Arxiv fotosu: AFP 

 

 

İran Xarici İşlər Nazirliyi Xəzər dənizində vurulmuş gəmisinə görə Ukraynadan kompensasiya tələb edir.

İran XİN-nin mətbuat katibi İsmayıl Bəqayi “Fars” agentliyinə açıqlamasında bildirib ki, rəsmi Kiyev Xəzər dənizində İrana məxsus gəmiyə vurulan ziyanı könüllü şəkildə ödəməlidir. Bəqayi hadisənin təsadüfən baş verməsi ilə bağlı Ukrayna tərəfinin izahatlarının onları inandırmadığını qeyd edib:

“Biz hələ də Ukrayna tərəfinin bu insidentin qəsdən törədilmədiyi ilə bağlı iddialarına inanmırıq. Onların izahatlarını dinləmişik, lakin Ukrayna rəsmilərinin etirafından sonra dəymiş zərər mütləq şəkildə kompensasiya edilməlidir. Əgər onlar bunu etməsələr, kompensasiyanın ödənilməsini təmin etmək üçün addımlar atacağıq və buna özümüz nail olacağıq”.

Xatırladaq ki, iyulun 26-da İranın xarici işlər naziri Abbas Əraqçı Ukraynanı Xəzər dənizində İrana məxsus kommersiya gəmisinə hücum etməkdə ittiham edib. İnsidentlə bağlı Ukraynanın İrandakı diplomatik nümayəndəsi XİN-ə çağırılıb və ona rəsmi nota təqdim olunub.

Ukrayna prezidenti Volodimir Zelenski iyulun 25-də verdiyi açıqlamada İranın hərbi yük daşıyan gəmilərinə zərbələr endirdiyini təsdiqləmişdi.

“Politfm”