2026-cı il Azərbaycan iqtisadiyyatı üçün ciddi siqnallarla başlayıb.
Neft bazarlarındakı əlverişsiz konyuktura və daxili hasilatın aşağı düşməsi dövlət büdcəsinin əsas gəlir mənbəyində “çatların” yaranmasına səbəb olub. Hökumətsə yaranmış maliyyə boşluğunu doldurmaq üçün dövlət aparatında və publik hüquqi şəxslərdə (PŞ) radikal islahatlara və sərt nəzarət mexanizmlərinə start verib.

Büdcə gəlirlərində bir ayda 665 milyon dollarlıq itki

Cari ilin yanvar ayı Azərbaycanın enerji ixracı üçün uğursuz oldu. Statistika göstərir ki, neft gəlirlərinin kəskin enməsinə buna həm neft qiymətlərinin düşməsi, həm də ixracın azalması səbəb olub.

Ötən ilin yanvarında bir bareli 75 dollara satılan neftin qiyməti 15% azalaraq 64 dollara düşüb. Bu, 2026-cı il büdcəsində nəzərdə tutulan 65 dollarlıq proqnoz həddindən də aşağıdır.
İxrac həcmi isə 23,6% azalıb. BTC kəməriylə daşınan neftin həcmindəki 8,2%-lik geriləmə ümumi tendensiyanın bir hissəsidir.
Bu iki amilin birləşməsi büdcə gəlirlərinin ötən ilin yanvarı ilə müqayisədə 35% – 665 milyon dollar) azalaraq 1,2 milyard dollara düşməsinə gətirib çıxarıb.

Bu vəziyyət ölkə üçün fiskal risk yaradıb. Maliyyə Nazirliyinin hesablamalarına görə, neftin qiymətinin 1 dollar aşağı düşməsi 200-250 milyon dollarlıq gəlir itkisinə səbəb olur. İndiki qiymət (64 dollar) büdcə kəsirinin qaçılmaz olacağına dair ciddi xəbərdarlıqdır.

“Şişmiş” aparatın kiçildilməsi

Neft gəlirlərinin azalması hökuməti kəmərsıxma strategiyasına keçməyə, uzun illərdir müzakirə olunan, ancaq ləngidilən struktur optimallaşdırılmasına, nəhayət ki, start verəmyə məcbur etdi.

Hazırda ölkədə 400-ə yaxın publik hüquqi şəxsin, xüsusilə də zərərlə işləyən iri şirkətlərin olması dövlət büdcəsinə ağır yük yaradır. Hökumət ilk olraq 16 qurumu 8 strukturda birləşdirməklə  bu yükü azaltmağı hədəfləyir.

Bugünlərdə 8 elmi-tədqiqat institutu ləğv edildi, onların bazasında 3 kompakt struktur yaradıldı.

Sahibkarlara dəstək və investisiya cəlbi sahəsində də paralellik aradan qaldırıldı – KOBİA ilə AZPROMO birləşdirilərək vahid Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi yaradırıldı.

Sosial Tədqiqatlar Mərkəzi Medianın İnkişafı Agentliyinin (MEDİA) tərkibinə qatıldı.

Beynəlxalq Multikulturalizm Mərkəzi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tabeliyində fəaliyyət göstərəcək.

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mərkəzi Nəbatat Bağı və Dendrologiya Bağı birləşdirildi.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki 3 fərqli qurumun bazasında bir idarəetmə vahidi yaradıldı.

İşsizlik riski 

Amma belə kütləvi birləşdirmələr əmək bazarında ciddi dalğalanmalara səbəb ola bilər.
Prosesin mümkün sosial-iqtisadi fəsadlarına bir neçə müstəvidə nəzər salaq.

“Ağ yaxalıların” ixtisarı

Ləğv edilən 16 qurumun yerində 8 qurumun yaradılması, ilk növbədə idarəetmə heyətinin (direktorlar, müavinlər, şöbə müdirləri) və dəstək personallarının (mühasibatlıq, kadrlar şöbəsi, İT) ixtisarı deməkdir. Hazırda bu ixtisarların sayının yüzlərlə olduğu bildirilir.

İxtisaslı kadrların “beyin axını”

Elmi-tədqiqat institutlarının ləğvi elmi potensialın itirilməsi riskini yaradır. İşsiz qalan və ya maaşı gecikən mütəxəssislərin özəl sektora və ya xaricə üz tutması uzunmüddətli perspektivdə dövlət sektorunda kadr boşluğu yarada bilər.

Sosial gərginlik və əməkhaqqı gecikmələri

Mediada yayılan məlumatlara görə, bəzi PŞ-lərin 2026-cı il üzrə büdcə vəsaitlərinin dondurulması artıq əməkhaqlarının ödənilməsində problemlər yaradıb. Bu, minlərlə insanın ailə büdcəsinə birbaşa təsir edir və daxili istehlak bazarında alıcılıq qabiliyyətini aşağı salır.

Özəlləşdirməyə məcburi keçid

Dövlət sektorunda “sıxılma” baş verdikcə, işçi qüvvəsi məcburi olaraq özəl sektora yönəlir. Özəl sektorun bu qədər yeni işçi qüvvəsini qəbul etməyə hazır olub-olmaması isə sual altındadır. Xüsusilə də səmərəsiz fəaliyyət göstərən iri dövlət şirkətlərində (AZAL, ADY və s.) gözlənilən mümkün ixtisarlar əmək bazarında təklifi kəskin artıra bilər ki, bu da əmək haqqı səviyyələrinin aşağı düşməsinə gətirib çıxarar.

Sosial müdafiə sistemində yaranacaq problemlər

Neft gəlirlərinin azalması və dövlət aparatındakı ixtisarlar zəncirvari reaksiyayla ölkənin sosial müdafiə sisteminə də sirayət edəcək. Bu prosesin pensiya, müavinət və sosial sığorta ödənişlərinə təsiri qaçılmaz olacaq.

Qurumlarının ləğvi və işçilərin ixtisarı sosial təminat fondu üçün eyni zamanda həm gəlir itkisi, həm də xərc artımı deməkdir.
Sosial müdafiə sisteminin, xüsusilə Pensiya Fondunun əsas gəlir mənbəyi işləyən vətəndaşların əməkhaqqından tutulan sığorta haqları olduğu üçün yüzlərlə dövlət işçisinin ixtisar edilməsi, bir sıra PŞ-lərdə fəaliyyətin dondurulması Fonda daxil olan ayırmaların azalmasına gətirib çıxaracaq.

Sosial sığorta yığımlarının azalması Pensiya Fondunda kəsir yaradacaq və hökumət dövlət büdcəsindən transfertlər vasitəsilə quruma daha çox vəsait ayrılmalı olacaq. Bu, hazırda start verilmiş olan qənaət strategiyasına ziddir.

İxtisara düşən işçilərin böyük hissəsi qanunvericiliyə uyğun olaraq işsizlik müavinəti və ya kompensasiya tələb edəcək və bu da  büdcə üçün əlavə xərc yaradacaq.

İşsiz qalan şəxslərin İşsizlikdən Sığorta Fonduna kütləvi müraciəti qurumun vəsaitlərinin sürətlə azalmasına səbəb olacaq.

Pensiyalarda artım problemi

Neft gəlirlərinin kəskin azalması pensiyaların indeksasiyası, yəni artırılması sürətinə də təsir edə bilər.

Dövlət sektorunda maaşların dondurulması və ya kütləvi ixtisarlar orta aylıq əməkhaqqının artım tempini yavaşladacaq, bu isə pensiyaçıların növbəti ildə alacağı artım faizini azaldacaq. Çünki pensiyaların illik artımı orta aylıq əməkhaqqının artım tempinə bağlıdır.

Ünvanlı dövlət sosial yardımların  və digər müavinətlərin təyin edilməsi meyarları Maliyyə Nazirliyinin sərt nəzarəti şəraitində daha da sərtləşdirilə bilər. Hazırkı qənaət rejimində hökumət yardımı yalnız “hədsiz ehtiyacı olanlara” yönəltməklə ümumi sosial xərcləri sabit saxlamaq taktikası seçə bilər.

Demoqrafik təzyiq

Dövlət şirkətlərindəki səmərəsizliyi aradan qaldırmaq üçün tətbiq edilən “erkən təqaüd” və ya kütləvi ixtisar proqramları əmək bazarındakı aktiv əhalinin sayını azaldır, sosial öhdəlikləri olan şəxslərin sayını isə artırır. Bu, sistemin dayanıqlığı üçün ciddi sınaqdır.

Azərbaycan hökuməti hazırda çətin seçim qarşısındadır: bir tərəfdən dövlət müəssisələrini rəqabətədavamlı etmək üçün ixtisarlar aparır, digər tərəfdənsə bu ixtisarların yaratdığı sosial yükü “daşımaq” üçün əlavə vəsait tapmalıdır. Neftin 60-65 dollar civarında qalması hökumətin bu cür sosial manevr imkanlarını xeyli məhdudlaşdıracaq.

Maliyyə Nazirliyinin “dəmir yumruğu”

Neft qiymətlərinin mart-aprel aylarında 71 dollara yüksələcəyi gözlənilsə də, ilin sonu üçün proqnozlarının (60-65 dollar) bədbin olması 2026-cı ilin Azərbaycan iqtisadiyyatı üçün çətin keçəcəyini  göstərir.

Maliyyə Nazirliyinin aprel ayından etibarən dövlət müəssisələrində total monitorinq rejiminə keçmək planı ilk növbədə bu reallıqdan qaynaqlanır. Artıq bütün dövlət şirkətləri və publik şəxslər (PŞ) aylıq və rüblük maliyyə göstəricilərini birbaşa nazirliyə təqdim etməli olacaqlar.

Şirkətlərin yaratdığı borcların dövlət büdcəsinə və xarici borca təsiri beynəlxalq alətlərlə qiymətləndiriləcək. Monitorinqin nəticələri rübdə bir dəfə dövlət başçısına təqdim olunacaq.

Neftin qiyməti zamanla 65 dollar üzərində sabitləşməsə, dövlət şirkətlərində daha böyük ixtisarlar və daha çox ləğvetmə qaçılmaz olacaq. Başqa sözlə, “qara qızıl”dan asılılığı azaltmağa yönəlik islahatlar xeyli ağrılı olacaq.

Neftin ucuzlaşması manatın məzənnəsinə təsir edəcəkmi?

Neft gəlirlərinin azalması fonunda manatın sabitliyi məsələsi yenidən aktuallaşıb.

“Qara qızıl”ın mart-aprel aylarına proqnozalaşdırılan qiyməti müvəqqəti olarsa və qiymət 60 dollardan aşağı düşərsə, Mərkəzi Bankın rezervlərinə təzyiq artacaq.

Dövlət Neft Fondu (DNF) isə aktivlərinin artım tempinin yavaşlaması problemiylə üzləşə bilər. Çünki neft gəlirləri azaldıqca, DNF büdcə öhdəliklərini yerinə yetirmək üçün bazara daha çox dollar çıxarmalı olacaq.

Qoruyucu baryerlər

Manatın məzənnəsi üçün ilk qoruyucu baryer neftin büdcədə nəzərdə tutulmuş qiymətidir (65 dollar). Hazırkı qiymətin (64 dollar) büdcə proqnozuna yaxın olması hələ ki kəskin devalvasiya riski yaratmır. Hökumət büdcə kəsirini mövcud ehtiyatlarla və xərcləri azaltmaqla (ixtisarlarla) kompensasiya etməyə çalışır.

Digər qoruyucu baryer sabit məzənnə rejimidir, bu rejimdə məzənnə bazardan asılı deyil. Amma neftin qiyməti 6 aydan çox müddətdə 60 dolların altında qalarsa və neft hasilatındakı azalma davam edərsə, manatın məzənnəsi üzərindəki psixoloji və iqtisadi təzyiq real təhlükəyə çevrilə bilər. Hələliksə hökumət manatı qorumaq üçün “bahalı dollar” yox, “ucuz dövlət aparatı” modelinə üstünlük verir.

Hökumətin yeni “qənaət və nəzarət” strategiyasını daha böyük bir prosesə hazırlıq kimi də qiymətləndirmək olar. Çünki hökumət iqtisadi böhran təhlükəsini dəf etmək üçün daha sərt addımlar atmaq məcburiyyətilə üz-üzədir.

“Ağ fillər”in özəlləşdirilməsi

Uzun illərdir zərərlə işləyən və büdcənin “dibsiz quyusuna” çevrilən dövlət şirkətlərinin (AZAL, Azərbaycan Dəmir Yolları, “Azərişıq”, “Azərsu” və s.) tam və ya hissəli özəlləşdirilməsi baş verə bilər.

Hökumət bu şirkətlərə ayırdığı milyardlarla manatlıq illik subsidiyaları kəsmək və onları mənfəətlə işləyən strukturlara çevirmək üçün idarəetməni xarici holdinqlərə vermək (nəzarət paketini özündə saxlamaq şərtilə) və ya səhmlərin bir hissəsini birjada satışa çıxarmaq yolunu seçə bilər.

Digər istiqamətlər bunlar ola bilər:

– daha az məmur sayıyla daha yüksək texnoloji/rəqəmsal idarəetməyə keçmək;

– sosial və iqtisadi xərcləri, məsələn, tibbi sığorta və təhsil xərclərinin böyük bir hissəsini tamamilə büdcədən çıxarıb sığortalı və ödənişli sistemlərə keçmək.

Fiskal konsolidasiya: vergi bazasının genişləndirilməsi

Neft ixracından gələn valyuta azaldıqca, dövlət daxili vergi yığımlarına indikindən də çox önəm verməli olacaq.

Nağdsız ödənişlərin tam dominantlığı və dövriyyələrin şəffaflaşdırılması vasitəsilə büdcəyə əlavə vəsaitlərin cəlb etmək üçün “kölgə iqtisadiyyatı” ilə mübarizəyə start vermək də aktuallaşa bilər.

Dövlət büdcəsinin gəlirlərini artırmaq üçün kommunal xidmətlərdə və nəqliyyatda qiymət artımının davam etdirilməsi də gözlənilən ssenaridir.

“Politfm”