İrana qarşı hərbi əməliyyatlar artıq lokal münaqişə çərçivəsini aşmaqda, iqtisadi fəsadlar zəncirvari reaksiyayla bütün qitələrə yayılmaqdadır.
Logistik iflic
Dünya neft tədarükünün şah damarı olan Hörmüz boğazının bağlanması, İranın BƏƏ və Səudiyyə Ərəbistanındakı neft infrastrukturlarını vurması bazarları şoka salıb.
Gündəlik təxminən 20 milyon barel neftin (dünya istehlakının 20%-i) keçdiyi yol kəsilib. Bu, Avropa və Asiya (xüsusilə Çin və Yaponiya) üçün ciddi enerji aclığı deməkdir.
Bu günə – martın 3-nə olan məlumata görə, ABŞ nefti 3,6% bahalaşaraq 73,81 dollara, “Brent” nefti isə 5,3% bahalaşaraq 83.50 civarında yüksəlib. Bəzi analitiklər müharibədən sonra neft qiymətlərinin bir barel üçün 100 dollara çatması riskini qiymətləndirməyə başlayıblar.
Qətərdən ixrac edilən Mayeləşdirilmiş Təbii Qaz (LNG) tankerlərinin hərəkəti dayandığı üçün Avropada qaz qiyməti 50-60% artaraq min kubmetr üçün təxminən 711 dollara (MVt/saat üçün 59 avroya) yüksəlib.
Yaxın Şərq təkcə neft diyarı deyil. Bu region həm də mühüm bir logistika qovşaqdır.
Dubay və Doha hava limanlarının vurulması və ya bağlanması Avropayla Asiya arasındakı hava körpüsünü “dağıdıb”. Uçuşlar Afrika üzərindən dolanmaqla həyata keçirilir və bu, yanacaq xərclərini və çatdırılma müddətini 2-3 dəfə artırıb.
Hind okeanında və Oman körfəzində sığorta xərcləri artıb. Bir çox gəmiçilik şirkəti bu sulara girməkdən imtina edir.
Azərbaycanın da pay sahibi olduğu Şimal-Cənub Dəhlizi İran ərazisindəki infrastrukturu dağıldığı üçün tamamilə dayanıb.
Müharibənin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri
Hazırkı qlobal fırtınanın Azərbaycanın daxili bazarından və maliyyə sektorundan yan keçməsi mümkün deyil, çünki coğrafi yaxınlıq və iqtisadi əlaqələr kimi faktorlar müəyyən təsirləri (məsələn, qiymət artımını, inflyasiyanı) qaşılmaz edir.
Neft və qaz qiymətlərinin artması Azərbaycana əlavə gəlir qazandırsa da, ərzaq və istehlak mallarının əhəmiyyətli hissəsini idxal etdiyi üçün logistik xərclərin artması birbaşa piştaxtalara təsir edəcək:
– Avropa və Asiyadan gələn texnika, geyim və avtomobil ehtiyat hissələrinin qiymətində 20-30% artım ola bilər;
– Rusiya və Qazaxıstandan idxal olunan taxıl və digər mühüm ərzaq məhsullarının daşınma xərcləri artdığı üçün un, yağ və şəkər kimi strateji məhsulların bahalaşması riski var;
– qlobal yanacaq böhranı fonunda daxili bazarda da yanacaq (dolayısıyla kommunal xidmətlər də) bahalaşa bilər;
– İranla ticarətin dayanması bu ölkədən gələn ucuz kənd təsərrüfatı məhsulları və tikinti materiallarının (sement, kafel və s.) idxalını dayandırdığı üçün yerli bazarda bu malların qiyməti arta bilər;
– mövcud qeyri-müəyyənlik və müharibə riski iri investisiyaları (məsələn, mənzil alışlarını) ləngidə bilər;
– müharibə qorxusu və qaçqın axını fonunda valyuta bazarında dollara tələbatın artması manat üzərində psixoloji təzyiqi artıra bilər.
Qlobal fəsadlar
Son günlərdə bitcoin və digər altkoinlərdə kəskin enişlər müşahidə olunur. İnvestorlar riskli aktivlərdən (səhmlərdən, kriptovalyutalardan) vaz keçərək ənənəvi təhlükəsiz aktivlərə sığınırlar. Bu səbəbdən hazırda qızılın bir unsiyasının qiyməti tarixi rekordu qıraraq 2800 dolları keçib.
ABŞ dolları və İsveçrə frankı digər valyutalar qarşısında sürətlə bahalaşır.
Ekspertlərin qənaətinə görə, hərbi əməliyyatlar 1 aydan çox davam edərsə, dünya iqtisadiyyatı staqflyasiya (istehsalın dayanmasıyla müşayiət olunan yüksək inflyasiya) dövrünə girəcək.
Müharibədən sonrakı dövrdə İranın bərpasına sərf ediləcək maliyyə regional iqtisadiyyatı onilliklər boyu geri salacaq.
Yaxın Şərqin, xüsusilə də BƏƏ-nin və Səudiyyə Ərəbistanının “investisiya cənnəti” imici uzun müddət bərpa olunmayacaq.
Hazırda yaşanan “qara qu quşu” vəziyyətinin iqtisadi zərbəsi çox dərin olacaq və hətta müharibə sabah dayansa belə, tədarük zəncirlərinin və qiymətlərin sabitləşməsi üçün minimum 12-18 ay vaxt lazım gələcək.
“Politfm”



