Foto: internet
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda 252 yol-nəqliyyat hadisəsi baş verib, 179 nəfər xəsarət alıb, 140 nəfər həlak olub.
Ötən ilin eyni dövrüylə müqayisədə qəza sayında 14,2% azalma müşahidə olunsa da, hər milyon nəfərə düşən ölüm sayı (75 nəfər) göstəricisi hələ də yüksək olaraq qalır.
Yol qəzalarının ən az olduğu ölkələr
2024–2025-ci illərin statistik göstəricilərinə – 1 milyon nəfərə düşən ölüm sayına görə dünyanın ən təhlükəsiz yollarına sahib ölkə Norveçdir. Artıq bir neçə ildir ki, birinciliyini qoruyan bu ölkə “sıfır ölüm” strategiyasını uğurla tətbiq edir. Orda hər 1 milyon nəfərə düşən ölüm sayı 16–20 aralığındadır.
Yol təhlükəsizliyi sahəsində İsveç də dünya liderlərindən biridir. Müasir yol dizaynı və sürət hədlərinə ciddi nəzarət sayəsində qəza halları minimumdur. Bu ölkədə hər milyon nəfərə düşən ölüm sayı 20-dir.
Çətin hava şəraitinə baxmayaraq İslandiyada təhlükəsizlik tədbirləri sayəsində ölüm göstəricisi hər milyon nəfərə 21 nəfər təşkil edir.
Böyük Britaniya yol təhlükəsizliyi üzrə Avropanın ən yüksək standartlarına malik ölkələrindən biridir. Xüsusilə piyada təhlükəsizliyi və sərt cərimələriylə seçilir. Bu ölkədə hər milyon nəfərə düşən ölüm sayı 25-29 nəfər təşkil edir.
İsveçrə və Danimarka həm texnoloji nəzarət, həm də mükəmməl yol infrastrukturu sayəsində siyahıda ilk sıralardadır. Bu ölkələrdə hər milyon nəfər üçün ölüm sayı 22-23 nəfər təşkil edir.
Yaponiyada hər milyon nəfərə düşən ölüm sayı 21-dir. Göstəricinin aşağı olmasının əsas səbəbləri sərt yol hərəkəti qaydaları (xüsusilə sərxosh sürücülərə qarşı sıfır tolerantlıq), yolların yüksək keyfiyyəti, ictimai nəqliyyatın (qatarların) mükəmməlliyi və sürücülərin/piyadaların yüksək intizam mədəniyyətidir.
Bu ölkələrdə qəza sayı niyə azdır?
Bu ölkələrdə qəza sayının azlığı təkcə sürücü məsuliyyətiylə yox, həm də dövlət siyasətiylə əlaqəlidir.
– Şəhər mərkəzlərində çox vaxt sürət 30 km/saata qədər endirilir. Yollar elə layihələndirilir ki, sürücü səhv etsə belə, yolun quruluşu (məsələn, kəskin döngələr əvəzinə dairəvi kəsişmələr) ölümcül nəticənin qarşısını alır.
– Yolların kənarlarına ağac və ya beton dirəklər əvəzinə, zərbəni udan xüsusi maneələr quraşdırılır.
– Cərimələr bəzi ölkələrdə (məsələn, Finlandiya) şəxsin illik gəlirinə mütənasib olaraq hesablanır və bu, qayda pozmağı varlı sürücülər üçün də bahalı “əyləncəyə” çevirir.
– Avtomobillərin texniki vəziyyəti həlledici rol oynayır. Yeni nəsil təhlükəsizlik sistemləri (avtomatik tormozlama, şəriddən təhlükəli çıxışla bağlı xəbərdarlıq siqnalı) bu ölkələrdə standart halına gəlib. Köhnə və təhlükəsizlik standartlarına cavab verməyən maşınların dövriyyədən çıxarılması üçün yüksək vergilər tətbiq olunur.
– Sürücülük vəsiqəsi almaq bu ölkələrdə kifayət qədər çətin və bahalı bir prosesdir. Məsələn, Norveçdə sürücülər buzlu yollarda idarəetmə və gecə sürmə kimi xüsusi kurs keçməlidirlər. Cəmiyyətdə yol qaydalarına riayət etmək qorxu olaraq yox, etik davranış kimi qəbul edilir.
– İnsanlar daha təhlükəsiz olan qatar və avtobuslardan istifadəyə təşviq edilir.
Azərbaycanda yol qəzalarına nə səbəb olur?
Ekspert rəylərinə görə, Azərbaycanda qəza sayının çox olması bir neçə amillə bağlıdır.
1) Əsas səbəb sürət həddini aşmadır. Xüsusilə magistral yollarda və şəhərarası şose yollarında təyin olunmuş hədd aşılır və idarəetmə itirilir, ağır toqquşmalar baş verir.
2) Piyada keçidlərində üstünlüyün piyadaya verilməməsi və piyadların yeraltı-yerüstü keçidlərdən istifadə etməməsi qəzayla nəticələnir. Azərbaycanda qəzaların təxminən 40-45%-i piyadaların vurulmasıyla bağlıdır.
3) Ötmə və qarşı yola çıxma qaydalarının pozulması da ağır qəzalara səbəb olur.
4) Bəzi yolların kifayət qədər işıqlandırılmaması, yol nişanlarının görünməməsi, yaşayış məntəqələrindən keçən yollarda qoruyucu çəpərlərin olmaması qəza riskini artırır. Rəsmi statistikaya görə, qəzaların 40%-i gecə saatlarında və ya toran vaxtı baş verir.
5) Köhnə avtomobillərdə aktiv və passiv təhlükəsizlik sistemlərinin olmaması və ya nasazlığı kiçik qəzaların belə ölümlə nəticələnməsinə səbəb olur. Azərbaycanın avtomobil parkının böyük bir hissəsinin istismar müddəti 15-20 ili ötüb.
“Görünməz” səbəb – sürücülük vəsiqəsi
Ekspertlər hesab edirlər ki, faicəli halların əsas səbəblərindən biri statistikada əks olunmayan amildir. Bu “görünməz” amil sürücülük vəsiqəsinin qeyri-qanuni yollarla əldə edilməsidir. Vəsiqəni “satın alan” şəxs intahandan keçmək üçün lazım olan nəzəri bilikləri və praktiki vərdişləri mənimsəmir. Sürücü yolda hansısa kritik halla qarşılaşdıqda adekvat reaksiya verə bilmir. Çünki təlim keçmədiyinə görə onda bu vərdiş formalaşmayıb. Üstəlik, vəsiqənin qaydalar çərçivəsində əldə edilməməsi sürücülərdə məsuliyyət hissini azaldır.
Sükan arxasındakı şəxs qaydaları bilmirsə, onun çıxdığı yol həmişə təhlükəli olacaq. Bu baxımdan vəsiqənin satılması sadəcə bir sənəd alveri deyil, həm də yollarda ölüm riskinin satın alınmasıdır.
Mütəxəssislər vurğulayırlar ki, sürücülük vəsiqəsi həm də filtr rolunu oynamalıdır. Psixoloji cəhətdən sükan arxasına keçməyə hazır olmayan, diqqət dağınıqlığı olan və ya ekstremal hallarda özünü itirən şəxslər imtahandan kəsilməlidir.
Və nəhayət, Azərbaycanda qəza sayının azalmamasının bir səbəbi də “yol mədəniyyəti” anlayışının formalaşmamasıdır.
Problemi necə həll etmək olar?
Ekspertlər bildirirlər ki, Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayını azaltmaq kompleks yanaşma tələb edən bir məsələdir. Bura həm dövlət nəzarəti, həm infrastrukturun yenilənməsi, həm də sürücü və piyadaların məsuliyyəti daxildir.
Vəziyyəti yaxşılaşdırmaq üçün aşağıdakı işlərin görülməsi vacibdir.
İnfrastrukturun təkmilləşdirilməsi
Yolların dizaynı qəza riskinə birbaşa təsir edən amildir. Ona görə də səhvləri “bağışlayan” yollar konsepsiyasının tətbiqinə ehtiyac var. Yerüstü və yeraltı keçidlərlə yanaşı, eyni səviyyəli keçidlərdə işıqlandırma artırılmalı və “təhlükəsizlik adacıqları” qurulmalıdır.
Yaşayış məntəqələrində və məktəblərin yaxınlığında sürət həddinin endirilməsi (məsələn, 30 km/saat) qəza anında ölüm riskini kəskin azaldar. Köhnəlmiş və ya görünməyən yol nişanları yenilənməli, müasir işıqqaytarıcı boyalardan istifadə edilməlidir.
Sürücülük imtahanlarına nəzarət
Sürücülük imtahanları daha şəffaf və daha ciddi olmalıdır. Sürücülük məktəblərində yalnız nəzəriyyə deyil, ekstremal vəziyyətlərdə idarəetmə dərsləri də keçirilməlidir. Cərimələr həm də “tərbiyəvi” xarakter daşımalıdır. Xüsusilə sərxoş olmaq və qarşı yola çıxmaq kimi ağır qayda pozuntularına kompromissiz yanaşma olmalıdır. Köhnə və texniki cəhətdən nasaz avtomobillərin yola çıxmasına imkan verilməməlıidir.
Maarifləndirmə və mədəniyyət
Yol mədəniyyəti uşaq yaşlarından formalaşmalıdır. Yol hərəkəti qaydaları ibtidai siniflərdən etibarən interaktiv şəkildə tədris olunmalıdır. Təhlükəsizlik kəmərinin əhəmiyyəti, sükan arxasında telefondan istifadənin fəsadları barədə mütəmadi sosial çarxlar hazırlanmalıdır.
Yeni texnologiyaların tətbiqi
Müasir texnologiyalar insan faktorundan qaynaqlanan səhvləri minimuma endirir. Avtomobil yollarında hərəkətin avtomatik idarə olunması, sıxlıqların qarşısının alınması və qayda pozuntularının sutka ərzində avtomatik şəkildə qeydə alınması genişləndirilməlidir. Gecə qəzalarının sayını azaltmaq üçün şəhərlərarası magistral yolların (məsələn, Bakı-Qazax, Bakı-Astara) tam işıqlandırılması təmin edilməlidir.
“Politfm”



