10 günlük atəşkəsdən əvvəl İsraillə münaqişə zamanı həlak olan “Hizbullah” üzvləri və digərlərinin dəfn mərasimi, Kfar Sira şəhəri, Livan (foto: Marko Djurica/ “Reuters”)
Bu gün – aprelin 23-də ABŞ-də Livan və İsrail nümayəndələrinin ikinci görüşü keçirəcək. Beyrut İsraillə “Hizbullah” arasında atəşkəs rejiminin uzadılmasına nail olmağa çalışır.
Livanla dialoq Vaşinqton və Tehran danışıqlarından kənar platformada formalaşıb. Daha əvvəl İran atəşkəs razılaşmasına Livanın da daxil edilməsini tələb edirdi.
ABŞ-nin vasitəçiliyi ilə əldə olunan və bazar günü müddəti artıq başa çatacaq atəşkəs zorakılıq səviyyəsini əhəmiyyətli dərəcədə azaltsa da, Livanın cənubunda hücumlar davam edir. İsrailin dünənki hava zərbələri nəticəsində azı beş nəfər, o cümlədən bir jurnalist həlak olub. İsrail qüvvələri orda “bufer zona” adlandırdıqları bölgəni nəzarətə götürüblər.
İranın dəstəklədiyi “Hizbullah” təşkilatı isə işğalçı qüvvələrə qarşı müqavimət hüququnun olduğunu bəyan edir. Təşkilat çərşənbə günü Livanın cənubunda dörd əməliyyat keçirdiyini və bunun İsrail hücumlarına cavab olduğunu açıqlayıb (“Reuters”).
Livan rəsmilərinin məlumatına görə, martın 2-dən – hərbi əməliyyatlar başlayan gündən etibarən ölkədə təxminən 2500 nəfər həlak olub.
İsrail Livanın cənubunda 5–10 km dərinliyə qədər uzanan ərazini işğal edib. Yerusəlim bu addımın İsrailin şimalını “Hizbullah” hücumlarından qorumaq üçün atıldığını bildirir. 1982-ci ildə İran İnqilab Keşikçiləri tərəfindən yaradılan bu təşkilat son dövrdə İsrail ərazisinə yüzlərlə raket atıb.
“Hizbullah”ın ciddi etirazlarına baxmayaraq Livan hökuməti İsraillə birbaşa təmaslar qurub. Prezident Cozef Aun bildirib ki, Beyrutun ABŞ-dəki səfir Nada Movaad cümə axşamı Vaşinqtonda keçiriləcək danışıqlarda atəşkəsin uzadılmasını və İsrailin Livan kəndlərində apardığı dağıntı işlərinin dayandırılmasını tələb edəcək.
Livan rəsmisi bildirib ki, Beyrut atəşkəsin uzadılmasını danışıqların növbəti mərhələsinə keçid üçün əsas şərt hesab edir. Bu mərhələdə İsrail qoşunlarının çıxarılması, İsraildə saxlanılan livanlıların qaytarılması və quru sərhədinin müəyyənləşdirilməsi tələb olunacaq.
İsrail isə danışıqlarda əsas məqsədinin “Hizbullah”ın zərərsizləşdirilməsi və sülh sazişi üçün şərait yaradılması olduğunu bildirir. Yerusəlim “Hizbullah” məsələsində Livan hökumətiylə razılıq əldə etməyə çalışır. Beyrut isə son bir il ərzində bu təşkilatın silahsızlaşdırılmasına sülh yoluyla nail olmağa çalışır.
Bugünkü danışıqlarda ABŞ-nin dövlət katibi Marko Rubio da iştirak edəcək. İsraili Vaşinqtondakı səfiri Yexiel Leyter təmsil edəcək.
Leyter və Movaad arasındakı ilk görüşü (14 aprel) Rubio təşkil etmişdi. Bu, son onilliklərdə Livan və İsrail arasında baş tutmuş ən yüksək səviyyəli birbaşa təmas hesab olunur.
“Hizbullah” iddia edir ki, Livanda atəşkəs ABŞ-nin vasitəçiliyi sayəsində yox, İranın təzyiqi nəticəsində əldə olunub.
Livanın prezidenti Aun isə bildirib ki, atəşkəsdə məqsədi İsrailin hücumlarının dayandırılması və qoşunlarının ölkədən çıxarılmasıdır.
“Polirfm”



