Ana Səhifə Manşet CƏMİL HƏSƏNLİDƏN POLİS BASQINLARINA SƏRT REAKSİYA

CƏMİL HƏSƏNLİDƏN POLİS BASQINLARINA SƏRT REAKSİYA

29

Dünən gecə saat 3 radələrində Şirvan şəhərində yaşayan Müsavat partiyasının fəalı Əlikram Xurşidovun evinə polis basqını olub.Basqın ərəfəsində Əlikram bəyin yaşadığı ərazidə işıqlar söndürülüb, 15-20 nəfər polisdən ibarət hücumçu dəstlər darvazanı aşaraq ailə üzvlərinin yaşadığı evə basqın ediblər və ailə üzvlərinin gözü qarşısında Əlikram bəyi dəyənəklə döyüblər. Az sonra qonşu rayonda AXCP fəalı Qulu Məmmədlinin evinə də polis tərəfindən eyni qaydada basqın edilib.

Ötən əsrin 30-cu illərində Nasist Almaniyasında faşistlər də belə edirdi. Həmin vaxt sosial-siyasi həyatın bütün sahələrinə nəzarət etmək üçün Almaniyada “Gizli polis” (Gestapo) yaradılmışdı. Ölkədə faşist diktaturasının əsas dayağı kimi “Hücumçu dəstələr” (SA), “Müdafiə dəstələri” (SS), “Təhlükəsizlik xidməti” (SD) hərbiləşdirilmiş cəza dəstələri tüğyan edirdi. Eyni ilə dünən axşam Şirvan şəhərində olduğu kimi “Hücumçu dəstələr” (SA) gecə fərqli düşünən vətəndaşların evinə qəfil basqınlar edir, onları ailəsinin gözü qarşısında döyüb həbs edirdilər. Onun saxlandığı vaxt və polis şöbəsində olarkən işgəncəyə məruz qaldığı haqda məlumatlar var

Əlikram bəyə Şirvan məhkəməsi 10 sutkalıq inzibatı həbs verib. Şübhəsiz ki, bu da saxtadır. Lap deyək ki, Əlikram bəy 10 sutkalıq bir xətaya yol verib. Bunun üçün gecə saat 3-də vətəndaşın evinə 15-20 polis niyə basqın etməlidir? Nə zaman Əlikram bəyi polisə dəvət etmisiniz gəlməyib? Gərək elə Bəşər Əsəd kimi bu ölkəni Suriyaya çevirəsiniz.

Şübhəsiz ki, Əlikram bəyin evinə siyasi mövqeyinə, social mediada tənqidi yazılarına görə polis hücumu olub. Bütün ailə gecə yarısı narahat edilib, ailəsinin gözü qarşında vətəndaş təhqir edilib. Bir daha təkrar etməyə məcburam ki, Daxili İşlər Nazirliyi konstitusyon nəzarətdən çıxıb, kütləvi cəza dəstələrinə çevrilib. Əlikram bəyi polis 2017-ci ildə də həbs edib ona saxta cinatət işi quraşdırmışdı. 2022-cü ildə də saxta bir bohtanla ona 30 sutka qəza vermişdilər.

Əlikram Xurşidov bu ölkənin ən ləyaqətli, doğru-dürüst, vicdanlı, vətən təəssübü çəkən, ictimai mövqeyi ilə seçilən vətandaşlarından biridir. Gecə saat 3-də onun evinə basqın məhz onun bu keyfiyyətləri ilə bağlıdır. Əlikram bəy qanuna zidd olan heç bir əməl tərətməyib, ictimai qaydanı pozmayıb, inzibati xətayə yol verməyib. Sadəcə vətəndaş mövqeyin ifadə edib. Belə “xətalara” görə ötən əsrin 30-cu illərində nasist Almanıyasında, XXI əsərin 20-ci illərində Əsəd Suriyasında adamları cəzalandırırdılar. İlham Əliyev də eyni yolu gedir.