Hörmüz boğazı, Musandam, Oman, 8 may 2026 (“Reuters”)
Bu gün – mayın 8-də Hörmüz boğazında ABŞ və İran qüvvələri arasında qarşılıqlı hücumlar baş verir.
İran mediası və ona yaxın mənbələr belə yazır.
İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələri bəyan edib ki, ABŞ esmineslərinin İran neft tankerlərinə qarşı “təcavüzkar hərəkətlərinə” cavab olaraq regional sularda onlara qanadlı raketlər və döyüş dronlarıyla hücum edilib (“Fars News Agency”).
Bəyanatda qeyd olunub ki, “Bu cavabdan sonra təcavüzkar ABŞ esminesləri kursunu dəyişərək ərazini tərk edib”.
Daha əvvəl “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü Ebrahim Zülfüqari bildirmişdi ki, “aqressiv, terrorçu və qanunsuz” ABŞ ordusu atəşkəsi pozaraq İranın Cask limanından Hörmüz boğazına doğru hərəkət edən neft tankerini, həmçinin BƏƏ-nin Füceyrə limanı qarşısında boğaza daxil olan başqa bir gəmini hədəfə alıb.
O həmçinin iddia edib ki, ABŞ qüvvələri bəzi regional ölkələrlə koordinasiya şəraitində Bəndər-Xəmir, Sirik və Qeşm sahillərindəki mülki ərazilərə hava zərbələri endirib.
Zülfüqari bildirib ki, İran Silahlı Qüvvələri dərhal cavab əməliyyatına başlayaraq Hörmüz boğazının şərqində və Bəndər-Çabahar limanının cənubunda ABŞ hərbi gəmilərinə qarşı əməliyyat keçirib və onlara “əhəmiyyətli ziyan vurub”.
“Cinayətkar və təcavüzkar Amerika və onun müttəfiqləri bilməlidirlər ki, İran İslam Respublikası əvvəlki kimi istənilən təcavüzə və pozuntuya güclü və tərəddüdsüz şəkildə sarsıdıcı cavab verəcək” deyə, o əlavə edib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə bildirib ki, “ABŞ qüvvələri mayın 8-də ABŞ blokadasını pozaraq İran limanına daxil olmağa cəhd edən İran bayraqlı ““Sea Star III” və “Sevda” tankerlərini zərərsizləşdirib.
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F/A-18 qırıcısı hər iki gəminin tüstü borularını yüksək dəqiqlikli sursatlarla vuraraq onların İrana çatmasının qarşısını alıb”.
“Politfm”



