ABŞ Senatındakı demokrat azlığın lideri Çak Şumer həftəlik siyasi nahardan sonra  qurumdakı demokrat liderlərin mətbuat konfransında çıxış edir; Kapitoli, Vaşinqton, 23 iyun 2026 (foto: “Reuters”)

 

ABŞ Senatındakı demokratlar Tramp administrasiyasının İran müharibəsiylə bağlı siyasətinə və prezidentin Amerika hərbçilərini bu münaqişəyə Konqreslə məsləhətləşmədən göndərməsinə etiraz olaraq çərşənbə axşamı keçirilən səsvermədə 1,15 trilyon dollarlıq qanun layihəsini bloklayıblar.

Şumer: “Tramp bu müharibəyə icazəsiz və strategiyasız başlayıb”

Senatdakı demokrat azlığın lideri Çak Şumer səsvermədən əvvəl kəskin çıxış edərək deyib ki, “Tramp bu müharibəyə icazəsiz, strategiyasız və heç bir çıxış yolu olmadan başlayıb” (“Reuters”).

Milli Müdafiə Səlahiyyətləri Aktı (NDAA) üzrə keçirilən prosedur səsverməsində “lehinə” səslər (50 səs) “əleyhinə” səsləri (46 səs) üstələsə də, qanun layihəsi palatada müzakirələrin növbəti mərhələsinə keçmək üçün tələb olunan minimum 60 səs səddini aşa bilməyib.

Səsvermədə partiya intizamı və taktiki addımlar

Səsvermə tamamilə partiya mənsubiyyətinə uyğun şəkildə reallaşıb. Senatdakı respublikaçı çoxluğun lideri Con Tun istisna olmaqla, bütün respublikaçı senatorlar layihənin leyhinə səs veriblər. Con Tun isə layihəyə gələcəkdə yenidən baxılması barədə vəsatət qaldıra bilmək üçün Senatın prosedur qaydalarına uyğun olaraq taktiki addım atıb və “əleyhinə” səs verib.

Əslində, bu, gözlənilən uğursuzluq idi. Ötən ay Senatın Silahlı Qüvvələr Komitəsində keçirilən müzakirələr zamanı komitə üzvü olan doqquz demokrat senator layihənin əleyhinə səs vermişdi. Tarixən hər iki partiyanın güclü konsensusuyla qəbul edilən və altmış ildən çoxdur ki, hər il fasiləsiz qanunlaşan NDAA-nın bu dəfə böhrana sürüklənməsi Vaşinqtonda ciddi rezonans doğurub.

İran müharibəsi və büdcə ixtisarları demokratları qəzəbləndirib

Demokratlar xüsusilə narahatdırlar ki, Pentaqon üçün bu qədər nəhəng büdcənin təsdiqlənməsi fevralın 28-də ABŞ və İsrailin birgə zərbələriylə alovlanan İran müharibəsinə Konqresin rəsmi razılığı kimi yozula bilər. Üstəlik, səsvermə elə bir vaxta təsadüf edib ki, Ağ Ev administrasiyası münaqişənin son eskalasiyası olaraq bütün İran limanlarının dəniz blokadasına alındığını və yeni zərbələr dalğasının başladığını elan edib.

Digər tərəfdən, demokratlar amerikalılar üçün nəzərdə tutulan sosial proqramlar büdcəsinin kəsildiyi bir vaxtda hərbi xərclərin ümumilikdə 1,5 trilyon dollara çatdırılmasını qəbul etmirlər. NDAA çərçivəsində tələb olunan 1,15 trilyon dollardan əlavə, Tramp büdcənin uzlaşdırılması vasitəsilə Konqresdən daha 350 milyard dollar istəyib. Bu xüsusi prosedur maliyyələşmənin demokratların dəstəyi olmadan, sadə səs çoxluğuyla təsdiqlənməsinə yol açır.

Respublikaçılardan ittiham: “Siyasəti təhlükəsizlikdən üstün tuturlar”

Respublikaçıların lideri Con Tun isə çıxışında demokratları təhlükəsizlik məsələlərini siyasiləşdirməkdə ittiham edərək müdafiə büdcəsini müdafiə edib:
“Bu layihə bu gün ordumuzun hazır olmasını və sabaha hazırlanmasını təmin edən həyati əhəmiyyətli bir sənəddir”.

Tarixi rekord həddə – 1,15 trilyon dollara çatan builki NDAA layihəsi ABŞ ordusunun gəmi, təyyarə və raket sistemlərinin satınalmalarından tutmuş, hərbi qulluqçuların maaş artımına və qlobal təhdidlərlə mübarizə strategiyalarına qədər geniş sahələri tənzimləyir.

Proses hələ bitməyib

Mövcud blokadaya rəğmən NDAA prosesinin bitməsi üçün hələ vaxt var. Hər il olduğu kimi, ABŞ Konqresinin hər iki palatası əvvəlcə layihənin öz versiyalarını qəbul etməli, daha sonra isə iki palatanın birgə komitəsinin vasitəçiləri ortaq mətn hazırlamalıdırlar. Razılaşdırılmış yekun mətn yenidən hər iki palatada səsə qoyulacaq və qəbul olunacağı təqdirdə qüvvəyə minməsi üçün Trampa göndəriləcək.

“Politfm”