Prezident İlham Əliyev martın 19-da dövlət qulluqçularının aylıq vəzifə maaşının artırılması barədə fərman imzalayıb.
Bu fərmanla dövlət idarələrində çalışanların aylıq maaşının minimum məbləği inzibati vəzifələrçün 1170, yardımçı vəzifələrçünsə 760 manat müəyyən edilib.
Bəzi dövlət qurumlarının rəhbər işçilərinin maaşları da artırılıb. Artıq baş nazir 17 min 160 manat, baş nazirin birinci müavini 15 min 950 manat, baş nazirin müavini 14 min 850 manat, nazir 13 min 750 manat, nazirin birinci müavini 12 min 650 manat əməkhaqqı alacaq.
Baş prokurorun aylıq vəzifə maaşı 3 min 260 manatdan 13 min 750 manata, Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin maaşı 3 min 60 manatdan 12 min manata, MSK üzvlərinin maaşı isə 2 min 250 manatdan 9 min manata qaldırılıb.
“ASAN Xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət qurumları işçilərinin mükafatlandırılması məqsədilə hər il dövlət büdcəsindən 26 milyon 600 min manat ayrılması nəzərdə tutulur.
Rəsmi statistikaya görə, 2025-ci ildə Azərbaycanda dövlət qulluqçularının sayı 27.4 min nəfər olub.
Dövlət qulluqçularının vahid maaş sisteminə keçməsiylə bağlı qanunvericiliyə dəyişiklik edilir – məmurların aldığı əlavə ödənişlər, mükafatlar, müavinətlər ləğv olunur.
“Politfm”



