Foto: “Reuters”
Ukrayna Prezidenti Volodimir Zelenski 2026-cı ilin payızında prezident seçkilərinin keçirilməsi imkanının müzakirə olunduğu qapalı iclas keçirib.
Bu barədə “Ukrainska Pravda” nəşri məlumatlı mənbələrə istinadən yazıb.
Bildirilir ki, hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsində çalışan, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı da iclasa çağırılıb. Mənbələrin iddiasına görə, ona Böyük Britaniyanın Baş naziri Kir Starmerin istefasının müzakirə ediləcəyi bildirilib.
Nəşr yazır ki, görüşdə həmçinin Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov, onun müavini Oleq Tatarov, “Xalqın Xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya, müdafiə naziri Mixail Fyodorov və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov iştirak ediblər.
Nəşrə danışan mənbələrin sözlərinə görə, Zelenskinin komandası seçkilərdə namizəd olmaması üçün Zalujnını razı salmağa çalışıb. Onlar buna əsas kimi cəmiyyətdə parçalanma təhlükəsini, seçki kampaniyasının həddindən artıq qarşıdurmalı keçə biləcəyini və bunun dövlət üçün risklər yaradacağını göstəriblər.
Məqalədə bildirilir ki, görüş zamanı Zelenski keçmiş baş komandandan birbaşa soruşub: seçkilər payızda keçirilərsə, namizədliyini irəli sürəcəkmi? Zalujnının cavabı qısa olub: “Bəli, irəli sürəcəm”.
“Ukrainska Pravda”nın mənbələrinin iddiasına görə, Zelenski Zalujnı ilə istənilən yüksək dövlət vəzifəsini müzakirə etməyə hazır olub. Amma bu cavabdan sonra ona heç bir iş təklifi etməyib.
Nəşrin məlumatına görə, görüşdə Ukraynanın sosioloji şirkətlərindən birinin Prezident Ofisinin sifarişiylə keçirdiyi sorğunun nəticələri də təqdim olunub. Sorğunun nəticələrinə əsasən, hazırda Zelenskini respondentlərin 34 faizi, Zalujnını 28 faizi, Budanovu isə 12 faizi dəstəkləyir.
“Politfm”



