Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkiləri ərəfəsində Baş nazir Nikol Paşinyana qarşı dezinformasiya kampaniyası geniş vüsət alıb. Analitiklər bunun koordinasiyalı fəaliyyət olduğunu bildirirlər.
Bu həftə məşhur bir rusdilli “Telegram” kanalı “The Washington Times” qəzetində (“The Washington Post”-la qarışdırmamalı) dərc olunmuş materialı yayıb. Məqalə belə başlıqla təqdim olunub: “İyunun 7-də Ermənistanda keçiriləcək seçkilər artıq oğurlanıb. Dünyanın ən qədim xristian ölkəsi baş nazirin hücumuna məruz qalır”.
Yazıda iddia olunur ki, Qarabağın itirilməsi və 120 mindən çox erməninin bölgəni tərk etməsi “Ermənistanın müstəqilliyini qorumaq naminə şüurlu şəkildə verilən qurbandır”. Müəllif faktiki olaraq Paşinyanı “dövlətə xəyanətdə” ittiham edir və bildirir ki, reytinqi 8% olan baş nazir “ədalətli seçkilərdə qalib gələ bilməz”.
Ekspertlərin fikrincə, Rusiya yönlü və hökumət əleyhdarı şəbəkələr vasitəsilə sürətlə yayılan bu tip materiallar məlum sxemi təkrarlayır: mübahisəli və ya yalan iddialar əvvəlcə xarici mediada dərc olunur, sonra isə Ermənistan daxilində “beynəlxalq rəy” kimi təqdim edilir.
Son aylarda Paşinyana qarşı başqa saxta iddialar da yayılıb — guya uşaq alverində iştirak edib, “qaz kameraları” tikməyi planlaşdırır, Fransada və BƏƏ-də gizli əmlakları var. Müğənni Şerin Paşinyanı oğurlamaqla bağlı çağırış etdiyi barədə uydurma hekayə də sosial şəbəkələrdə geniş tirajlanıb.
Analitiklər hesab edirlər ki, bu kampaniyanın məqsədi konkret tezislərə inandırmaqdan çox, informasiya məkanını yükləmək və hakimiyyətə, eləcə də seçki prosesinə inamı sarsıtmaqdır.
Bu narrativlərin əsas mənbələrindən birinin Rusiya olduğu bildirilirr. Ekspertlər bunu Paşinyan hökumətinin son illərdə Avropa İttifaqıyla yaxınlaşması və Rusiyanın təhlükəsizlik mexanizmlərini daha açıq tənqid etməsiylə əlaqələndirirlər.
Artıq Avropa İttifaqı Ermənistana seçkilərin dəstəklənməsi və monitorinqi üçün xüsusi mexanizmlər göndərib. Bu tədbirlər dezinformasiyaya qarşı mübarizəni də əhatə edir.
“Politfm”



