyanın 10%-20%-ini, hər iki valideynini itirmiş uşaqlar 30%-ini alır. Bu ödəniş uşaq 18 yaşına çatana qədər (təhsil alırsa, 27 yaşına qədər) davam edir.
3. Digər sosial dəstək mexanizmləri
Almaniya dövləti maddi vəsaitlə yanaşı, ailənin sosial yükünü də üzərinə götürür:
Dəfn mərasimiylə bağlı bütün xərclər (nəqliyyat, məzar daşı və s.) dövlət tərəfindən tam qarşılanır.
Həlak olan hərbçinin uşaqlarının təhsil xərcləri, universitetdə oxuyarkən yaşayış xərcləri (BAföG) xüsusi imtiyazlı şərtlərlə ödənilir. Ailə üzvlərinə Bundesverin psixoloqları tərəfindən ömürlük və ödənişsiz travma terapiyası təklif olunur.
Almaniyada bu ödənişlərin verilməsi üçün hərbçinin mütləq döyüşdə həlak olması şərti yoxdur. Xidməti vəzifəsini yerinə yetirərkən baş verən bədbəxt hadisə və ya xidmətlə bağlı xəstəlik nəticəsində ölüm halları da bu çərçivəyə daxildir.
İsrail nümunəsi
İsraildə müharibə iştirakçılarına və veteranlara verilən ödənişlər dünyanın ən yüksək və ən detallı sistemlərindən biri hesab olunur. Bu ölkədə hərbi xidmət və müharibə iştirakçılığı milli kimliyin əsas hissəsi olduğu üçün dövlət tərəfindən çox geniş maliyyə paketləri təqdim edilir.
İsrail hökuməti 2026-cı il üçün 6.2 milyard şekellik dəstək paketi təsdiqləyib.
Müharibə və ya hərbi əməliyyat dövründə xidmət edənlərə 1400 dollar məbləğində birdəfəlik vəsait verilir.
Həlak olan hərbçilərin ailələrinə verilən aylıq pensiya orta hesabls 2200 -2750 dollardır. Bu il qəbul edilmiş qanuna görə, həlak olan hərbçinin həyat yoldaşı yenidən ailə qurduqda bu ödənişi itirmir.
Hərbçinin ölümündən dərhal sonra ailəyə zəruri xərclər üçün 11000 dollar ödənilir. Dəfn xərclərini və məzar daşı xərclərini dövlət özü qarşılayır.
Yeni qanuna görə, həlak olan hərbçinin ailəsinə verilən birdəfəlik məbləğ 82500 dollar təşkil edir. Ağır yaralanan veteranlara münasibətdə olduğu kimi, bəzi hallarda şəhid ailələrinə də avtomobil alışı üçün vergi güzəştləri və ya qrantlar nəzərdə tutulur.
İsrail sistemi “yüksək pensiya + hər ehtiyac üçün birdəfəlik qrant” prinsipiylə işləyir. Məsələn, şəhid övladı evləndiyi zaman dövlətdən birbaşa 300,000 NIS hədiyyə alır ki, bu da onun gələcək həyatı üçün böyük maddi dəstəkdir. Şəhid ailəsi mənzil alaranda da birdəfəlik qrantlar verilir.
Türkiyə nümunəsi
Türkiyədə şəhidin ailəsinə 1200000–1400000 TL aralığında birdəfəlik ödəniş edilir.
Müharibə iştirakçılarına verilən təqaüdlər onların statusuna, əlillik dərəcəsinə və sosial təminatının olub-olmamasına görə dəyişir.
2026-cı il üçün yenilənmiş rəqəmlər aşağıdakı kimidi:
1.Müharibə qaziləri (Kıbrıs və Koreya qaziləri). Bu kateqoriyaya aid olanlara “şərəf aylığı” ödənilir, məbləğ minimum əməkhaqqına bərabərdir. 2026-cı il üçün bu rəqəm 28.075 TL (təxminən 1080 manat) təşkil edir (sosial təminatı olanlar üçün 25.500 TL).
2. Döyüş zamanı yaralanan və əlillik dərəcəsi alan qazilərin təqaüdü onların dərəcəsinə (1-ci dərəcədən 6-cı dərəcəyə qədər) və rütbəsinə görə hesablanır.
1-ci dərəcəyə aid olanlar 85000 – 95000 TL, 6-cı dərəcəyə aid olanlar 50000 – 60000 TL arası təqaüd alır.
3. Digər imtiyazlar və ödənişlər
Maaşdan əlavə, qazilərə bəzi birdəfəlik və illik ödənişlər də verilir. Dərəcədən asılı olaraq ildə bir dəfə 30500-55500 lirə aralığında əlavə ödəniş edilir. Ramazan və Qurban bayramlarında pensiyaçılara verilən bayram ikramiyəsi (təxminən 5000-6000 TL) qazilərə də şamil olunur. Qazi vəfat etdikdə, bu təqaüdün müəyyən hissəsi (adətən, 75%-i) həyat yoldaşına ödənilməyə davam edir.
Həlak olmuş şəxs müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu (əsgər və ya çavuş) olubsa, TSK Mehmetçik Vakfı tərəfindən də birdəfəlik yardım edilir. 2026-cı il üçün bu yardımın məbləği təxminən 400000–500000 TL civarındadır.
Şəhid ailələrinə həm də aylıq maaş ödənir.
Şəhid olmuş şəxs orduda zabit, gizir və ya müqaviləli hərbi qulluqçu olaraq xidmət edibsə, onun varislərinə ödənilən maaş şəhidin sağ qalıb xidmətini davam etdirəcəyi təqdirdə alacağı maaşdan az ola bilməz. Şəhidin valideynlərinə maaaş qeyd-şərtsiz verilir.
Maddi kompensasiyalardan başqa, şəhid ailəsinə faizsiz mənzil krediti verilir. Şəhidin yaxınlarından (həyat yoldaşı, uşağı və ya qardaş/bacısı) 2 nəfər dövlət müəssisələrində işlə təmin olunur.
Hər il fevral ayında şəhid ailələrinə (varislər arasında bölünməklə) təxminən 55515 TL məbləğində illik ödəniş edilir. Şəhidin hərbi rütbəsi, vəzifəsi və ailə tərkibi (uşaq sayı və s.) yekun məbləğlərə təsir edən əsas amillərdir. Bundan başqa, şəhid övladları üçün təhsil güzəştləri nəzərdə tutulub, şəhidin ailə üzvləri tibbi xidmətlərdən pulsuz istifadə edir.
Ermənistan nümunəsi
Ermənistanda müharibə iştirakçılarına və şəhid ailələrinə verilən təqaüd və kompensasiyaların məbləği zaman-zaman artırılır.
Qazilərə verilən yardımlar həm dövlət büdcəsi, həm də Hərbi Qulluqçuların Sığorta Fondu vasitəsilə tənzimlənir. 2020-ci il müharibəsindən sonra bu ödənişlərdə əhəmiyyətli artımlar olub.
Şəhid ailələrinə həm birdəfəlik, həm də uzunmüddətli aylıq ödənişlər edilir. Həlak olmuş hərbçinin ailəsinə birdəfəlik maddi kompensasiya təqribən 26000 dollardır, sonrakı 20 il ərzində isə ailəyə hər ay sabit məbləğ ödənilir (şəhidin rütbəsindən asılı olaraq 500 – 750 dollar aralığında).
Müharibə iştirakçısı 1-ci qrup əlildirsə, birdəfəlik ödənişin məbləği 26000 dollar, ikinci qrup əlildirsə, 13000 dollar təşkil edir.
2026-cı ilin aprelindən etibarən ailə başçısını itirənlər üçün dövlət təqaüdünün minimum məbləği 48.000 dram olacaq. İlin əvvəlindən etibarənsə şəhid ailələri və müharibə əlilləri üçün tam ödənişsiz Universal Sağlamlıq Sığortası tətbiq olunr.
Şəhid övladları və müharibə iştirakçıları üçün ali təhsil ödənişsizdir.
Gürcüstan nümunəsi
Gürcüstanda döyüş əməliyyatlarında və ya beynəlxalq sülhməramlı missiyalarda həlak olan hərbi qulluqçuların ailələrinə 100000 lari (37 000 dollar) məbləğində birdəfəlik kompensasiya və 1000 lari dəfn xərci verilir. Şəhidin valideynləri, həyat yoldaşı və 18 yaşına çatmamış uşaqları üçün aylıq sosial paket də nəzərdə tutulub.
2015-ci ildən bəri qüvvədə olan qanuna əsasən, ailəyə ümumilikdə aylıq 1000 lari (təxminən 370 dollar) müavinət ödənilir. Hərbi qulluqçu beynəlxalq missiyada (məsələn, NATO-nun Əfqanıstan missiyasında) həlak olubsa, birdəfəlik kompensasiya məbləği beynəlxalq fondlar və ikitərəfli müqavilələr hesabına daha yüksək ola bilir.
İran nümunəsi
İranda rəsmən şəhid statusu verilən şəxsin ailəsinə birdəfəlik diyə ödənilir. Bu məbləği İran məhkəmələri hər il inflyasiya faizinə uyğunlaşdırırlar. 2025-2026-cı illər üçün diyə təxminən 1,6 milyard tümən (25-30 min dollar) müəyyən edilib.
Bundan əlavə, ailə üzvlərinə dövlət mağazalarında istifadə etmək üçün aylıq təxminən 10 milyon rial dəyərində ərzaq kartları və ya kuponlar verilir.
İranda müharibə iştirakçılarına, əlillərə və şəhid ailələrinə verilən təqaüdlər şəxsin əlillik dərəcəsi, cəbhədə olduğu müddət və sosial vəziyyətinə görə ciddi şəkildə fərqlənir.
Müharibə iştirakçılarına mənzil almaq və iş qurmaq üçün 20 illik müddətinə illik faiz dərəcəsi 4% olan birdəfəlik kreditlər verilir.
Şəhid övladlarına və əlillərə evlilik hədiyyəsi kimi sonuncu ayın maaşı məbləğində birdəfəlik nağd pul hədiyyə verilir.
Veteran övladları üçün nəzərdə tutulan evlilik krediti digər vətəndaşlara verilən məbləğin iki qatı qədərdir. Bu il bu məbləğin 600-700 milyon tümən olacağı bildirilir.
Dövlət qurumlarından təqaüdə çıxan müharibə iştirakçılarına birdəfəlik “son xidmət mükafatı” ödənilir. Bu məbləğ şəxsin illik maaşı və rütbəsinə əsasən hesablanır və kifayət qədər yüksək olur.
“Politfm”



