Foto:  “Imago-images.de” 




İran Hörmüz boğazına növbəti dəfə dəniz minaları yerləşdirib.
Bu barədə “Axios” məlumat yayıb.

 

Nəşrə danışan mənbələr bildiriblər ki, bu, münaqişə başlayandan bəri ikinci belə haldır. Birinci dəfə yerləşdirilən minaların məhv edilib-edilmədiyi məlum deyil.

ABŞ hərbçilərinin qiymətləndirməsinə görə, müharibənin əvvəlində İranın iri minaqoyma gəmilərinin 90%-dən çoxu və mina anbarları məhv edilib. Amma müəyyən ehtiyatların qaldığı və İranın balıqçı qayıqları tipli kiçik gəmilərdən istifadə edə biləcəyi ehtimal olunur. Bu cür katerlər reaktiv qurğular və iriçaplı pulemyotlarla təchiz olunmuş ola bilər.

CNN yazır ki, ABŞ Hörmüz boğazı ətrafında İranın hərbi obyektlərinə zərbələr endirmək imkanını nəzərdən keçirir. Mənbələrin sözlərinə görə, mümkün hədəflər arasında minaqoyan gəmilər və sürətli hücum katerləri də var. Vaşinqton enerji infrastrukturuna zərbələri də istisna etmir. Məqsəd Tehrana təzyiqi artıraraq onu danışıqlar masasına qaytarmaqdır.

CNN həmçinin qeyd edir ki, ABŞ İranın hərbi rəhbərliyinə və dialoqa qarşı çıxan rəsmilərə qarşı nöqtə zərbələri ehtimalını da nəzərdən keçirir. Mümkün hədəflər arasında İnqilab Keşikçiləri Korpusunun komandanı, general-mayor Əhməd Vahidinin də olduğu bildirilir.

ABŞ Prezidenti Donald Tramp deyib ki, İranla ən yaxşı razılaşmaya nail olmaq istəyir:
“ABŞ Hörmüz boğazına tam nəzarət edir və İran razılaşmanı imzaladıqdan sonra bu marşrut açılacaq. Amma məsələ həll olunana qədər onların gündə 500 milyon dollar qazanmasını istəmirəm. Əgər onlar razılaşmaq istəməsələr, onda [müharibəni] hərbi yolla bitirəcəm. Tələsmək istəmirəm” (“The Guardian”).

O, Hörmüz boğazına mina yerləşdirən istənilən gəminin məhv edilməsi barədə göstəriş verdiyini bildirib:
“Hazırda mina təmizləyən gəmilərimiz boğazı təmizləyir. Bu işin həcmini üç dəfə artırmağı əmr edirəm” (“The Wall Street Journal”).

“İranda kimin lider olduğunu müəyyənləşdirmək çox çətindir — onlar özləri də bunu bilmirlər. Döyüş meydanında ciddi məğlubiyyətə uğrayan “sərt xəttlə” o qədər də mülayim olmayan, amma nüfuz qazanan “mülayim qanad” arasında daxili mübarizə gedir. Bu, tam bir xaosdur” – Tramp belə deyib.

Onun sözlərinə görə, “İranın hərbi-dəniz qüvvələri dənizin dibindədir, hava qüvvələri və hava hücumundan müdafiə sistemi məhv edilib, liderləri artıq yoxdur. Blokada keçilməzdir və getdikcə daha da sərtləşəcək. Vaxt onların xeyrinə işləmir. Razılaşma yalnız ABŞ, müttəfiqlərimiz və əslində bütün dünya üçün uyğun və faydalı olanda imzalanacaq”.

“Mənim vaxtım kifayət qədərdir, amma İranın yoxdur — saat işləyir” deyən Amerika prezidenti bildirib ki, “İrana təzyiq gözlənilən nəticəni verir. Onlar razılaşma bağlamağa çox can atırlar” (“Yam-news”).

“ABŞ-nin Hörmüz boğazının blokadasını davam etdirməsi atəşkəs rejiminin pozulmasıdır, beynəlxalq hüquqa ziddir və aqressiya aktı kimi qiymətləndirilməlidir” – İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqai belə deyib.

O bildirib ki, İran hökumətində fikir ayrılıqları olmasıyla bağlı iddialar diqqəti yayındırmaq məqsədi güdür: “Müharibədən sonra diplomatik fəaliyyət tam həmrəylik və koordinasiya şəraitində davam edir”.

Bəqainin sözlərinə görə, Tehran heç vaxt nüvə silahı yaratmaq niyyətində olduğunu bəyan etməyib və İranın 10 nüvə bombası hazırladığına dair iddialar Vaşinqtonun uydurmasıdır.
İsrailin müdafiə naziri İsrael Kats İrana hücumları bərpa etməyə hazır olduqlarını və ABŞ-dan “yaşıl işıq” gözlədiklərini açıqlayıb.

O əlavə edib ki, İsrail ilk növbədə Xamenei ailəsinin hakimiyyət strukturlarını, əvvəlki rəhbərliyin varislərini və bəzi enerji obyektlərini hədəfə almağı planlaşdırır: “Bu dəfə əməliyyatlar daha geniş və daha sərt ola bilər”.

İtaliya bhökuməti  Hörmüz boğazının minalardan təmizlənməsi üzrə beynəlxalq missiyaya dörd gəmi göndərməyə hazır olduğunu bildirib. Bu missiyaya Böyük Britaniya, Fransa, Belçika və Niderland daxildir.

“Politfm”