Foto: internet
Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, 2026-cı ilin iyun ayında Azərbaycanda aylıq sosial müavinət və təqaüd alanların sayı 881 min 295 nəfərə çatıb və bu, ötən ilin eyni ayıyla müqayisədə təxminən 1,9% və ya 16,3 min nəfər çoxdur.
İllik müqayisədə isə aylıq sosial müavinət alanların sayı 3,1% artaraq 462 mindən çox nəfərdən 476 min 224 nəfərə, təqaüd alanların sayı 0,5% artaraq 403 mindən çox nəfərdən 405 071 nəfərə çatıb.
Məlumatda həmçinin qeyd olunur ki, benefisiarların 476 min 224 nəfəri aylıq sosial müavinət, 405 min 71 nəfəri isə təqaüd alıb.
“Politfm” bu rəqəmləri Dövlət Statistika Komitəsinin bir neçə gün əvvəl yenilədiyi keçənilki statistika fonunda analiz edib.
Qurumun cins və yaş qrupları üzrə ölüm göstəriciliriylə bağlı hesablamasına görə, 2020–2024-cü illərdə Azərbaycanda 65 yaşına çatmadan vəfat edən kişilərin ümumi sayı 88 min 100 nəfər olub. “Yeniavaz.com” isə öz hesablamalarına əsasən yazıb ki, 2020-2024-cü illərdə pensiya yaşına çatmadan ölən kişilər həmin dövrdə vəfat edən kişilərin ümumi sayının yarısını (48,5 faiz) təşkil edib.
Qeyd: Azərbaycanda müstəqillikdən sonra kişilərin pensiya yaşı bir neçə dəfə artırılaraq 60 yaşdan 65 yaşa çatdırılıb.
İki kateqoriya, bir mövzu
Azərbaycanda sosial siyasətlə bağlı iki statistik məlumat ilk baxışda bir-birindən ayrı mövzular kimi görünür.
Birincisini sosial siyasətin genişlənməsi, ikincisini isə demoqrafik və ya səhiyyə problemi kimi qiymətləndirmək olar. Amma bu rəqəmləri eyni sosial siyasət çərçivəsində qiymətləndirdikdə daha mürəkkəb mənzərə yaranır.
Bir tərəfdən dövlət yüz minlərlə insanı sosial ödənişlərlə əhatə edir, pensiyaları, müavinətləri və təqaüdləri sosial dövlət siyasətinin göstəricisi kimi təqdim edir. Digər tərəfdən isə on minlərlə kişi qanunla müəyyən edilmiş pensiya yaşına ümumiyyətlə çatmır.
Beləliklə, əsas sual artıq yalnız dövlətin nə qədər sosial ödəniş etməsi deyil. Sual budur: dövlət insanın sosial risk baş verdikdən sonrakı vəziyyətini kompensasiya edir, yoxsa həmin risklərin – yoxsulluğun, sağlamlığın itirilməsinin və erkən ölümün qarşısını almağa qadir sosial sistem qurur?
Məhz bu sual rəsmilərin tez-tez səsləndirdiyi “Azərbaycan sosial dövlətdir” bəyanının real məzmununu qiymətləndirmək üçün əsas meyarlardan biri olmalıdır.
Beş il ərzində 88 mindən çox kişinin pensiya yaşına çatmadan vəfat etməsi pensiya siyasətinin, səhiyyənin, əmək şəraitinin və bütövlükdə sosial dövlət modelinin nəticələri haqqında ciddi müzakirə tələb edən göstəricidir.
881 min benefisiar: sosial siyasətin uğuru, yoxsa sosial ehtiyacın miqyası?
2026-cı ilin iyununda Azərbaycanda aylıq sosial müavinət və təqaüd alanların ümumi sayı 881 min 295 nəfər olub. Onlardan 476 min 224 nəfəri aylıq sosial müavinət, 405 min 71 nəfəri isə təqaüd alıb. Bir il ərzində ümumi benefisiarların sayı təxminən 16,3 min nəfər artıb.
Doğrudur, bu rəqəmlər dövlətin geniş sosial müdafiə mexanizmlərinə malik olduğunu göstərir. Müxtəlif sosial risk qruplarının dövlət ödənişləri ilə əhatə olunması sosial dövlət modelinin mühüm elementidir. Əlilliyi olan şəxslər, ailə başçısını itirənlər, yaşlılar və digər həssas qruplar üçün müavinət və təqaüd sisteminin mövcudluğu dövlətin müəyyən sosial məsuliyyət daşıdığını göstərir.
Ancaq burada çox vaxt diqqətdən kənarda qalan fundamental bir məsələ var: benefisiarların sayının artması avtomatik olaraq sosial rifahın artması demək deyil.
Çünki sosial ödəniş alanların sayının artmasının ən azı iki fərqli izahı mümkündür.
Birinci halda dövlət əvvəllər sosial müdafiə sistemindən kənarda qalan insanları sistemə daxil edir, əlçatanlığı artırır və daha geniş əhali qruplarını sosial təminatla əhatə edir. Bu, sosial siyasətin müsbət nəticəsi hesab edilə bilər.
İkinci halda isə sosial ödəniş alanların sayının artması daha çox insanın dövlət yardımına ehtiyac duymasının göstəricisidir. Yəni benefisiarların sayı ona görə artır ki, daha çox insan gəlir itkisi, yoxsulluq, əmək qabiliyyətinin məhdudlaşması və digər sosial risklərlə üzləşir.
Bu iki proses zahirən eyni statistik nəticəni – benefisiarların sayının artması vəziyyətini yarada bilər. Amma sosial siyasət baxımından onların mənası tamamilə fərqlidir.
Buna görə 881 min nəfərin sosial ödəniş alması dövlətin sosial müdafiə sisteminin miqyasını göstərir, amma həmin sistemin uğurunu avtomatik olaraq sübut etmir.
Əksinə, bu rəqəm başqa bir sual da doğurur: təxminən 10 milyon əhalisi olan ölkədə yüz minlərlə insanın daimi sosial ödəniş sistemində olması sosial dövlətin gücünün göstəricisidir, yoxsa əhalinin böyük hissəsinin bazar gəlirləri və əmək fəaliyyəti hesabına kifayət qədər sosial təhlükəsizlik əldə edə bilməməsinin əlamətidir?
Bu suala cavab vermədən benefisiarların sayının artmasını birmənalı uğur kimi təqdim etmək mümkün deyil. Sosial siyasətin nəticəsi yalnız “Dövlət neçə nəfərə pul ödəyir?” sualı ilə ölçülə bilməz.
Daha vacib suallar bunlardır: bu ödənişlər insanların real yoxsulluq riskini nə qədər azaldır? Benefisiarların yaşayış səviyyəsini nə dərəcədə yaxşılaşdırır? İnsanların dövlət yardımından uzunmüddətli asılılığını azaldırmı? Sosial ödənişlərin məbləği ərzaq, dərman, mənzil, kommunal xidmət və digər zəruri xərclərin real səviyyəsinə nə dərəcədə uyğundur? Çünki sosial dövlətin keyfiyyəti büdcədən ayrılan vəsaitin və ya benefisiarların sayının çoxluğuyla yox, həmin siyasətin insan həyatında yaratdığı real nəticəylə ölçülməlidir.
Sosial dövlət yalnız müavinət ödəyən dövlət deyil
Sosial dövlət sadəcə aztəminatlı və həssas qruplara pul ödəyən dövlət deyil. Müasir sosial dövlət anlayışı bundan xeyli genişdir.
Belə dövlət vətəndaşın həyat dövrü boyunca üzləşdiyi əsas sosial riskləri – yoxsulluğu, işsizliyi, xəstəlikləri, əmək qabiliyyətinin itirilməsini, qocalıq yaşını, gəlir itkilərini və sosial təcrid təhlükəsini azaltmağa çalışır. Bu baxımdan sosial siyasətin iki əsas istiqamətini fərqləndirmək mümkündür.
Birincisi, kompensasiyaedici siyasətdir. İnsan artıq yoxsuldur, xəstədir, əmək qabiliyyətini itirib və ya digər sosial risklə üzləşib deyə dövlət ona müəyyən maliyyə yardımı göstərir.
İkincisi isə preventiv, yəni qabaqlayıcı siyasətdir. Dövlət elə iqtisadi, səhiyyə, əmək və sosial şərait yaratmağa çalışır ki, insanın yoxsulluğa düşmək, vaxtından əvvəl əmək qabiliyyətini itirmək və ya erkən ölmək riski mümkün qədər azalsın.
Bu iki yanaşma arasında prinsipial fərq var. Birinci model sosial problemin nəticələrini idarə edir. İkinci modelsə həmin problemin yaranma ehtimalını azaltmağa çalışır.
Azərbaycanın mövcud sosial siyasətində birinci istiqamət – sosial risk baş verdikdən sonra onun nəticələrinin müəyyən qədər kompensasiya edilməsi praktikası daha qabarıqdır. Müavinət və təqaüd ödənişləri bunun bariz nümunəsidir.
Amma onminlərlə insan pensiya yaşına çatmadan vəfat edirsə, social siyasət riskin baş vermə ehtimalını azaltmağa yönəldilməlidir.
Pensiya yaşına çatmadan ölənlərlə bağlı statistika nəyi göstərir?
2020–2024-cü illərdə 88 min 100 kişinin 65 yaşına çatmadan vəfat etməsi sosial siyasətə yalnız pensiya və müavinət prizmasından baxmağın kifayət etmədiyini göstərir.
Pensiya sistemi mahiyyət etibarilə uzunmüddətli sosial müqavilədir. İnsan əmək fəaliyyəti dövründə işləyir, vergi və sosial sığorta ödənişləri edir. Dövlət isə müəyyən yaşdan sonra onun gəlir təhlükəsizliyini təmin etməyi öhdəsinə götürür.
Amma burada fundamental ədalət məsələsi meydana çıxır: insan pensiya yaşına çatmadan vəfat edirsə, həmin sosial müqavilədən özü nə dərəcədə faydalana bilir?
Bu sual xüsusilə aşağı gəlirli, ağır fiziki əməklə məşğul olan, sağlamlıq riskləri yüksək olan və keyfiyyətli tibbi xidmətə çıxışı məhdud qruplar üçün mühüm əhəmiyyət daşıyır.
İnsan onilliklərlə işləyə, sosial sığorta ödənişləri edə, iqtisadi sistemin fəaliyyətinə töhfə verə bilər. Lakin 65 yaşına çatmadan vəfat edirsə, onun pensiya sistemindən şəxsən istifadə imkanları yaranmır və ya son dərəcə məhdud olur.
Bu isə pensiya yaşının yalnız inzibati və fiskal göstərici kimi yox, sosial ədalət məsələsi kimi də müzakirə olunmasını zəruri edir.
Doğrudur, vahid pensiya yaşının tətbiqi hüquqi baxımdan bərabərlik yaradır, amma formal bərabərlik həmişə real sosial ədalət demək deyil.
Məsələn, ağır fiziki əmək şəraitində çalışan, sağlamlığı uzun illər ərzində peşə fəaliyyəti nəticəsində aşınan şəxslə daha təhlükəsiz və yüksək gəlirli işdə çalışan şəxsin eyni pensiya yaşına tabe edilməsi formal olaraq bərabər yanaşmadır. Ancaq onların sağlam ömür uzunluğu, əmək qabiliyyəti, tibbi xidmətə çıxışı və 65 yaşdan sonrakı həyat perspektivi eyni olmaya bilər.
Əgər müxtəlif sosial və peşə qrupları arasında sağlam ömür uzunluğunda ciddi fərqlər varsa, vahid pensiya yaşının sosial ədalət baxımından yenidən müzakirəsi legitim və zəruri məsələdir.
Pensiya yaşı yalnız büdcə məsələsi deyil
Pensiya yaşının artırılması, adətən, demoqrafik və fiskal arqumentlərlə əsaslandırılır. Müasir dövrdə insanlar daha çox yaşayır, pensiya sisteminin maliyyə yükü artır, işləyənlərin pensiyaçıları maliyyələşdirməsi çətinləşir və buna görə pensiya yaşı artırılır.
Bu arqumentlərin iqtisadi məntiqi var, heç bir pensiya sistemi maliyyə dayanıqlığı məsələsini nəzərə almadan fəaliyyət göstərə bilməz. Digər tərəfdən, sosial dövlətin pensiya siyasəti yalnız büdcə dayanıqlığından ibarət ola bilməz.
Çünki orta ömür uzunluğuyla sağlam ömür uzunluğu eyni göstərici deyil. İnsan statistik olaraq daha uzun yaşaya bilər, amma həyatının son illərini ağır xəstəliklər, əmək qabiliyyətinin məhdudlaşması və yüksək tibbi xərclərlə keçirə bilər.
Ona görə də pensiya siyasətində təkcə “İnsanlar orta hesabla neçə il yaşayırlar?” sualı əsas götürülməməlidir, onların hansı yaşa kimi sağlam və əmək qabiliyyətli olduqları da nəzərə alınmalıdır.
Bundan başqa, orta göstəricilər sosial bərabərsizliyi gizlədə bilər – yüksək gəlirli və aşağı gəlirli şəxslərin, şəhər və region əhalisinin, ağır fiziki və ofis əməyində çalışanların sağlamlıq və ömür göstəriciləri eyni olmaya bilər.
Pensiya yaşı hamı üçün eynidirsə, amma həmin yaşa sağlam şəkildə çatmaq imkanları bərabər deyilsə, sistem formal universallıq yaratsa da, faktiki nəticələri qeyri-bərabər olacaq. Bu baxımdan pensiya yaşı sadəcə dövlət büdcəsinin imkanlarına əsasən müəyyənləşdirilməməlidir.
Eyni dərəcədə vacib olan başqa sual da var: vətəndaşların nə qədəri müəyyən edilmiş pensiya yaşına çatır və bundan sonra neçə il sağlam həyat yaşayır?
Əgər pensiya sisteminin maliyyə dayanıqlığı insanların pensiya hüququndan real istifadə imkanlarının azalması hesabına təmin edilirsə, bu, sosial dövlət prinsipinə zidd vəziyyət yaradır.
Sosial ödəniş alanların çoxalmaslyla sosial rifahın artması eyni şey deyil
Azərbaycanda sosial siyasət haqqında rəsmi diskursda çox vaxt pensiya və müavinətlərin artırılması, yeni ödənişlərin tətbiqi və benefisiarların sayının genişlənməsi əsas göstəricilər kimi təqdim olunur.
Əlbətt, bunlar əhəmiyyətsiz məqamlar deyil. Əksinə, xüsusilə aşağı gəlirli insanlar üçün hətta kiçik nominal artımın gündəlik həyatda əhəmiyyəti ola bilər. Amma sosial siyasətin qiymətləndirilməsində nominal göstəricilər kifayət etmir.
Məsələn, müavinət 10 faiz artırsa, amma həmin dövrdə insanın zəruri istehlak xərcləri daha sürətlə yüksəlirsə, nominal artım real rifah artımına çevrilmir. Eyni şəkildə pensiya da artırıla bilər; amma dərman, tibbi xidmət, ərzaq və kommunal xərclərin yüksəlməsi o artımın böyük hissəsini “udacaq”. Bu baxımdan sosial dövlətin gücü ödənişlərin nominal məbləğiylə yox, onların alıcılıq qabiliyyətiylə ölçülməlidir.
Başqa sözlə, ən vacib göstərici pensiyanın neçə manat olması deyil. Əsas sual budur: bu pensiyayla insan hansı həyat səviyyəsini təmin edə bilir? Eyni yanaşma sosial müavinətlərə də tətbiq edilməlidir.
Dövlət müəyyən sosial risklərə görə ödəniş edə bilər, amma həmin ödəniş insanın minimum ehtiyaclarına belə yetmirsə, deməli, sosial müdafiə siyasəti effektiv deyil. Başqa sözlə, sosial dövlət ödənişin adekvatlığını da təmin etməlidir.
Sosial siyasət yoxsulluğu idarə etməlidir, yoxsa azaltmalıdır?
Sosial siyasətin məqsədi yoxsulluğun nəticələrini idarə etməkdir, yoxsa insanların yoxsulluqdan çıxmasına şərait yaratmaq?
Əgər sosial müdafiə sistemi əsasən aşağı məbləğli ödənişlər vasitəsilə insanların minimum səviyyədə mövcudluğunu təmin edirsə, bu sistem sosial gərginliyi yumşalda bilər, amma yoxsulluğun struktur səbəblərini aradan qaldırmaya bilər.
Belə model insanın gəlir əldə etmək, keyfiyyətli iş tapmaq, sağlamlığını qorumaq və iqtisadi müstəqillik qazanmaq imkanlarını artırmır. Nəticə etibarilə sosial müdafiə sistemi insanları yoxsulluğun içində saxlayan və onun yalnız ən ağır nəticələrini yumşaldan mexanizmə çevrilir.
Güclü sosial dövlət sosial transferləri iqtisadi siyasətdən, əmək bazarından, səhiyyədən və təhsildən ayrı görmür. İnsanın layiqli masala və təhlükəsiz əmək şəraitində işləməsi, keyfiyyətli səhiyyəyə çıxışı, xəstəliyə görə yoxsullaşmaması və yaşlanandan sonra gəlirlə təmin edilməsi vahid sosial siyasət sisteminin vacib hissələridir.
Bu baxımdan çox sayda insanın sosial ödəniş alması bəzən dövlətin sosial gücünün göstəricisi olduğu qədər iqtisadi sistemdəki struktur zəifliklərin də göstəricisi ola bilər. Yəni ən uğurlu sosial siyasət mütləq ən çox insana müavinət vermək deyil. Uzunmüddətli perspektivdə daha az insanın yoxsulluq və sosial asılılıq vəziyyətinə düşməsinə şərait yaradan siyasət uğurlu sayıla bilər.
Bu mənada sosial dövlətin məqsədi benefisiarların sayını sonsuz şəkildə artırmaq deyil. Məqsəd ehtiyacı olan hər kəsi müdafiə etməklə yanaşı, insanların sosial yardıma möhtac qalmasının struktur səbəblərini azaltmaqdır.
Erkən ölüm də sosial siyasət məsələsidir
Pensiya yaşına çatmadan ölüm statistikasına yalnız demoqrafik və ya tibbi problem kimi baxmaq düzgün olmazdı.
Erkən ölüm eyni zamanda sosial siyasət göstəricisidir. Çünki insanların ömrünə yalnız biologiya və fərdi həyat tərzi təsir etmir. Gəlir səviyyəsi, iş şəraiti, qidalanma, yaşayış mühiti, profilaktik tibbi xidmətə çıxış, xəstəliklərin erkən aşkarlanması, iş stresi, uzun iş saatları, ekoloji şərait və digər sosial faktorlar da insanın nə qədər və hansı sağlamlıq vəziyyətində yaşayacağını müəyyənləşdirir.
Bu baxımdan 65 yaşdan əvvəl ölüm hallarının yüksək olması yalnız səhiyyə sisteminin problemi deyil. Bu, əmək siyasətinin, gəlir siyasətinin, sosial müdafiənin və ümumi iqtisadi modelin nəticələriylə də əlaqəlidir.
Əgər çox sayda insan onilliklər boyu işləyib pensiya yaşına çatmadan vəfat edirsə, bu, sosial sistemin nəticələrini qiymətləndirmək üçün mühüm göstəriciyə çevrilir.
Azərbaycan sosial dövlətdirmi?
İnstitusional baxımdan Azərbaycanda sosial dövlətə xas mühüm mexanizmlər mövcuddur. Pensiya sistemi, sosial sığorta, sosial müavinətlər, təqaüdlər, ünvanlı sosial yardım və müxtəlif həssas qruplar üçün dövlət dəstəyi sistemi fəaliyyət göstərir. Bu baxımdan rəsmilərin “Azərbaycan sosial dövlətdir” bəyanının müəyyən institusional əsası var. Dövlət sosial riskləri tamamilə fərdin və ailənin üzərinə buraxmır. Müxtəlif sosial qruplara büdcə və sosial sığorta sistemi vasitəsilə müəyyən maliyyə dəstəyi göstərilir.
Amma sosial dövlətin effektivliyi həm də həmin institutların yaratdığı nəticələrlə qiymətləndirilməlidir. Əgər sosial ödənişlərin əhatə dairəsi genişlənirsə, amma əhalinin böyük qismi aşağı gəlir, sağlamlıq riskləri və erkən ölüm problemiylə üzləşirsə, bu, artıq qeyri-effektiv nəticədir.
Bu baxımdan hökumətin sosial siyasətini daha çox kompensasiyaedici model kimi xarakterizə etmək mümkündür: dövlət sosial risk yaranandan sonra onun nəticələrini yumşaltmağa çalışır.
Daha inkişaf etmiş sosial dövlət modeli isə yoxsulluğun yaranma ehtimalını azaltmağa çalışır. Təkcə xəstəliyin və əmək qabiliyyətinin itirilməsinin nəticəsinə görə ödəniş etmir, sağlamlığın qorunmasına və təhlükəsiz əmək şəraitinə investisiya qoyur. Yalnız pensiya vermir, insanın pensiya yaşına sağlam və təhlükəsiz şəkildə çatmasını da sosial siyasətin nəticəsi hesab edir.
Əsas ziddiyyət
Beləliklə, açıqlanan rəqəmlər hökumətin sosial siyasətindəki əsas ziddiyyəti aydın göstərir.
Bir tərəfdə 881 mindən çox sosial müavinət və təqaüd alan insan var. Bu, dövlətin geniş sosial öhdəliklər daşıdığını və böyük sosial müdafiə sisteminə malik olduğunu göstərir. Digər tərəfdə isə beş ildə pensiya yaşına çatmadan vəfat etmiş 88 mindən çox kişi var.
Bu vəziyyət hökumətin fundamental suallara cavab verməsini zəruri edir:
– insanlar neçə il sağlam yaşayırlar;
– aşağı gəlirli və ağır əmək şəraitində çalışan insanların sağlam ömür perspektivi hansı səviyyədədir;
– sosial ödənişlər insanları yoxsulluqdan çıxarırmı;
– pensiya və müavinətlər insanların faktiki yaşayış xərclərinə nə dərəcədə adekvatdır?
– pensiya yaşına çatmaq müxtəlif sosial və peşə qrupları üçün eyni dərəcədə realdırmı?
– və nəhayət, dövlət sosial problemlərin nəticələrini maliyyələşdirməklə kifayətlənir, yoxsa həmin problemlərin yaranma səbəblərini də aradan qaldırmağa çalışır?
“Politfm”



