Azərbaycanın regionlarında son onillikdə onlarla müasir müalicə-diaqnostika mərkəzi və mərkəzi xəstəxanalar tikilib istifadəyə verilib. Amma infrastrukturun yenilənməsi hələ xidmətin əlçatanlığı demək deyil.

Mövzunu Milli Məclisin bügünkü iclasında ombudsman Səbinə Əliyevanın çıxışı bu acı həqiqəti yenidən gündəmə gətirdi: Azərbaycan səhiyyəsi “müasir divarlar”la “kadr çatışmazlığı” arasındakı dərin uçurumun içindədir.

Coğrafi konsentrasiya: statistika nə deyir?

Azərbaycanda həkimlərin paylanma coğrafiyası kəskin disbalans təşkil edir. Rəsmi statistikaya görə, ölkədə hər 10 həkimdən 7-si paytaxt Bakıda fəaliyyət göstərir.

Bakıda hər 10 min nəfərə düşən həkim sayı təxminən 97 nəfərdir.
Bəzi uzaq rayonlarda bu rəqəm 12-15 nəfər təşkil edir.
Bu o deməkdir ki, Bakıdakı bir vətəndaşın tibbi xidmətə çıxış imkanı region sakininə nisbətən 6-7 dəfə daha yüksəkdir.

Bu disbalansın nəticəsi olaraq ən sadə cərrahi müdaxilə və ya dar ixtisaslı müayinə (məsələn, uşaq kardiologiyası və ya endokrinologiya) üçün region sakini Bakıya üz tutur. Bu, həm vətəndaşın büdcəsinə, həm də Bakıdakı xəstəxanaların yüklənməsinə birbaşa mənfi təsir göstərir.

2009-cu ilin pul əlavələri və 2025-ci ilin qiymətləri 

Ombudsmanın toxundu ən kritik məqam Nazirlər Kabinetinin 119 nömrəli qərarında nəzərdə tutulmuş maliyyə həvəsləndirmələridir. Qərardakı rəqəmləri bugünkü iqtisadi reallıqlarla müqayisə edəndə görmək olur ki, onlar artıq simvolik xarakter daşıyır.

Göstərici                                    2009-2010                 2026
Həvəsləndirmə əlavəsi                60 – 100 AZN        dəyişməyib
Yaşayış minimumu                    ~87 AZN                 317 AZN
Regionda kirayə haqqı                50 – 80 AZN        300 – 500 AZN
Minimum ərzaq səbəti              ~70 AZN               ~200+ AZN

Cədvəldən göründüyü kimi, 2009-cu ildə verilən 100 manatlıq əlavə yaşayış minimumunu üstələyirdi və ya həkimin kirayə xərcini tam ödəyirdi.

2026-ci ildə isə bu məbləğ bir həkimin sadəcə 10 günlük yol və nahar xərcidir. Həkimin regiona köçməsi üçün dövlətin təklif etdiyi “iqtisadi motivasiya” real xərclərin cəmi 15-20%-ni qarşılayır.

İcbari tibbi sığorta: regionda işləyən həkimlər niyə uduzurlar?

İcbari tibbi sığortanın tətbiqi nəticəsində həkimlərin gəlirləri bonus sisteminə keçdi. Bu, nəzəri olaraq ədalətli görünsə də, praktiki baxımdan regionlardakı kadr çatışmazlığını daha da dərinləşdirir. Aşağıdakı səbəblərə görə:

– pasiyent sayından asılılıq: Bakıdakı xəstəxanada pasiyent sayı çox olduğu üçün həkimin aldığı bonuslar maaşını bir neçə dəfə artırır;

– regiondakı dövriyyə zəifliyi. Əhalinin az olduğu və ya infrastrukturun zəif olduğu rayonda həkim nə qədər peşəkar olsa da, pasiyent azlığına görə bonus qazana bilmir.

Buna görə dı gənc mütəxəssis üçün regiona getmək iqtisadi baxımdan “cəza” hesab olunur. Həkim Bakıda daha çox qazandığı halda, niyə daha ağır şəraitdə və az maaşa regiona getsin ki?

Sosial infrastruktur çətinlikləri

Əslində, məsələ təkcə maaş deyil. Həkimlərin regiondan qaçmasının arxasında duran digər faktorlar “yaşayış ekosistemi” ilə bağlıdır:

1. təhsil imkanları: regiona gedən həkim öz övladları üçün keyfiyyətli məktəb və bağça tapmaqda çətinlik çəkir;

2. peşəkar izolasiya: elmi konfransların, professional mühitin yalnız mərkəzdə cəmləşməsi həkimin “geridə qalma” qorxusunu yaradır;

3. iş şəraiti: bəzi ucqar kəndlərdə diaqnostik avadanlıqların yoxluğu həkimin öz ixtisasını tətbiq etməsinə mane olur. Məsələn, neyrocərrah MRT olmayan rayonda nə edə bilər?

Hökumət nə etməlidir?

Bölgələrdə çalışan həkimlər üçün maliyyə təminatlarının yenidən nəzərdən keçirilməsi artıq seçim yox, zərurətdir.

Ekspertlərin qənaətinə görə, regional tibbi xidməti dirçəltmək üçün aşağıdakı model tətbiq olunmalıdır:

– diferensial maaş. Bakıdan uzaqlaşdıqca, həkimin sabit maaşı və maaş əmsalını artmalıdır;

– mənzil təminatı: həkimə sadəcə “kirayə pulu” deyil, xidməti mənzil verilməli və 10 il işlədikdən sonra mənzil onun mülkiyyətinə keçməlidir;

– vergi güzəştləri: regionda işləyən həkimlər gəlir vergisindən azad edilməli və ya güzəştlər tətbiq olunmalıdır.

Nəticə etibarilə ortaya çıxan reallıq budur ki, günümüzün sosial-iqtisadi tələblərinə uyğun radikal addımlar atılmasa, regionlardakı xəstəxanalar yalnız “müasir muzeylər” funksiyasını yerinə yetirəcək, ölkənin səhiyyə xəritəsindəki Bakı mərkəzli şişkinlik daha da artacaq.

“Politfm”