Foto: internet



Azərbaycanda uzun illərdir ki, müzakirə olunan məsələləridən biri də hökumətin “uşaqpulu” siyasətidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son açıqlamasında bildirilir ki, Azərbaycanda 2939 qadın uşağa görə müavinət alır.

 

Mövcud qanunvericiliyə görə, bu müavinət beşdən çox uşaq doğub tərbiyə edən qadınlara (uşaqların sağ olması şərti ilə) uşaq 1 yaşına çatdıqda təyin olunur.
Müavinətin məbləği hər uşaq üçün 140 manat təşkil edir.

Bəzən deputatlar və ya hökumət nümayəndələri “Azərbaycanda uşaqpulu verilir” deyəndə, məhz bu halı nəzərdə tuturlar. Amma qanunun məhz bu formada tənzimlənməsi həm cəmiyyətdə, həm də müstəqil ekspertlər tərəfindən mənfi qiymətləndirilir.

Qeyd olunur ki, qanunvericilikdə müavinət ödənişinin məhz beşinci uşaqdan başlaması müasir ailə modelinə uyğun gəlmir. Çünki bu gün Azərbaycanda ailələrin böyük əksəriyyətinin 2 və ya 3 uşağ var. Ona görə də çox az sayda qadın həmin müavinəti ala bilir. Bu, proqramın əhatə dairəsini daraldır, real sosial təsirini azaldır.

Tənqidlər həm də müavinətin miqdarıyla bağlıdır. Mövcud inflyasiya dərəcələri və uşaq baxımı xərcləriylə (qida, geyim, təhsil, tibb) müqayisədə hər uşaq üçün nəzərdə tutulan 140 manatlıq ödəniş simvolik xarakter daşıyır. Beş uşağı olan bir ailənin aylıq xərcləri ilə müavinətin məbləği arasında uçurum var. Bu məbləğ uşağın hətta minimum ehtiyaclarını da ödəmir və bu, “dövlət qayğısı” konseptinin effektivliyini sual altına qoyur.

Müavinətin yalnız 5-ci uşaqdan sonra ödənilməsi 3 və ya 4 uşaqlı anaların zəhmətinin “görünməz” qalması deməkdir.

Bir çox inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə “çoxuşaqlı ailə” statusu 3-cü uşaqdan etibarən verilir və bu ailələrə vergi güzəştləri, kommunal xidmətlərdə endirimlər, pulsuz təhsil imkanları təqdim olunur.

Azərbaycanda isə mövcud qanunvericilik daha çox ekstremal çoxuşaqlılığı (yəni nadir halları) dəstəkləyir, nəinki geniş ailə modelini.

Ekspertlər hesab edirlər ki, ədalətlilik prinsipi baxımından bu sayın 3 uşağa endirilməsi və məbləğin yaşayış minimumuna (300 manat) çatdırılması daha məntiqli olardı.
Onlar həmçinin qeyd edirlər ki, müasir sosial siyasət anaların reabilitasiyası, asudə vaxtının təşkili və erkən pensiya hüquqları kimi kompleks yanaşmaları da əhatə etməlidir.

“Politfm”