Foto: internet
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri imzalayıb.
Bu gündən etibarən uşaqlara qarşı zorakılıq, dilənçilik, eləcə də süni intellektdən istifadə etməklə qanunsuz materialların hazırlanması və yayılması hallarına görə aşağıdakı cərimə və cəzalar tətbiq olunacaq:
– uşağa qarşı zorakılığa görə – 200 manat cərimə;
– uşağa qarşı zorakılıq barədə məlumat verməməyə və/və ya tədbir görməməyə görə fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər isə 400 manatdan 600 manatadək cərimə;
– süni intellektdən istifadə etməklə qanunsuz materialların yayılmasına görə 80 manatdan 150 manatadək cərimə;
– sərsərilik və dilənçiliyə görə 100 manatdan 200 manatadək cərimə və/və ya 10 sutkayadək inzibati həbs;
– yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb olunmasına görə 200 manatdan 500 manatadək cərimə və/və ya 15 sutkayadək inzibati həbs.
Xatırladaq ki, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2021-ci ildə “Lakatuş İsveçrəyə qarşı” işində ictimai yerlərdə dilənçiliyə ümumi qadağanın (və buna görə cərimə tətbiqinin) həssas vəziyyətdə olan şəxsə qarşı qeyri-mütənasib ola biləcəyini vurğulayıb və bununla bağlı Avropa Konvensiyasının 8-ci maddəsi kontekstində pozuntu təsbit edilib.
Bu baxıxmdan cərimələrin kimlərə tətbiq ediləcəyi Azərbaycanda da əsas problem sayıla bilər. Əgər hədəf dilənçiliyi təşkil edən, insanları, xüsusən də uşaqları istismar edən şəbəkələr olacaqsa, cəza adekvat sayıla bilər. Amma sosial müdafiə sistemindən kənarda qalan insanların cəzalandırılması sosial problemin polis vasitəsi ilə “həll edilməsi” kimi görünəcək.
UNICEF-in strategiya sənədlərində uşaq müdafiəsi istismar, zorakılıq, laqeydlik və zərərli praktikaların qarşısının alınması və cavab tədbirləri kimi izah olunur, qeyd edilir ki, bu yanaşma Uşaq Hüquqları Konvensiyasından qaynaqlanır.
Eyni zamanda təşkilat “sistemin gücləndirilməsi” praktikasını önə çəkir: qanunla yanaşı, koordinasiya, xidmətlər, kadr hazırlığı və işlək mexanizmlər lazımdır. Polisə və ya əlaqəli komissiyaya məcburi xəbərvermə tələbinin icrası zamanı uşağın təhlükəsiz məkana yerləşdirilməsi, psixoloji dəstə, ailəylə işləmək və reabilitasiya kimi xidmətlər təmin edilməyəcəksə, mexanizm kağız üzərində qala bilər.
Süni intellektdən istifadə etməklə qanunsuz materialların hazırlanması və yayılması hallarıyla mübarizə məsələsində də risklər var. “İnformasiya təhlükəsizliyi” çərçivəsi bəzən media və vətəndaş cəmiyyəti üzərində əlavə nəzarət alətinə çevrilə bilər. “Qanunsuz material” təhlükəsi real olsa da, onu tənzimləyən qanunun dili və tətbiqi jurnalistlərin, araşdırmaçıların və tənqidçilərin fəaliyyətini “saxta xəbər”, “manipulyasiya” kimi şərhlərlə məhdudlaşdırmamalıdır.
“Politfm”



