Foto: internet
Hörmüz boğazı vasitəsilə ən çox neft idxal edən ölkə Çindir, amma bu marşrutun bağlanmasına tab gətirə biləcək ən perspektivli ölkələrdən biri də odur.
Çin Fars körfəzi regionundan böyük həcmdə neft tədarük edir – təxminən Hindistan, Yaponiya və Cənubi Koreyanın birlikdə idxal etdikləri qədər. Boğazda yaranmış problemlərə görə Asiyanın müxtəlif ölkələrində rəsmilər vətəndaşlardan enerjiyə qənaət etmək üçün daha az vaxtda duş qəbul etməyi və ya evdən işləməyi xahiş edirlər. Çində isə əksinədir. Hakim Kommunist Partiyasının əsas qəzeti oxuculara bildirir ki, ölkənin özünün “düyü enerji anbarı” var.
Həmin məqalədə Pekinin ehtiyatlara qənaət etmək üçün yanacaq ixracını qeyri-rəsmi şəkildə məhdudlaşdırdığı qeyd olunmasa da, uzun illər ərzində həyata keçirdiyi siyasət sayəsində Çin enerji şokuna qarşı bir çox qonşu ölkədən daha yaxşı qorunmuş vəziyyətdədir.
Çin dünyanın qalan hissəsindəki qədər elektrik avtomobili parkına, böyük və davamlı şəkildə artan neft ehtiyatlarına, şaxələndirilmiş neft və qaz təchizatı mənbələrinə malkidir. Eyni zamanda, özünün kömür və bərpa olunan enerji ehtiyatları hesabına idxaldan asılı olmayan elektrik şəbəkəsi var.
“Hazırkı vəziyyət Çin planlaşdırıcılarının onilliklər boyu nəzərdə tutduqları ssenariyə çox yaxındır. Bu, dəniz yoluyla daşınan fosil yanacaqlardan asılılığın azaldılması istiqamətindəki səylərin əhəmiyyətini təsdiqləyir” – Finlandiyadakı Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzinin həmtəsisçisi Lauri Myllyvirta belə deyir.
Gözlənilməz elektrik avtomobili bumu
2020-ci ilin sonunda Pekin qarşıya məqsəd qoymuşdu ki, 2025-ci ilə qədər elektrik avtomobillərinin satış payı yeni satışların 20%-nə çatdırsın. Amma ötən il bu göstərici artıq bütün yeni avtomobil satışlarının yarısını təşkil edib.
Elektrik avtomobillərinin gözlənilməz sürətli artımı o deməkdir ki, ölkə bir neçə il əvvəl gözlənildiyindən daha az neft yandırır və idxal edir.
Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzinin hesablamalarına görə, ötən il elektrik avtomobillərinin əvəz etdiyi enerjinin həcmi Çinin Səudiyyə Ərəbistanından idxal etdiyi neft həcminə təxminən bərabər olub.
İzolyasiya olunmuş elektrik şəbəkəsi
Çinin elektrik enerjisi sistemi əsasən kömür və bərpa olunan enerji mənbələri üzərində qurulub. Təmiz enerji sahəsindəki sürətli artım o qədər böyükdür ki, iqtisadiyyatın hər il tələb etdiyi əlavə enerjinin, demək olar ki, hamısı yeni günəş və külək elektrik stansiyaları hesabına təmin olunur. Bu isə bəzi sahilyanı əyalətlərdə kömür və mayeləşdirilmiş təbii qaz (LNG) idxalının azalması deməkdir.
Təxminən son 15 ildə Çin kömürdən istifadənin payını azaltsa da, kömür hələ də ən böyük elektrik enerjisi mənbəyi olaraq qalır.
Neftə ehtiyac da çoxdur, təchizatçılar da
Çin böyük həcmdə neft idxal edir, amma digər iri Asiya idxalçılarından fərqli olaraq bir təchizatçıdan asılı olmamağa çalışır.
Məsələn, Yaponiya neftin təxminən 80%-ni Səudiyyə Ərəbistanında və Birləşmiş Ərəb Əmirliklərindan alır. Çin isə eyni payı səkkiz ölkədən təmin edir və bu ölkələr arasında Rusiya, Venesuela və İran kimi ölkələr də var. Onlar ABŞ sanksiyalarına görə nefti Çinə endirimli qiymətlərlə satırlar.
Çin heç bir mənbədən ehtiyacının 20%-dən çox neft almır.
Eyni zamanda o, idxalın bir hissəsini özünün gizli strateji neft ehtiyatlarını artırmağa yönəldir. Bu ehtiyatların dəqiq həcmi məlum deyil, amma bəzi hesablamalara görə, kommersiya ehtiyatları da daxil olmaqla, Çin Hörmüz boğazı vasitəsilə idxal etdiyi nefti təxminən yeddi ay ərzində əvəz edə biləcək qədər ehtiyata malikdir.
Daxili istehsal artır
Ötən il Çin gündə 4,3 milyon barel neft hasil edərək rekord göstəriciyə nail olub və bu, ümumi idxalın təxminən 40%-nə bərabərdir. Ancaq ehtiyatlar tükənir və Çin çətin ki, ABŞ-də baş vermiş şist nefti bumunu təkrarlaya bilsin.
Qaz sahəsində isə vəziyyət fərqlidir. Daxili istehsal sürətlə artır və boru kəmərləriylə idxal olunan qazla birlikdə Çin 2020-ci illə müqayisədə daha az LNG idxal edir.
Çinin boru kəməri şəbəkəsi imkan verir ki, dəniz daşımalarından yan keçərək Rusiya, Mərkəzi Asiya və Myanmadan neft və qaz ala bilsin. Ona “Sibir gücü-2” adlı yeni boru kəməri layihəsi də təklif olunub, amma onun tamamlanmasına hələ uzun illər var.
Çinin Yaponiya və Koreya kimi ada qonşuları belə bir coğrafi üstünlüyə malik deyillər.
Daha təhlükəsiz gələcək
Çinin iqtisadi artımı onilliklər boyu xaricdən idxal etdiyi fosil yanacaqlarla, xüsusilə də xam neftlə təmin olunub. Amma elektrik avtomobillərinin sürətlə çoxalması sayəsində Çin idxal neftindən asılılığından tədricən azad olur.
“Çox güman ki, Çində neftə tələbat bu il pik həddə çatacaq və sonra azalmağa başlayacaq. Buna görə də idxalın payı yüksək qalsa da, vəziyyətin daha da pisləşməsi ehtimalı azdır” – “Rystad Energy” şirkətinin neft və qaz tədqiqatları üzrə vitse-prezidenti Chen Lin belə deyir.
“Politfm”
(“Reuters” agentliyinin materialı əsasında)



