Foto: skrinşot


Donald Tramp İranı daha 2-3 həftə “çox sərt” vuracaqlarını deyib.

ABŞ Prezidenti Donald Tramp dünən, aprelin 1-də Ağ Evdən xalqa müraciətində İrana qarşı hücumları “daha iki-üç həftə çox sərt şəkildə davam etdirəcəklərini” bildirib.

“Onları aid olduqları yerə, daş dövrünə geri qaytaracağıq” deyə, o əlavə edib.
Vaşinqtonun bütün hədəflərinə çatdığını vurğulayan Tramp çıxışında İrana qarşı quru əməliyyatları və NATO-dan çıxmaq barədə heç nə deməyib.

Amerika prezidenti daha əvvəl bildirmişdi ki, cidd-ciddi NATO-dan çıxmaq barədə düşünür.
“Biz Ukrayna məsələsində onların yanında olduq” deyən Tramp İran müharibəsinə qatılmayan Avropa ölkələrini tənqid etmişdi.

Hörmüz boğazının açılması üçün İrana aprelin 6-na kimi vaxt verdiyini xatırlatmayan Amerika prezidenti bu ölkəylə danışıqların detalları barədə də məlumat verməyib.
Bir neçə həftədir ki, Tramp İranla danışıqlar aparıldığını və irəliləyiş əldə olunduğunu iddia edir. Tehran bunu təkzib edir.

Digər tərəfdən, ABŞ prezidenti neft daşımaları üçün kritik əhəmiyyətə malik Hörmüz boğazını açmayacağı təqdirdə İranın enerji infrastrukturunu məhv etməklə hədələyir. Müharibədən əvvəl boğazda daşımalar heç bir maneə olmadan həyata keçirilirdi.

Beynəlxalq hüququ pozmaqda və müharibə cinayəti törətməkdə ittiham olunan ABŞ-nin müdafiə naziri Pit Heqset də (Pete Hegseth) Trampın çıxışından sonra öz “X” hesabında “Daş dövrünə dönüş” mesajını paylaşıb.

“Politfm”