Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili martın 8-də özünün sosial şəbəkə profilində Gürcüstan azərbaycanlılarının İrana böyük rəğbətindən yazıb:
“Bu, hər birimiz üçün ekzistensial (varlıq-yoxluq) məsələsidir. Necə oldu ki, bizim azərbaycanlı əhalinin xeyli hissəsi İranın adamyeyən rejiminin tərəfdarına çevrildi? Necə oldu ki, Marneulidə gənclər Xameneinin portretləriylə qaçışırlar?”
Saakaşvili Gürcüstan azərbaycanlılarının İranın xüsusi xidmət orqanları tərəfindən asanlıqla agenturaya cəlb olunduğunu iddia edib, Azərbaycanın quru sərhədlərinin bağlı saxlanmasını bununla əlaqələndirib:
“Azərbaycan öz ərazisinə bizim azərbaycanlı həmvətənlərimizi buraxmamaq üçün Gürcüstanla sərhədi bağlamağa məcbur oldu. Bir düşünün, Azərbaycan azərbaycanlıları ölkəyə buraxmır”
O, əvvəlki vəziyyəti yada salaraq qeyd edib ki, 2004-cü ildəki “Qızıl gül” inqilabına qədər azərbaycanlılar təcrid olunmuş halda yaşayır və milis tərəfindən amansızcasına sıxışdırılırdılar.
Saakaşvili Şevardnadzenin prezidentliyi dövründə – ədliyyə naziri işlədiyi günlərdə etnik azlıqların müdafiəsi üçün gördüyü işləri sadalayıb:
“Bolnisidə “Dezertirlər” bazarına gedən avtobusa mindim. Axırıncı yerdə oturmuşdum, gün eynəyi və papaq taxmışdım, bizi tanımasınlar deyə. Eyni zamanda, yol polisinin bizi necə saxladığını videoya çəkirdik.
Bazara çatana qədər bizi düz 21 dəfə saxladılar və hər dəfə pul tələb etdilər. Azərbaycanlıların pulu qurtaranda, Tbilisinin girişinə yaxın bir yerdə polis pomidoru, soğanı, süpürgələri onların əllərindən almağa başladı.
Təhlükəsizlik Şurasının iclasında bu videonu Şevardnadzeyə və onun nazirlərinə göstərdim. Prezidentin reaksiyası sıfır idi, nazirlərsə gülüşürdülər.
Bizim hakimiyyət 2004-cü ildən etibarən milisi ləğv etdi və insanların sıxışdırılması dayandırıldı”.
Ardınca Saakaşvili bunları da xatırladıb:
“Sonra biz azərbaycanlılarımızın inteqrasiyası üçün ciddi addımlar atmağa başladıq. Təhsil naziri Kaxa Lomianın etdiyi ilk işlərdən biri azərbaycanlı və erməni gənclər üçün universitetə qəbulu sadələşdirmək oldu. Bundan sonra əvvəllər təhsil almaq üçün müstəsna olaraq Azərbaycana gedən azərbaycanlı gənclər Gürcüstanda qaldılar.
Bundan başqa, biz sonradan gürcü magistrantları gürcü dili müəllimi kimi etnik azlıqların yaşadığı regionlara göndərdik, onlara ayda 1500 lari maaş verdik, hansı ki, o vaxt 900 dollara (inflyasiya kursunu nəzərə alsaq, bugünkü 1600 dollara) bərabər idi.
Eyni zamanda biz azərbaycanlıların dövlət orqanlarında vəzifələrə irəli çəkilməsinə başladıq. Bu kifayət idimi? Yəqin ki, yox, amma bütövlükdə düzgün istiqamətdə hərəkət etməyə başlamışdıq”.
Saakaşvili iddia edib ki, indiki hakimiyyətin dövründə korrupsiya geri qayıdıb və İranın kəşfiyyat şəbəkələri ölkədə “meydan sulamağa” başlayıblar:
“Son vaxtlar Avropa ölkələrində Kvemo Kartlidən olan bir neçə nəfər İrana casusluq etdiyinə görə saxlanılıblar, sonuncusu bir neçə gün əvvəl Yunanıstanda həbs edildi”.
Gənclərə gələcəklə bağlı heç bir perspektiv yaradılmadığını vurğulayan Saakaşvili qeyd edib ki, gürcü gənclər buna etirazla cavab verdiyi halda, azərbaycanlılar İranın radikal şiəliyinə qoşulmaqla təsəlli tapırlar.
Sonda o, vəziyyətin çox ağır olduğunu qeyd edib:
“Nəticə hədsiz dərəcədə acınacaqlıdır. Biz son dərəcə təhlükəli etnik münaqişəyə çox yaxınıq. Rusiyanın bizə sırıdığı dövlətin demontajının nəticəsi budur. Bunları təcili qovmalıyıq. Yoxsa yaxın illərdə Gürcüstan sadə vuruqlarına parçalanacaq.
Gürcüstanda azərbaycanlıların inteqrasiyası üçün heç kim məndən çox iş görməyib, heç kim onları mənim qədər sevmir, amma təkcə keçmişi xatırlamaqla uzağa gedə bilmərik. Yalnız bütün etnik mənşəli vətəndaşlarımızın birliyi ilə nəticəyə – Gürcüstanın və onun hər bir vətəndaşının azadlığına nail olmalıyıq”.
“Politfm”



