Trampın İlon Maskı siyasi səhnəyə sürməsi dünyada müzakirə olunmaqdadır. Əksər siyasi ekspertlər, siyasətçilər bu fikirdədilər ki, Mask siyasət üçün son dərəcə avantürist fiqurdur. Cəmiyyətlə onun dili ilə danışmaq olmaz. Maskın kimliyi haqqında sizə xüsusi məlumat vermək istəməzdim, amma dünyada ilk triliyoner olmağa namizəddir. Kosmosa raket göndərir. Bu qədər şəxsi uğurları olan və dünyada tanınan bir şəxsin ictimai siyasətə qol çirmələməsi ciddi narahatlıq yaradıb.
Niyə? Çünki toplumun təməl dəyərləri ilə toqquşur. Məsələn, Almaniyada faşizmin yeni dalğasını müdafiə edir. Millətçiliyi körükləyir. Yəni uğurlu olması hələ o demək deyil ki, Mask istədiyi məsələdən istədiyi kimi danışmalıdır. Demokratiya məhz burada çıxır ortaya. Cəmiyyətlə hesablaşmaq burada lazım gəlir. Netanyaho Maska “siz qeyri-rəsmi prezidentsiniz?” sualı verənə kimi o Trampın rezidensiyasında qalırmış. Yazılana görə Maskın bu suala cavabı Trampın xoşuna gəlmədiyinə görə onu oradan uzaqlaşdırıb.
Məsələ nədir? Toplumla onun sevmədiyi adamların dili ilə danışıb, sonra toplumdan rəğbət gözləmək olmaz. Bu hakimiyyət özünü elə göstərir ki, sanki bir xalqın üstünə qoşun yeridib, başqa xalqı da idarə edir. Xalqı polislə idarə edib, ondan başqa nə münasibət gözləyirsiz ki? Heç bir uğuru, təhsili olmayan, kənddə, kəsəkdə dana qovalayan, tutanda da satıb, polis olan, hamıdan zəhləsi gedən cavan adamlara limitsiz səlahiyyət verəndə ayrı nə gözləyirdiniz ki.
Ümumiyyətlə, siyasətçi əgər xalqdan nəsə gözləyirsə, heç olmasa, xalqla ciddi adamların vasitəsi ilə təmas qurmalıdır. Xalqa ciddi adamları təqdim etməlidir. Hörmətli, nüfuzlu adamları təqdim etməldir. Elə adamlarla işləməməldir ki, onun nüfuzu hesabına ayaq üstündə dursunlar, elələri ilə işləməlidir ki, ona nüfuz gətirsinlər. Son İmişli faciəsində rayonda hökumətin nəinki bir nüfuzlu siyasətçisi, heç sovet KQB-sindan qalma bir “ağır seyidi” də yox idi ki, xalqın qabağına çıxarsın. Bu İmişli hadisələrindən çıxarmalı ən birinci siyasi dərs idi- xalqla məmur dili ilə, buyruqçu ritorikası ilə danışmaq olmaz. Belə olanda günün birində əlaqə itir, ara qarışır. Camaat az qalır İlon Maska siyasəti qadağan eləsin.
SEYMUR HƏZİ


