Foto: AEOL

 

İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami bu gün – aprelin 6-da Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossiyə müraciət edib.

 

Buşehr atom elektrik stansiyasına edilən hücumları müharibə cinayəti adlandıran Eslami bu hərəkəti Hərtərəfli Təminat Müqaviləsi və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) pozulması kimi qiymətləndirib. O, nüvə stansiyasına edilən hücumları qlobal nüvə təhlükəsizliyi çərçivəsinə ciddi təhdid adlandırıb.

Eslami MAQATE-ni və şəxsən Qrossini hücumlara qarşı hərəkətsiz qalmaqda günahlandırıb. O vurğulayıb ki, sadəcə “dərin narahatlıq” ifadə etmək yetərli deyil, əksinə, bu cür bəyanatlar növbəti zərbələrə təşviq xarakteri daşıyır.

AEOI rəhbəri qeyd edib ki, Buşehr AES-in 1-ci blokuna aprelin 4-də edilən dördüncü hücum radioaktiv materialların yayılma riskini artırır. Bu isə əhali, ətraf mühit və qonşu ölkələr üçün ağır nəticələr doğura bilər. Eslami bildirib ki, İran nüvə enerjisi sektorundakı suveren hüquqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcək.

Aprelin 4-də MAQATE Buşehr AES yaxınlığında qeydə alınmış daha bir hücum barədə xəbər yayıb. Bildirilib ki, hücum nəticəsində əsas infrastruktura ziyan dəyməsə də, mərmi obyektin yaxınlığına düşüb və təhlükəsizlik işçilərindən biri həlak olub. Agentlik bəyan edib ki, nüvə stansiyası obyektlərinə və bitişik ərazilərə edilən hücumlar qəbuledilməzdir.

“Politfm”