İran Türkiyəyə ballistik raket atıb. NATO-nun Şərqi Aralıq dənizindəki hava və raket müdafiə qüvvələri Türkiyənin hava məkanında raketi zərərsizləşdiriblər.
Raketin qəlpələri Qaziantep vilayətinin ərazisinə düşüb. Xəsarət alan olmayıb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Türkiyə mehriban qonşuluq münasibətlərinə və regional sabitliyə böyük önəm verir. Bununla belə, bir daha vurğulayırıq ki, ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş hər hansı təhdidə qarşı bütün zəruri tədbirlər qətiyyətlə və tərəddüd etmədən həyata keçiriləcək. Xatırladırıq ki, Türkiyənin bu məsələdəki xəbərdarlıqlarına əməl edilməsi bütün tərəflərin maraqlarına uyğundur”- nazirliyin açıqlamasında belə deyilir.
Azərbaycan Müdafiə Nazirliyi insidentlə bağlı bəyanat yayıb, Türkiyə ərazisinə raket hücumunu “qətiyyətlə pisləyib”.
“Biz qardaş Türkiyəylə tam həmrəyliyimizi ifadə edirik. Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır” – bəyanatda belə deyilir.
“Politfm”



