Foto: Cek Teylor/”Reuters”




ABŞ-nin “Fox News” telekanalı İranın sanksiyalardan yayınmaq və hərbi infrastrukturunu maliyyələşdirmək üçün Gürcüstandan istifadə etdiyi barədə material yayımlayıb.

Yazı Hudson İnstitutunun hesabatı əsasında hazırlanıb. Həmin hesabatda İranın Cənubi Qafqazla, xüsusilə də Gürcüstanla əlaqələri genişləndirməyə artan marağından bəhs olunur. 
“Fox News” qeyd edir ki, regionda getdikcə daha çox təcrid olunan Tehran yeni iqtisadi və logistika kanalları formalaşdırmağa çalışır. Beləliklə də, uzun illər Qərbə inteqrasiya kursu götürmüş, NATO və Avropa İttifaqına potensial üzv kimi dəyərləndirilən Gürcüstan tədricən İranın strateji maraq dairəsinə daxil olur.

Hesabatın həmmüəllifi Giorgi Kandelaki bildirib ki, Tbilisinin xarici siyasət kursunda müşahidə olunan bu dəyişiklik həm Gürcüstanın daxili inkişafı, həm də ABŞ-nin regiondakı maraqları üçün risk yaradır (“Jamnews”).

Məqalədə Gürcüstanda fəaliyyət göstərən, rəsmi akkreditasiyası olmayan “Əl-Mustafa” universitetinin filialına xüsusi diqqət yetirilir. “Nüvə silahına qarşı birləşmiş təşkilat”ın məlumatına görə, bu qurum İranın ideoloji təsirini yaymaq üçün istifadə olunan əsas vasitələrdən biridir.

ABŞ Maliyyə Nazirliyi hələ 2020-ci ildə bildirmişdi ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu və qurumun “Qüds” qüvvələri bu universitetdən beynəlxalq səviyyədə kadr cəlb etmək üçün şəbəkə kimi istifadə edir və onu İranın ideoloji və təhlükəsizlik maraqlarını təşviq edən kanal kimi qiymətləndirir.

Açıqlamada həmçinin qeyd olunurdu ki, universitet xarici ali məktəblərlə tələbə mübadiləsini təşviq etməklə İran üçün kəşfiyyat mənbələrinin formalaşdırılmasına da xidmət edir.

“Fox News” həmçinin qeyd edib ki, İranın Gürcüstanda ona rəğbəti olan şəxslərdən istifadə etdiyi barədə konkret faktlar var.

Bildirilir ki, İranın Gürcüstan hökumətiylə birbaşa əlaqələri təsdiq edilməyib, amma iddialara görə, 2022-ci ildə “Qüds” qüvvələri mütəşəkkil cinayətkar qruplarla əlaqələri olan Gürcüstan vətəndaşı Aqil Aslanovu Azərbaycanda nüfuzlu yəhudi liderinə qarşı sui-qəsdə cəlb ediblər.

2025-ci ildə isə Nyu-Yorkda federal məhkəmə Gürcüstan vətəndaşı Polad Omarovu tanınmış iranlı fəal Məsih Əlinejada qarşı sui-qəsd cəhdinə görə 25 il müddətinə azadlıqdan məhrum edib.

“Politfm”