Foto: internet
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 % artaraq 1 099 manat təşkil edib. Bu məlumat ötən gün Dövlət Statistika Komitəsinin (DSK) saytında dərc olunub.
Bildirilir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Bu il martın 1-nə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 784 min nəfər olub, onlardan 870,6 min nəfəri dövlət sektorunda, 913,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
DSK-nın ötən ay yaydığı məıumatda isə 2026-cı ilin yanvar–mart aylarında istehlak qiymətləri indeksinin ötən ilin müvafiq dövrüylə müqayisədə 5,7% artdığı qeyd olunmuşdu. Bu artımın qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8%, qeyri-qida məhsulları üzrə 3,7%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7% olduğu bildirilmişdi.
Bu, bahalaşmanın əməıkhaqqı artımlarını üstələdiyini göstərir.
Müstəqil ekspertlər qeyd edirlər ki, bahalaşma rəsmi statistikada göstəriləndən daha yüksəkdir. Onların proqnozuna görə, qarşıdakı dövrdə də qiymət artımları davam edəcək.
Qlobal iqtisadiyyatda müşahidə olunan qeyri-müəyyənlik, geosiyasi gərginliklər, enerji və nəqliyyat xərclərinin artması bəzi idxal məhsullarından asılılığı olan Azərbaycanda qiymətlərin və inflyasiyanın sürətlənməsi riskini artırır. Bundan başqa, makroiqtisadi risklər də var, məsələn, valyuta məzənnəsində dəyişikliklər ola bilər.
“Politfm”



