Foto: internet

 



Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ayrılan subsidiyalarla bağlı ciddi maliyyə pozuntuları aşkarlayıb.

Nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyində (AKİA) və Aqrar Subsidiya Şurasında 2022-2025-ci illər üzrə aparılan audit zamanı müəyyən edilib ki, subsidiyalar əkin sahələrinin bitki növləri üzrə sertifikatlı toxumlarla təminatı, aqrar-emal sənayesinin yerli xammalla təminatı, torpaq sahələri, tələbat və s. məsələlər nəzərə alınmadan verilib.

Hesablama Palatasının audit rəyində qeyd edilir ki, Kənd Təsərrüfatı Nazirliyinin bir sıra eyni bitki növləri üzrə əkin sahələrinə dair göstəriciləri Dövlət Statistika Komitəsinin göstəricilərini 126,5 min hektar, pambıq və tütün istehsalı həcminə dair göstəriciləri isə 25,3 min ton üstələyib. Nəticədə artıq göstərilən sahələr üzrə 13,8 milyon manatdan çox əlavə subsidiya ödənib.

Ölkə üzrə kənd təsərrüfatına yararlı torpaq sahələrinin 2020-ci ildə 19,6%-ində (453,8 min hektar), 2021-ci ildə 19%-ində (441,5 min hektar), 2022-ci ildə 19,8%-ində (461,2 min hektar), 2023-cü ildə 23,0%-ində (530,6 min hektar), 2024-cü ildə isə 7,9%-ində (183,1 min hektar) əkin aparılmayıb. Bu, həmin torpaqların əkin dövriyyəsinə cəlb olunmadığını və kənd təsərrüfatı üçün yararlı torpaq sahələrindən səmərəli istifadə edilmədiyini göstərir.

Eyni zamanda Aqrar Kredit və İnkişaf Agentliyində 2021-2024-cü illəri əhatə edən audit zamanı 182 min manat məbləğində artıq vəsaitin dövlət büdcəsinə geri qaytarılmadığı məlum olub. 28 torpaq sənədi üzrə rekvizitləri mövcud olmayan 157,0 min hektar torpaq sahəsinin identifikasiyası üçün zəruri məlumatların əldə olunmadığı müəyyən edilib. Lakin bu sahələr üzrə ümumilikdə 34,55 milyon manat məbləğində dövlət maliyyəsi ayrılıb.

Peyk görüntüləri vasitəsilə 117,5 min hektar torpaq sahəsində becərmə işlərinin aparılmadığı məlum odub, amma 19 fermer təsərrüfatına 24,2 milyon manat məbləğində əkin subsidiyası ödənilib. 2022–2023-cü illərdə 60,2 min hektar sahədə əkin aparılmadığı halda, 13 milyon 863,7 min manat, 2023-2024-cü illərdə isə biçin aparılmayan 44,5 min hektar sahə üzrə 10 milyon 235,4 min manat subsidiya ödənilib.

Sığorta risklərini qabaqcadan qiymətləndirməyən və becərmə mərhələlərini izləməyən ASF xətti üzrə sığorta haqları (sığorta haqqının dövlət büdcəsindən əvəzsiz qarşılanan 50,0%-i) və sığorta hadisələrinə görə ödənişlər üzrə ümumilikdə 1 milyon 883,2 min manat vəsait ödənib.

Bundan başqa, intensiv meyvə bağlarının salınması üçün eyni dövrdə iki dəfə subsidiya ayrılıb. Ümumilikdə 589 bəyan üzrə 4 milyon 509,4 min manat subsidiya verilməsinə baxmayaraq eyni bəyanlar üzrə əlavə olaraq 703,0 min manat vəsait ödənib.

Quru tütün sortunun “Virciniya” sortlu tütün kimi təqdim edilməsi yoluyla 2022-ci ildə 108,3 min manat, 2023-cü ildə 212,8 min manat, 2024-cü ildə 310,9 min manat subsidiya əldə edilib.

2024-cü ildə 1249 halda nəmlik faizinin nəzərə alınmaması nəticəsində tütünün kondision çəkisi 4 020 276 kq artırılaraq 80,4 min manat, 60 halda isə digər sortlara aid tütünün “Virciniya” sortu kimi rəsmiləşdirilməsi nəticəsində əlavə 43,2 min manat (toplam 123,6 min manat) artıq subsidiya ödənilib.

Fermer kimi EKTİS-də qeydiyyata alınmış hüquqi şəxslərin əkin və məhsul bəyanlarına görə 304 milyon manat subsidiya məbləği onların cari hesablarına deyil, fiziki şəxslərə məxsus fermer kartlarına köçürülüb.

4 918,6 ton şəkər çuğunduru, 87 115,3 ton pambıq, 5 898,8 ton tütün istehsal edən 10 hüquqi şəxs (fermer) məhsulu tədarükçüyə vermədiyi halda, dövlət büdcəsindən 14,9 milyon manat vəsait əldə edib.

“Tapagro” satış portalı vasitəsilə əkin subsidiyalarının təyinatı üzrə xərclənməsinə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən nəzarət olunduğu bildirilsə də, audit sübutları göstərir ki, fermerlərin mal alışlarına yox, yalnız pul vəsaitlərinin fermer kartlarından təchizatçılara köçürülməsinə nəzarət edilib.

Dəyəri 2,4 milyon manata bərabər olan istehsal vasitələrinin (toxum və mineral gübrələrin) təqdim edilməsi qanunvericiliyə uyğun şəkildə təsdiqlənmədən, 39 hüquqi şəxs üzrə elektron qaimə-fakturalar rəsmiləşdirilmədən ümumilikdə 18,8 milyon manat əkin subsidiyasından istifadə edildiyi aşkar olunub.

Hesablama Palatası “Tapagro” satış portalındakı qanunsuz hallar ilə bağlı materialları Baş Prokurorluğa göndərib.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi subsidiya və güzəştlərin tətbiqində aşkarlanan uyğunsuzluqlarla bağlı cinayət işi açıb, istintaq aparılır.

“Politfm”