Foto: internet


Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün keçirilmiş iclasında həm 2026, həm də 2027-ci illər üçün inflyasiya proqnozları artırılıb.

 

Baza ssenarisi üzrə illik inflyasiyanın 2026-cı ildə 5,9 %, 2027-ci ildə isə 4,5 % olacağı gözlənilir.
AMB-nin əvvəlki proqnozu 2026-cı il üçün 5,5 %, 2027-ci il üçünsə 4% idi.

Qurumun açıqlamasında bildirilir ki, cari və növbəti ildə illik inflyasiya proqnozunun artırılması əsasən xarici mənşəli xərc amillərindən qaynaqlanır:

“Bu amillərə qlobal ərzaq qiymətlərinin artım tempinin yüksəlməsi, ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərinin aktivləşməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin səngiməsi aiddir. Tələb amillərinin fevral proqnozuyla müqayisədə zəifləməsi təklif amillərinin inflyasiyaya artırıcı təsirini qismən neytrallaşdırıb. May proqnozuna görə, inflyasiyanın əhəmiyyətli hissəsinin təklif amilləri hesabına formalaşacağı gözlənilir”.

AMB həmçinin qeyd edir ki, ötən iclasdan bəri artan geosiyasi gərginlik inflyasiyanın risklər balansında xarici amillərin rolunu yüksəldib:

“Yaxın Şərqdə baş verən münaqişə təchizat zəncirlərində maneələr yaratmaqla nəqliyyat və sığorta xərclərinin yüksəlməsinə, eyni zamanda qlobal enerji bazarlarında qiymət artımlarının sürətlənməsinə səbəb olub. İlin qalan dövründə bu proseslərin davam etməsi ticarət tərəfdaşlarında inflyasiyanın dinamikasını müəyyən edən əsas amil olacaq”.

 

“Politfm”