Foto: internet

 


İran nümayəndə heyətinin üzvü, parlamentin Milli Təhlükəsizlik Komissiyasının sədr müavini Mahmud Nəbəvian Pakistandakı İran-ABŞ danışıqlarının yarımçıq qalması səbəbindən danışıb.

ISNA agentliyi bu barədə dünən – mayın 13-də məlumat yayıb.

“İlk görüşdə Cey Di Vens açıqladı ki, ABŞ-nin İrana qarşı iki əsas tələbi var: birincisi, Hörmüz boğazının tam açılması, ikincisi isə 60 faiz zənginləşdirilmiş bütün uranın İrandan çıxarılması” deyən Nəbəvianın sözlərinə görə, İran nümayəndə heyəti cavab olaraq sanksiyaların ləğv edilməsinin və İranın uranı zənginləşdirmək hüququnun tanınmasının vacibliyini vurğulayıb.

Nəbəvianın iddasına görə, İran parlamentinin və nümayəndə heyətinin sədri Məhəmməd Bağır Qalibaf Vensin əvvəlcə Hörmüz problemini müzakirə etmək təklifinə cavab olaraq deyib ki, “Bizim əvvəlcə həll edilməli olan tək bir məsələmiz yoxdur; gündəlikdə dörd məsələ var”.

Deputat bildirib ki, ABŞ tərəfi İranın infrastrukturunu məhv etmək imkanından danışanda Qalibaf onlara belə cavab verib: “İran yarım gündən az müddətdə regiondakı bütün infrastrukturu yerlə-yeksan edə bilər”.

İkinci görüşdə tərəflərin danışıqları dörd istiqamət üzrə detallı şəkildə davam etdirmək barədə razılığa gəldiyini deyən Nəbəvian əlavə edib ki, amerikalılar Hörmüz boğazının açılması və zənginləşdirilmiş uranın çıxarılması məsələsini yenidən gətiriblər, İran bu istiqamətlərdə əməkdaşlıq edəcəyi təqdirdə dondurulmuş 6 milyard dollarlıq aktivlərin qaytarılacağını bildiriblər:
“Vens İran aktivlərinin həcmi barədə istehzayla danışdı. Qalibaf dərhal buna reaksiya verdi və dedi ki, bizim istər bir dollarımız olsun, istərsə də yüz milyard dollarımız, onlar İran xalqına məxsusdur və heç kimin bu pullara müdaxilə etməyə haqqı yoxdur”.

Üçüncü görüş barədə icə Nəbəvian bunları deyib:
“Vens Trampla əlaqə saxlayandan sonra ABŞ-nin təqdim etdiyi plan əsasında danışıqların davam etdirilməsini təklif etdi və Qalibaf da bu təklifi nəzərdən keçirməyə razılaşdı”.

Qalibafın danışıqlarda dialoqu rədd etmədiyini, amma istənilən qiymətə razılaşma tərəfdarı kimi davranmadığını vurğulayan Nəbəvianın sözlərinə görə, tərəflərin mövqeləri yaxınlaşandan sonra Vens qəflətən bəyan edib ki, Tramp bu sazişi qəbul etməyəcək: “Qalibaf ona bunun ABŞ-nin öz planı olduğunu deyəndə Vens cavab verdi ki, təqdim olunan təkliflər əslində Asim Munirə məxsusdur”.

“Məlum oldu ki, ABŞ razılıq əldə etməyə yönəlmiş danışıqlara hazır deyildi” deyə, Nəbəvian əlavə edib.

Sonda o bildirib ki, Vens danışıqlar zamanı bir neçə dəfə İranın ünvanına hədələr səsləndirib, amma Qalibaf qətiyyətlə buna etiraz edib və təhdidlərin danışıqların gedişinə təsir etməsinə imkan verməyib.

Dünən Vens də Pakistan görüşləri barədə danışıb.
O, Ağ Evdəki mətbuat konfransında deyib ki, İranla döyüş əməliyyatlarının dayandırılması üzrə müzakirələrdə irəliləyiş əldə olunub (“Reuters”).
Daha əvvəl Tramp Tehranın son təkliflərini qəbuledilməz adlandırmışdı.

“Düşünürəm ki, biz irəliləyiş əldə edirik. Əsas məsələ ondan ibarətdir ki, prezidentin ‘qırmızı xətt’ini yerinə yetirmək üçün kifayət qədər irəliləmişikmi. O ‘qırmızı xətt’ çox sadədir. Prezident əmin olmalıdır ki, bizim tətbiq etdiyimiz təhlükəsizlik tədbirləri İranın nüvə silahı əldə etməsinə heç vaxt imkan verməyəcək” – Vens belə deyib.

İrana qarşı hərbi əməliyyatların dayandırılması barədə qətnaməyə ABŞ Senatı dünən növbəti dəfə “yox” deyib. Senatorlardan 49-u sənədi dəstəkləyib, 50-si isə əleyhinə səs verib. Beləliklə, müharibənin dayandırılması tələbini Senat artıq yeddinci dəfə rədd etmiş olub (“Reuters”).

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi hava əməliyyatlarına başlayıblar. Buna cavab olaraq İran İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına raket zərbələri endirib.

2026-cı il aprelin 8-nə keçən gecə ABŞ və İran iki həftəlik atəşkəs barədə razılığa gəliblər. ABŞ Prezidenti Donald Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb. Aprelin 11–12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Müzakirələr nəticəsiz qalıb.

ABŞ Tehrana təzyiq etmək üçün İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alıb. Öz növbəsində İran boğazı Fars körfəzi ölkələri üçün bağlandığını elan edib. Regiondakı vəziyyət qlobal enerji böhranına səbəb olub.


“Politfm”