Almaniya kansleri Fridrix Merz Böyük Karl Gimnaziyasında şagirdlərlə panel müzakirəsində, Marsberq, Almaniya, 27 aprel 2026 (foto: Teresa Kroeger/ “Reuters”)


 

Almaniya kansleri Fridrix Merz deyib ki, Ukrayna gələcəkdə ərazisinin bir hissəsinin Kiyevin nəzarətindən kənarda qalacağını qəbul etməli ola bilər. Merz bu güzəşti ölkənin Avropa İttifaqına üzvlük perspektiviylə əlaqələndirib.

 

“Elə bir vaxt gələcək ki, Ukrayna atəşkəs sazişi imzalayacaq. Daha sonra, ümid edirəm ki, Rusiyayla sülh müqaviləsi bağlayacaq. O zaman elə ola bilər ki, Ukrayna ərazisinin bir hissəsi artıq Ukraynaya aid olmayacaq” – Merz “Carolus-Magnus-Gymnasium” məktəbində tələbələrlə görüşü zamanı belə deyib.

O əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu qərarı cəmiyyətə çatdırmaq və dəstək qazanmaq istəyərsə, referendum keçirməli və eyni zamanda ölkə vətəndaşlarına Avropaya inteqrasiya yolunun açıldığını izah etməlidir.

Ukraynanın Aİ-yə üzvlük prosesi əvvəllər Viktor Orban tərəfindən bloklanırdı, amma onun seçkilərdə məğlubiyyəti prosesin irəliləməsiylə bağlı ümidləri artırıb. Hazırda Ukrayna rəsmi namizəd statusuna malikdir.

Merz üzvlük prosesinin sürətləndirilməsi baxımından gözləntilərin şişirdilməməsi barədə xəbərdarlıq edərək bildirib ki, müharibə davam etdiyi müddətdə Ukrayna Aİ-yə qoşula bilməz və əvvəlcə hüququn aliliyi və korrupsiyaya qarşı mübarizə kimi ciddi meyarlara cavab verməlidir.

O, Ukraynanın 1 yanvar 2027-ci il tarixdən Aİ-yə üzv qəbul edilməsi ideyasına münasibət bildirərək deyib ki, bu, real deyil və hətta 2028-ci il üçün qeyri-real görünür.
Merz aralıq mərhələ kimi Ukraynaya Aİ institutlarında müşahidəçi statusu verilməsinin daha doğru olacağını deyib və bildirib ki, bu ideya Avropa liderlərinin Kiprdə keçirilmiş son sammitində geniş dəstək qazanıb.

Aİ ötən həftə Ukrayna üçün 90 milyard avroluq kredit paketini təsdiqləyib. Bu, ölkənin 2027-ci ilə qədər maliyyə ehtiyaclarının böyük hissəsini əhatə edir. Amma qurumda üzvlük müzakirələrinin tempiylə bağlı fikir ayrılıqları qalmaqdadır.

Ukrayna Prezidenti Volodimir Zelenski isə ənənəvi axşam çıxışında Merzə dolayı yolla cavab verərək bildirib ki, Ukrayna müharibə başlayandan sonra onu kimin dəstəklədiyini və necə dəstəklədiyini həmişə aydın şəkildə xatırlayır, həmişə minnətdarlığını bildirir:

“Amma bütün tərəfdaşların, xüsusən də Avropanın Ukraynanın bu müharibədə təkcə özünü müdafiə etmədiyini xatırlaması eyni dərəcədə vacibdir. Rusiya bizim ərazimizi istəyir ki, başqalarının ərazilərini ələ keçirə bilsin. Əgər bir ölkədə uğur qazansa, digərləriylə də eyni cür davranacaq”.

“Rusiya məhz belə davam edib: Moldovanın bir hissəsi, Gürcüstanın bir hissəsi, Krımın ələ keçirilməsi, Donetskin işğalı, Belarusun tabe edilməsi, Ukraynaya qarşı tammiqyaslı müharibə. Buna yalnız bütün tərəfdaşların real gücü və real prinsipial qətiyyətiylə son qoymaq olar. Əhəmiyyətli olan budur – prinsipial qətiyyət” – Zelenski belə deyib.

O vurğulayıb ki, “Avropada əsl sülhün olması və Rusiyanın dayandırılması üçün Ukraynaya münasibətdə ləyaqətli şərtlər və hörmət olmalıdır. Təhlükəsizliyin bütün əsas aspektləri üzrə – suverenlik, ərazi bütövlüyü, təhlükəsizlik zəmanətləri, Avropa Birliyinə daxil olmaq və müharibədən sonra ölkəmizin real bərpası məsələlərində. Biz ləyaqətli bir sülh üçün çalışırıq”.

“Politfm”