Son günlər dünyanın müzakirə etdiyi əsas mövzu İran-İsrail-ABŞ müharibəsidir.
Hələ ki hava hücumlarından ibarət olan bu qarşıdurma uzun müddət davam edərsə, İranın hərbi-iqtisadiyyatı potensialı buna yetəcəkmi?

İranın iqtisadiyyatı

İran iqtisadi baxımdan böyük potensiala malik ölkədir. Uzun illərdir embarqo altında olsa da, ticarət dövriyyəsi onmilyardlarla dollarla ölçülür; daxili istehsalı, ixrac potensialı var, neft ehtiyatlarına görə Venesuela və Səudiyyə Ərbistanından sonra 3-cü yerdədir. Təxminən 202 milyard barel neft ehtiyatına malikdir.

Ölkənin daxili istehsal strukturu əsasən üç böyük sahəyə bölünür: sənaye, kənd təsərrüfatı və energetika

İran plastik, gübrə və polimer istehsalında regionun liderlərindən biridir.

Orta Şərqin ən böyük avtomobil istehsalçısıdır (“Iran Khodro”, “Saipa”). Hər il yüz minlərlə minik və yük avtomobili istehsal edir.

Polad istehsalına görə dünyada ilk 10-luqda yer alır.

Pilotsuz uçuş aparatları (PUA), raket sistemləri və zirehli texnika istehsalında yüksək daxili potensiala malikdir.

Buğda, arpa və düyü əsas istehsal məhsullarıdır.

Püstə, zəfəran, xurma və meyvə istehsalında dünya liderlərindəndir.

Ət və süd məhsulları üzrə daxili bazarın böyük hissəsi yerli istehsal hesabına təmin edilir.

Mədən sənayesi və tekstil sektoru ölkənin qeyri-neft iqtisadiyyatının strateji sahələrindən hesab olunur.

Dünyanın ən zəngin mineral ehtiyatlarına malik ölkələrindən biridir, dünya ehtiyatlarının təxminən 7%-i buradadır.

Mis, dəmir filizi, polad, qurğuşun, sink, xrom hasilatında regionda liderdir.

Geyim bazarı yerli istehsalçılar tərəfindən təmin olunur.

Amma 2026-cı ilin əvvəlimdən etibarən İran iqtisadiyyatı həm daxili struktur problemləri, həm də kəskinləşən beynəlxalq təzyiqlər və hərbi gərginlik səbəbindən tarixinin ən çətin dövrlərindən birini yaşayır.

Beynəlxalq Valyuta Fondunun (IMF) və Dünya Bankının 2026-cı il üçün proqnozları olduqca aşağıdır. Ümumi daxili məhsulun artım tempinin cəmi 1,1% civarında olacağı, hətta bəzi ssenarilərdə iqtisadiyyatın kiçiləcəyi gözlənilir.

2026-cı ilin fevral ayında illik inflyasiya 68,1%-ə çatıb ki, bu da son onilliklərin ən yüksək göstəricisidir. Xüsusilə ərzaq inflyasiyası 100%-i keçərək əhalinin alıcılıq qabiliyyətini kəskin şəkildə aşağı salıb.

Bölgədəki hərbi qarşıdurma səbəbindən Hörmüz boğazından keçid iflic vəziyyətindədir. Bu, həm İranın öz neft ixracına, həm də qlobal enerji qiymətlərinə təsir edir.

ABŞ və BMT tərəfindən sərtləşdirilən sanksiyalar İranın neft gəlirlərini də məhdudlaşdırır. Hökumət büdcə kəsirini qapatmaq üçün daha çox vergi rüsumlarına və daxili resurslara yönəlməyə məcbur olur.

Rəsmi rəqəmlər işsizliyi 8% civarında göstərsə də, gənclər arasında bu göstərici 20%-dən çoxdur.
İran böyük iqtisadi potensiala malik olsa da, hazırda tənəzzül dövrünü yaşayır.

İranın müdafiə büdcəsi

İran hökumətinin təqdim etdiyi son büdcə layihəsinə əsasən, müdafiə xərclərinin təxminən 200% artırılması planlaşdırılır.
2024-cü ildə İranın hərbi xərcləri təxminən 10.3 milyard – 16.4 milyard dollar civarında olub. 2026-cı ildə isə hərbi xərclərin 25-30 milyard dollar həddini keçə biləcəyi proqnozlaşdırılır.

İranın hərbi qüvvələri 

İranın hərbi potensialı həm böyük canlı qüvvəyə, həm də Yaxın Şərqin ən geniş raket və dron arsenalına əsaslanan kompleks gücdür. Son illərdə baş verən hərbi eskalasiyalar ölkənin hərbi strukturunda müəyyən dəyişikliklərə səbəb olsa da, ölkə hələ də regionun əsas hərbi oyunçularından biri olaraq qalır.

Ordu (Arteş) və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) olmaqla, iki paralel hərbi sistemə malikdir.
“Global Firepower 2026” hesabatına əsasən, İranın silahlı qüvvələri dünyanın ən güclü 14-cü və ya 16-cı ordusu hesab olunur.

Aktiv şəxsi heyət təxminən 610000 nəfərdir.
Yarı-hərbi qurum olan “Bəsic”in 200000-dən çox üzvü olduğu bildirilir. Ehtiyatda yüzminlərlə hərbçi var.

Raket-dron arsenalı

Arsenalındakı “Sejjil”, “Khorramshahr-4” kimi ballistik raketlərin zərbə məsafəsi 2000-2500 km arasındadır. Bu, İsraili və bütün regiondakı ABŞ bazalarını hədəf almağa imkan verir.
Hava hücumundan müdafiə sistemlərindən yayınma bilən “Fattah-1” kimi reaketlərə sahibdir.

28 fevraldan başlamış zərbələr nəticəsində raket arsenalı 2500 ədəddən 1000-1200 ədədə qədər azalsa da, yeraltı “raket şəhərləri” hələ də infrastrukturun əhəmiyyətli hissəsini qoruyur. İran strateji raketlərini dağların dərinliklərində yerləşən tunellərdə saxlayır.

İran dron istehsalında “ucuz və effektiv” taktikaya sahibdir. Xüsusilə “Shahed”-131/136 kamikadze dronları hava hücumundan müdafiə sistemlərini yormaq üçün kütləvi şəkildə istifadə olunur. 2026-cı ilin yanvarında İran ordusuna eyni anda 1000-dən çox strateji dron əlavə edilib.

Hərbi Hava Qüvvələri

Hərbi Hava Qüvvələri İranın ən zəif yeridir. Donanmanın böyük hissəsi köhnə model ABŞ (F-14, F-4) və Rusiya (MiG-29) təyyarələrindən ibarətdir. Lakin bu boşluğu dronlar və genişlənmiş hava hücumundan müdafiə sistemləriylə (“Bavar”-373) kompensasiya etməyə çalışır.

2025-2026-cı illərdə Rusiyadan gətirilən yeni Su-35 qırıcıları İranın hava məkanını müdafiə qabiliyyətini artırıb.

Hərbi donanma

İran hərbi dəniz donanmasına da sahibdir.
Ölkənin dəniz strategiyası “asimmetrik müharibə”yə əsaslanır. Sürətli katerlər, minaltı qayıqlar və dəniz minalarıyla təchiz olunub.

İranın Xəzərdəki əsas bazası Ənzəlidə yerləşir. Burada İranın yerli istehsalı olan “Cəmaran” sinfinə aid freqatlar (məsələn, “Deylaman”) fəaliyyət göstərir. Xəzərdəki gəmilər gəmi əleyhinə qanadlı raketlərlə (“Qadir”, “Nəsir”, zərbə məsafəsi 200-300 km) təchiz olunub. İran Xəzərdə böyük gəmilərdən daha çox, sürətli və raketlə təchiz olunmuş katerlərə üstünlük verir. Əsl dəniz gücü cənubda cəmləşib. Ora qlobal neft ticarətinin də mərkəzidir.

Rusiya istehsalı olan “Kilo” klass qayıqlarıyla yanaşı, İranın yerli “Fateh” və kiçik “Qadir” sinifli sualtı qayıqları da var. Bu qayıqlar dayaz sularda (körfəzdə) mina yerləşdirmək və torpeda hücumları üçün nəzərdə tutuıub. İranın dəniz minaları arsenalı dünyada ən böyüklərindən biridir. Hörmüz boğazını qısa müddətdə minalamaq və dünya iqtisadiyyatına ciddi zərbə vurmaq potensialı var.

Tank və helikopterlər

2026-cı ilin məlunatına görə, İranın 1700-dən çox döyüş tankı, 3500-dən çox zirehli döyüş maşını və 7000-ə yaxın artilleriya sistemi, 130-a yaxın helikopteri var. Onlardan ən çox diqqət çəkəni “AH-1 Cobra” hücum helikopteridir. Son illərdə Rusiyadan bir neçə ədəd modern Mi-28 hücum helikopterinin də alındığı bildirilir.

İranın xaricdəki hərbi mövcudluğu

İran ölkə sərhədlərindən kənarda da hərbi varlığını davam etdirir.
“Hizbullah” Livandakı 150-dən çox raketlə İsrail üçün daimi təhdid yaradır. Yəməndə dəstəklədiyi qüvvələr (husilər) Qırmızı dənizdəki ticarət yollarına nəzarət və gəmilərə hücum qabiliyyəti var. Orda “Borkan” raketləri və kamikadze dronlar da yerləşdirilib.

İranın Suriyada Tiyas və Əl-Kisvə kimi strateji nöqtələrdə, həmçinin Dəməşq hava limanı yaxınlığında logistik mərkəzləri mövcuddur. Lakin 2026-cı ilin ABŞ və İsrailin 28 fevralda başlatdığı “Epic Fury” (“Epik qəzəb”) əməliyyatı nəticəsində bu bazaların bir çoxu ağır zədə alıb.

İranın maliyyələşdirdiyi və təlim keçdiyi, əfqanlardan ibarət “Famiyyun” və pakistanlılardan ibarət “Zeynəbiyyun” briqadaları Suriya ərazisində fəaliyyət göstərir.

İranın İraqdakı hərbi varlığı əsasən siyasi-hərbi qruplaşmalar ətrafında formalaşıb. “Həşdi-Şabi” (Xalq Səfərbərlik Qüvvələri) İraqın rəsmi təhlükəsizlik sisteminin bir hissəsi olsa da, bu strukturun daxilindəki ən güclü qruplar (məsələn, “Kataib Hizbullah” və “Əsayib Əhlül-Həqq”) birbaşa Tehrana bağlıdır.
2026-cı ilin əvvəlindən etibarən İran artıq texniki olaraq “nüvə astanasında olan dövlət” sayılır. Bu o deməkdir ki, ölkə nüvə başlığı hazırlamaq üçün lazımi zənginləşdirilmiş urana malikdir.

“Politfm”