Foto: UNİAN
Ukrayna Prezidenti Volodimir Zelenski ironik məzmunlu fərman imzalayaraq Rusiyaya mayın 9-da Qızıl Meydanda parad keçirməyə “icazə verib”.
Bu barədə BBC məlumat yayıb.
ABŞ Prezidenti Donald Trampın 9–11 may tarixlərini əhatə edən üçgünlük atəşkəs barədə bəyanatıyla eyni vaxtda yayımlanan fərmanda deyilir:
“Çoxsaylı müraciətləri nəzərə alaraq, 2026-cı il mayın 8-də Amerika tərəfi ilə danışıqlarda mənim tərəfimdən müəyyən edilmiş humanitar məqsədlərlə qərara alıram:
1. 2026-cı il mayın 9-da Qızıl Meydanda (Rusiya Federasiyası) paradın keçirilməsinə icazə verilsin”.
Ardınca Zelenski qeyd edib ki, mayın 9-u Kiyev vaxtıyla saat 10:00-dan etibarən “Qırmızı Meydanın kvadratı” Ukrayna silahlı qüvvələrinin tətbiq planlarından çıxarılacaq.
Bu bəndə “kvadratın” dəqiq koordinatları – Qızıl Meydanın bütün dörd küncünü də əlavə olunub.
Tramp özünün “Truth Social” sosial şəbəkəsində atəşkəs barədə bunları yazıb:
“Rusiya ilə Ukrayna arasındakı müharibədə ÜÇ GÜNLÜK ATƏŞKƏSİN (9, 10 və 11 may) tətbiq olunduğunu elan etməkdən məmnunam. […] Bu atəşkəs bütün hərbi əməliyyatların dayandırılmasını, eləcə də hər iki tərəfdən 1000 hərbi əsirin mübadiləsini nəzərdə tutur. Bu xahiş şəxsən mənim tərəfimdən irəli sürülüb və Prezident Vladimir Putinə və Prezident Volodimir Zelenskiyə bunu dəstəklədiklərinə görə minnətdaram” .
“Ümid edirəm ki, bu, çox uzun, qanlı və ağır müharibənin sonunun başlanğıcı olacaq” deyə, o əlavə edib.
Bundan az sonra Zelenski bildirib ki, Kiyev “1000-in 1000-ə” formatında əsir mübadiləsini Rusiyayla razılaşdırıb.
“Həmçinin mayın 9-u, 10-u və 11-də sükut rejimi təmin olunmalıdır. Ukrayna öz insanlarının Rusiya əsirliyindən qaytarılması üçün ardıcıl şəkildə çalışır. Komandamıza mübadilə üçün lazım olan hər şeyi operativ şəkildə hazırlamağı tapşırdım” – Zelenski sosial şəbəkə paylaşımında belə yazıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Trampın açıqlamasını şərh etməyib, Zelenskinin fərmanı barədə isə bunları deyib:
“Qələbə Gününə istehza etməyə çalışanların vay halına. Bu onun dərdidir. Bizə heç kimin icazəsi lazım deyil” (“life.ru”).
“Politfm”
.



