Hörmüz boğazı, Birləşmiş Ərəb Əmirliklərinin şərq sahilləri (foto: AFP)
ABŞ Silahlı Qüvvələri ardıcıl üçüncü gecə İrana silsilə zərbələr endirib. Bundan bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp İran limanlarının təkrar blokadaya alındığını açıqlayıb və Hörmüz boğazının mühafizəsi üçün 20%-lik rüsum tətbiq etməyi təklif edib. İransa öz növbəsində BƏƏ-yə məxsus iki tankerə zərbə endirib. Əbu-Dabi hücum nəticəsində bir nəfərin öldüyünü bildirib.
Tramp “Hugh Hewitt Show” proqramının efirində İranın “bu gecə çox güclü zərbə alacağını, sabah isə ona daha güclü zərbə endiriləcəyini və onların bunun qarşısını almaq üçün heç nə edə bilməyəcəyini” deyəndən az sonra Amerika hərbçiləri hücumlara başlayıblar (BBC).
Daha sonra prezident Ağ Evdə jurnalistlərə ABŞ-nin İrandakı obyektlərə zərbələr endirdiyini bildirib.
ABŞ-nin zərbələri
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana növbəti silsilə zərbələri Şərq vaxtıyla saat 22:15-də başa çatdırdığını açıqlayıb.
Beş saat davam edən əməliyyat zamanı ABŞ qüvvələri Buşəhr, Çabahar, Cask, Konarak, Əbu Musa və Bəndər-Abbas da daxil olmaqla, İran ərazisindəki hərbi obyektlərə zərbələr endiriblər. CENTCOM-un açıqlamasına görə, əməliyyatın məqsədi “İranın mülki gəmilərə zərbə endirmək imkanlarını daha da zəiflətmək” olub.
CENTCOM qüvvələri İranın sahil müdafiə sistemlərinə, raket və PUA komplekslərinə, eləcə də dəniz qüvvələrinə qarşı yüksək dəqiqlikli silahlardan istifadə ediblər.
“Hazırda Yaxın Şərqdə 50 mindən çox ABŞ hərbçisi yerləşdirilib. Amerika qüvvələri sayıqlığını və döyüş hazırlığını qoruyur, zərurət yaranarsa, güc tətbiq etməyə hazırdır” – ABŞ komandanlığının açıqlamasında belə deyilir.
ABŞ hərbçiləri İrana zərbələrin bərpa olunduğunu açıqladıqdan az sonra İran mediası Bəndər-Abbas liman şəhərində, Kiş və Qeşm adalarında, eləcə də Fars körfəzindəki Əbu Musa adasında partlayışlar baş verdiyini bildirib.
İranın “Fars” agentliyi Buşəhr ostanının Cəm şəhərinin sakinlərinin də bir neçə partlayış səsi eşitdiyini yazıb. Bir neçə saat ərzində müxtəlif ərazilərdən partlayışlar barədə xəbərlər daxil olub.
İranın IRNA agentliyi təhlükəsizlik qüvvələrinin nümayəndəsinə istinadən bildirib ki, çərşənbə axşamı səhər saatlarında ölkənin cənub-qərbində yerləşən Xuzistan ostanı ABŞ tərəfindən atəşə tutulub. Nəticədə dörd nəfər yaralanıb, xilasetmə əməliyyatları davam edir.
İranın zərbələri
İransa çərşənbə axşamına keçən gecə Hörmüz boğazında iki tankerə zərbə endirib.
BƏƏ Müdafiə Nazirliyinin məlumatına görə, İranın qanadlı raketləri ölkəyə məxsus “Mombasa” və “Al Bahiyah” neft tankerlərini boğazın cənub hissəsində, Omanın ərazi sularında olduqları vaxt vurub.
BƏƏ rəsmiləri bildiriblər ki, hücum nəticəsində Hindistan vətəndaşı olan bir ekipaj üzvü ölüb, daha səkkiz nəfər yaralanıb. Yaralılardan altısı Hindistan, ikisi isə Ukrayna vətəndaşıdır. Nazirliyin açıqlamasında ölən ekipaj üzvünün “Mombasa” tankerində olduğu bildirilir.
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) tankerin Omanın Qalhat şəhərindən 40 dəniz mili şimal-şərqdə olarkən naməlum mərmiylə vurulduğunu, bütün ekipaj üzvlərinin təhlükəsiz yerdə olduğunu bildirib.
UKMTO-nun açıqlamasının BƏƏ Müdafiə Nazirliyinin məlumat verdiyi eyni hadisəyə aid olub-olmadığı aydın deyil.
İran mediasının məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, “qaydaları pozan” iki supertanker dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadıqdan və naviqasiya sistemlərini söndürdükdən sonra vurularaq sıradan çıxarılıb.
SEPAH-ın açıqlamasında gəmilərin adları çəkilməyib və söhbətin BƏƏ Müdafiə Nazirliyinin məlumat verdiyi tankerlərdən gedib-getmədiyi dəqiqləşdirilməyib. Bununla belə, qurum ABŞ-ni “gəmiləri qanunsuz marşrutdan istifadə etməyə təhrik etməkdə” ittiham edib və xəbərdarlıq edib ki, “təcavüzkar düşmənlə” əməkdaşlıq itkilərə, gəmiçilik fəaliyyətinin bərpasının gecikməsinə və qlobal enerji böhranına səbəb olacaq.
İranın dövlət televiziyası ölkə ordusuna istinadən bildirib ki, qanadlı raketlərlə “düşmənə məxsus” ABŞ gəmisinə, PUA-larlasa Küveytdəki ABŞ obyektlərinə və texnikasına zərbələr endirilib.
İran mediası həmçinin SEPAH-ın Hörmüz boğazı üzərində ABŞ-yə məxsus “MQ-1” dronunu vurduğunu bildirib. Çərşənbə axşamı səhər saatlarında isə ABŞ-nin daha bir hərbi bazasının yerləşdiyi Bəhreyndə həyəcan siqnalları səslənib.
Bəhreyn kralının müşaviri Nəbil Əlhəmər “X” sosial şəbəkəsində yazıb ki, ölkənin hava hücumundan müdafiə sistemləri İranın hava hücumlarını dəf edərək hədəfləri məhv edib.
“Boğazın keşikçisi”
“Hörmüz boğazı AÇIQDIR və İranla və ya İransız AÇIQ QALACAQ. Biz İRANIN BLOKADASINI bərpa edirik” – Tramp bazar ertəsi “Truth Social” sosial şəbəkəsində belə yazıb.
“Bundan sonra ABŞ ‘HÖRMÜZ BOĞAZININ KEŞİKÇİSİ’ kimi tanınacaq. Bunun müqabilində və ƏDALƏT naminə daşınan bütün yüklərin dəyərinin 20%-i həcmində ödəniş alacağıq” deyə, ABŞ prezidenti əlavə edib.
İran Silahlı Qüvvələrinin Baş Birləşmiş Komandanlığı buna cavab olaraq bildirib ki, ABŞ Hörmüz boğazının gələcəyinin müəyyənləşdirilməsində heç bir rol oynamır və onun hər hansı müdaxiləsinə imkan verilməyəcək.
İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində yazıb ki, boğazın keşikçisi Tehrandır və “əbədi olaraq” da belə olacaq. Trampın sözlərini şərh edən nazir zarafatla əlavə edib: “20% ,əlbəttə ki, həddən artıq çoxdur. Biz ədalətli olacağıq”.
BMT-nin dənizçilik agentliyi Trampın boğazdan keçid üçün ödəniş tətbiq etmək təklifinə qarşı çıxıb. Qurum beynəlxalq gəmiçilik üçün istifadə olunan boğazlardan keçidə görə hər hansı rüsumun tətbiqini dəstəkləmədiyini bildirib və icbari ödənişlərin tətbiqi üçün hüquqi əsasın olmadığını vurğulayıb.
CENTCOM-un məlumatına görə, İranın dəniz blokadası iyulun 14-də Qrinviç vaxtı ilə saat 20:00-da qüvvəyə minir.
“İcazə olmadan blokadaya alınmış əraziyə daxil olmağa və ya oranı tərk etməyə çalışan istənilən gəmi dayandırıla, kursunu dəyişməyə məcbur edilə və ya ələ keçirilə bilər. Tələblər yerinə yetirilmədiyi halda güc tətbiq oluna bilər” – komandanlığın açıqlamasında belə deyilir.
Mübahisənin səbəbi
Ötən həftə Tramp İranla atəşkəsin başa çatdığını hesab etdiyini bildirmiş, amma danışıqlar üçün hələ imkan qaldığını qeyd etmişdi.
Cümə günü isə Tramp administrasiyası Tehrandan Hörmüz boğazından təhlükəsiz keçidə açıq zəmanət verməsini tələb edib. Vaşinqton bunun müharibəni dayandıracaq əsas şərtlərdən biri olduğunu bildirib. Cavab olaraq SEPAH yük gəmisinə zərbə endirib və boğazın “növbəti bildirişədək bağlı olduğunu” elan edib.
İranın xarici işlər naziri ABŞ-ni iyunda iki ölkə prezidentinin imzaladığı atəşkəs razılaşmasını – anlaşma memorandumunu pozmaqda ittiham edib. “Yalnız [razılaşmaya] qarşılıqlı əməl olunması mümkündür” – Əraqçi cümə günü “X” sosial şəbəkəsində yazıb.
İran hakimiyyəti bildirir ki, memorandumun bəndlərindən biri Tehrana Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə cavabdeh olmaq hüququ verir və Vaşinqtonu razılaşmanın şərtlərini pozmaqda ittiham edir.
Tehran həm kommersiya gəmilərinin Oman sahilləri yaxınlığındakı hərəkətini, həm də ABŞ-nin çərşənbə axşamı İran neftinin satışına icazə verən lisenziyanı ləğv etməsini razılaşmanın pozulması hesab edir.
Eyni zamanda, İran müharibəyədək qlobal neft və maye qaz tədarükünün beşdə birinin keçdiyi boğazdan istifadəyə görə daimi ödəniş sistemi yaratmağa çalışır və gəmilərə ondan icazəsiz keçidin yolverilməz olduğu barədə xəbərdarlıq edir.
İranın yeni yaratdığı Fars körfəzi administrasiyası bazar günü bildirib ki, “ABŞ hərbi qüvvələrinin regiondakı son qanunsuz hərəkətləri” səbəbindən hazırda boğazdan keçid mümkün deyil. Açıqlamada qeyd olunub ki, “sabitlik və sakitlik bərpa olunan kimi” keçidə icazə veriləcək.
ABŞ hərbçiləri isə buna cavab olaraq bildiriblər ki, “İran boğaza nəzarət etmir. Gəmilərin hərəkəti davam edir”.
“Politfm”



