Dini rejimin 2025-ci ilin qurbanları arasında qadınlar da var 

İran hökumətinin etirazçılarla qəddar davranışına qarşı səssiz yürüşdə “Edam yox!” yazılı maska taxmış qadın, 31 yanvar 2026, Paris (foto: Sebastyan Dupuis, AFP)


Norveçdə yerləşən “Iran Human Rights” və Parisdə fəaliyyət göstərən “Together Against the Death Penalty” təşkilatları birgə illik hesabatlarında bildiriblər ki, ötən il İranda ən azı 1639 nəfər edam edilib. Bu, orta hesabla hər gün dörddən çox edam deməkdir (“france24”).

 

Hesabatda həmçinin qeyd olunur ki, yanvar ayında baş verən etirazlardan və ABŞ-la İsrailin başlatdığı müharibə fonunda bu il daha çox insan edam riskiylə üz-üzədir.

Bildirilir ki, 1639 nəfərin edamı 1989-cu ildən bəri ən yüksək göstəricidir; yanvar etirazlarından sonra və İsrail və ABŞ ilə müharibə şəraitində hakimiyyət ölüm hökmündən daha geniş miqyasda istifadə edə bilər.

Hesabata əsasən, 2024-cü ildəki edam sayı ilə (975 nəfər) müqayisədə 2025-ci ildə bu göstərici 68% artıb. Edam edilənlər arasında 48 qadın da var və onların hamısı asılma yoluyla edam olunub. Bu, son 20 ildən çox müddətdə ən yüksək göstəricidir və 2024-cü illə müqayisədə 55 faiz artım deməkdir (2024-cü ildə 31 qadın edam olunmuşdu).

Qadınlardan 21-i həyat yoldaşını və ya nişanlısını öldürməkdə təqsirli bilinib. Hüquq müdafiə təşkilatları bildirir ki, bu kateqoriyaya daxil edilən qadınların əksəriyyəti ailə zorakılığına məruz qalıblar.

Hesabatda vurğulanır ki, İslam Respublikası mövcud böhrandan çıxmağı bacarsa, repressiya və təzyiq aləti kimi ölüm hökmündən daha geniş şəkildə istifadə edəcək.
Edamların sayını ən azı iki mənbəylə dəqiqləşdirən “Iran Human Rights” təşkilatı qeyd edir ki, bu rəqəm 2025-ci il üzrə edamların minimum səviyyəsini əks etdirir, çünki belə halların əksəriyyəti İranın rəsmi mediasında işıqlandırılmır.

Hesabat müəllifləri xəbərdarlıq edirlər ki, 2026-cı ilin yanvarında hakimiyyətə qarşı keçirilən və sərt şəkildə dağıdılan etiraz aksiyalarından sonra yüzlərlə saxlanılan şəxs hələ də ölüm hökmü təhlükəsi altındadır. Hüquq müdafiəçilərinin məlumatına görə, həmin hadisələr zamanı minlərlə insan həlak olub, on minlərlə insan isə həbs edilib.

“Iran Human Rights! təşkilatının direktoru Mahmud Amiri-Moqaddam deyib ki, “Hakimiyyət 2025-ci ildə gündə orta hesabla 4–5 edam həyata keçirməklə cəmiyyəti qorxutmağa və yeni etirazların qarşısını almağa çalışıb”.

Hətta fevralın 28-də başlamış müharibə dövründə də İran yanvar etirazlarıyla əlaqədar yeddi nəfəri edam edib. Onlardan altısı qadağan olunmuş Xalq Mücahidləri Təşkilatına üzvlükdə günahlandırılan iranlı, biri isə İsrailə casusluqda ittiham olunan İran-İsveç vətəndaşı olub.

“Together Against the Death Penalty” təşkilatının icraçı direktoru Rafael Şenuil-Hazan bildirib ki, İranda ölüm hökmü siyasi təzyiq və repressiya aləti kimi istifadə olunur və etnik azlıqlar, eləcə də digər həssas sosial qruplar edam olunanlar arasında qeyri-mütənasib şəkildə yüksək paya malikdir.

Hesabatda qeyd edilir ki, ölkənin qərbində yaşayan kürdlər və cənub-şərqdə yaşayan bəluclar xüsusi təqiblərə məruz qalır. Bu qrupların əksəriyyəti İranda dominant olan şiə məzhəbindən fərqli olaraq sünni məzhəbinə mənsubdur.

Məlumata görə, edam olunanların təxminən yarısı narkotiklərlə bağlı cinayətlərə görə məhkum edilib. Demək olar ki, bütün edamlar həbsxanaların özündə həyata keçirilsə də, 2025-ci ildə publik edamların sayı üç dəfədən çox artaraq  11-ə çatıb. İranın cinayət qanunvericiliyi ölüm hökmünün digər icra üsullarını da nəzərdə tutur, lakin son illərdə məlum olan bütün edamlar asılma yoluyla həyata keçirilib.

Hüquq müdafiə təşkilatları, o cümlədən “Amnesty International” bildirirlər ki, İran əhalinin sayına nisbətdə dünya üzrə çox edam həyata keçirən ölkədir və ümumi say baxımından yalnız Çindən geri qalır (Çin üzrə etibarlı statistika mövcud deyil).

“Politfm”