Kubada etirazlar (foto: Ramon Espinosa/AP)
Bu gün – mayın 14-də yüzlərlə qəzəbli kubalı yanacaq çatışmazlığına etiraz olaraq Havana küçələrinə çıxıb.
Bu barədə BBC məlumat yayıb.
Yanan zibil topalarıyla yolları bağlayan insanlar qazanları döyəcləyərək hökumət əleyhinə şüarlar səsləndiriblər, xorla “İşığı yandırın!”, “Birləşmiş xalq məğlubedilməzdir!” deyiblər.
Bu, yanvar ayından bəri davam edən enerji böhranı fonunda ən böyük etiraz aksiyasıdır.
Kubanın energetika naziri Visente de la O Levi daha əvvəl bildirmişdi ki, adada mazut və dizel yanacağı tamamilə tükənib və bu səbəbdən enerji sistemi “kritik vəziyyətə” düşüb.
Havananın bəzi rayonlarında sutkanın 20–22 saatı işıq olmur.
Dünən ABŞ Kubaya 100 milyon dollarlıq humanitar yardım təklifini yenidən irəli sürüb – “adadakı kommunist sistemdə əsaslı islahatlar aparılması” müqabilində.
Ölkədə vəziyyət yanvar ayından – ABŞ prezidenti Donald Tramp Kubada kommunist hökumətin dəyişməsinə nail olmaq niyyətini açıqlayandan, sanksiyaları sərtləşdirəndən, adaya yanacaq tədarük edən ölkələrə tariflərlə hədələyəndən sonra kəskin pisləşib.
Kuba prezidenti Migel Dias-Kanel dünən sosial şəbəkələrdə yazıb ki, enerji böhranının səbəbkarı ABŞ-dir. O, adadakı vəziyyətin “xüsusilə gərgin” olduğunu etiraf edib:
“Bu dramatik pisləşmənin bir səbəbi var –bizə yanacaq satan bütün dövlətlərə irrasional tariflərlə hədə-qorxu gələn ABŞ-nin soyqırımı xarakterli enerji blokadası”.
“Politfm”



