Foto: “Getty İmages”
ABŞ Prezidenti Donald Tramp İrana qarşı tələblərini sərtləşdirərək Tehrandan müharibələr, hücumlar və etirazlar zamanı həlak olanlara görə kompensasiya ödəməyi tələb edib. Bu, Hörmüz boğazının açılması istiqamətində aparılan sülh danışıqlarını daha da mürəkkəbləşdirib (“Reuters”).
Daha əvvəl Tehran sülh sazişinin şərtlərinə əməl edilməsini – sanksiyaların ləğv edilməsini və İrana kompensasiya ödənilməsini tələb edib.
50 illik ziyanın əvəzi və gözlənilməz ittihamlar
Fevral ayında hərbi əməliyyatlar başlayandan bəri Tramp mütəmadi olaraq eskalasiya hədələri ilə sülhün yaxın olduğu barədə açıqlamalar arasında tərəddüd edir.
Ağ Evdə çıxış edən Tramp deyib ki, “Biz onlardan 50 il ərzində vurduqları ziyana görə pul tələb edəcəyik. Əgər dəymiş ziyan ödənilməlidirsə, hesab edirəm ki, bunu İran etməlidir”.
Tramp ödənişlərin mülki nümayişçilərin və regiondakı ABŞ hərbçilərinin ölümünü də əhatə etməli olduğunu bildirib.
Bununla yanaşı, ABŞ Prezidenti özünün “Truth Social” hesabında İranın Livan, Suriya, Yəmən və Qəzzada həlak olan insanlara görə də məsuliyyət daşıdığını qeyd edib.
Maraqlıdır ki, Tramp İrandan 2000-ci ilin oktyabrında Yəməndə “USS Cole” hərbi gəmisinə “Əl-Qaidə”nin hücumu zamanı həlak olmuş 17 amerikalı dənizçinin ailələrinə də təzminat tələb edib.
Məlumatsızlıq, yoxsa şişirdilmiş rəqəmlər?
İrandakı etiraz aksiyalarına da toxunan Tramp Tehranın, altı həftə əvvələ olan məlumatlara görə, 52 min etirazçını öldürdüyünü iddia edib.
Bəzi mühacirətdə olan müxalif qruplar on minlərlə insanın öldürüldüyünü iddia etsələr də, ABŞ-də yerləşən Human Rights Activists News Agency (HRANA) fevral ayında ölənlərin ümumi sayının 7 min, o cümlədən etirazçılar arasında ölənlərin sayının isə 6 500 nəfər olduğunu bildirmişdi.
Bu rəqəmlər arasında ciddi fərq olması Trampın açıqlamasında istinad etdiyi məlumatların mənbəyi ilə bağlı suallar yaradır.
Neft bazarında gərginlik və Hörmüz boğazı böhranı
Trampın bu bəyanatlarından sonra sülh sazişinin əldə olunması ehtimalı zəifləyib və dünya bazarında neft qiymətləri 5 faiz artıb.
Müharibədən əvvəl qlobal neft və mayeləşdirilmiş təbii qazın (LNG) təxminən beşdə birinin daşındığı Hörmüz boğazı fevral ayından etibarən faktiki olaraq blokadadadır. Bu vəziyyət qlobal inflyasiya və yanacaq qiymətləri üzərində təzyiqi əhəmiyyətli dərəcədə artırıb.
İran tərəfi isə Omanla strateji su yolunda yeni gəmiçilik marşrutlarının müəyyənləşdirilməsi ilə bağlı son razılaşmaya yaxın olduğunu bəyan edib. Tehran boğazın açılması üçün ABŞ-nin sanksiyaları ləğv etməsini və hərbi təhdidlərə son qoymasını şərt kimi irəli sürür.
Tramp daxili təzyiqlərlə üz-üzədir
Noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində Tramp ölkə daxilində getdikcə populyarlığını itirən müharibəni başa çatdırmaq üçün ciddi təzyiqlərlə üz-üzədir. Yüksək yanacaq qiymətləri isə onun əsas seçici bazalarından biri olan kənd yerlərində narazılığı artırır.
Kompensasiya tələblərinə baxmayaraq Vaşinqtonun Hörmüz boğazı üzərində nəzarəti bərpa etmək cəhdləri nəticə verməyib.
İyul ayında iki həftə davam edən intensiv hava zərbələrinə baxmayaraq, İranın boğazdakı dominantlığını aradan qaldırmaq mümkün olmayıb. Çünki rəsmi Tehran öz icazəsi olmadan boğazdan keçən ticarət gəmilərini, həmçinin Vaşinqtonun regiondakı müttəfiqlərini raket və dronlarla hədəfə almağa davam edir.
“Politfm”



