Samvel Karapetyanın tərəfdarları. Köynəklərin və papaqların üzərinə “öz üsulumuzla” yazılıb (foto: “yam.news”)
Güclü Ermənistan Partiyası seçiciləri rüşvətlə ələ almağa cəhd edir.
“Armenpress” bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin audioyazılarla müşayiət olunan bəyanatına istinadən məlumat yayıb.
“Həyata keçirilmiş operativ-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, Güclü Ermənistan Partiyasının Şirak vilayətinin Ani icması üzrə məsul nümayəndəsi yaxın qohumları və digər şəxslərlə birlikdə 2026-cı il iyunun 7-də keçiriləcək Milli Məclis seçkilərində onların partiyasına səs vermələri şərtilə bir sıra seçicilərə rüşvət vəd edib və verib. Bu proses həmin şəxslərin partiyanın regional bölmələrində məsul şəxs və ya fəal kimi qeydiyyata alınması adı altında gizlədilib. Rüşvət isə əməkhaqqı formasında ödənilib” – komitənin aşıqlamasında belə deyilir.
Bundan əlavə, bu partiyanın təmsilçisi kimi fəaliyyət göstərən şəxs bir sıra seçicilərin seçki hüququndan sərbəst istifadəsinə mane olmağa çalışıb, onları maddi olaraq maraqlandırmaqla yanaşı, tələbləri yerinə yetirməyəcəkləri təqdirdə kriminal iyerarxiyada yüksək mövqe tutan şəxslər tərəfindən cəzalandırılacaqlarını bildirib.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsində bununla bağlı cinayət işi başlanıb, bir sıra şəxslər saxlanılıb, axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilib.
Güclü Ermənistan Partiyasının baş nazirliyə namizədi rusiyalı biznesmen, dollar milyarderi Samvel Karapetyandır. O, hakimiyyəti güc yoluyla ələ keçirmək çağırışında ittiham olunur və hazırda ev dustaqlığındadır. Karapetyan təkcə Ermənistan yox, həm də Rusiya və Kipr vətəndaşıdır, ona görə də baş nazir postuna iddia edə bilməz. Ermənistan konstitusiyası ikili vətəndaşlığı olan şəxslərə bu vəzifəni tutmağı qadağan edir.
“Politfm”



